Girovlarımızın taleyinə beynəlxalq biganəlik

Girovlarımızın taleyinə beynəlxalq biganəlik
Novella Cəfəroğlu :"Sizi inandırım beynəlxq təşkilatlar Azərbaycandan gündə bir şey istəməkdənsə bu şəxslərin azadlığını təmin etsələr daha effektli olardı"

Ermənistan tərəfi girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevi açıq şəkildə geri qaytarmaqdan imtina edir və bu məsələni ciddi siyasi maraqlar üçün istifadə etməyə çalışırlar. Bu günlərdə hər iki girovun Dağlıq Qarabağ "Respublikası"nın məhkəməsinə müraciət etmələri ilə bağlı xəbərin yayılması da bunun təsdiqidir.
Hər iki girova ciddi təzyiqlər etməklə belə bir müraciəti ortaya çıxarır və rəy yaradırlar ki, artıq azərbaycanlılar Dağlıq Qarabağ separatçılarını bir dövlət kimi qəbul edirlər. Bu addımı atmaqla yanaşı hazırda çalışırlar ki, beynəlxalq qurumlar da onları bir tərəf kimi qəbul etsin. Azərbaycan tərəfi isə bütün imkanlardan istifadə edərək girovların azadlığa buraxılmasına çalışırlar.Bu məsələ dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Hazırda isə Avropa Şurası Parlament Assambleyasının Strasburqda başlayan qış sessiyasında Dağlıq Qarabağ məsələsi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü deputat Sevinc Fətəliyeva tərəfindən gündəmə gətirilib. S.Fətəliyeva AŞPA-da müzakirələr zamanı çıxış edərək qeyd edib ki, 25 ildən artıqdır ki, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü davam edir:
"Nəticədə 20 faiz ərazimiz işğal olunub, bir milyondan çox insan torpaqlarından qaçqın və məcburi köçkünə çevrilib, onların arasında valideyinlərini, bacı və qardaşlarını itirən uşaqlar, ailələrini itirən insanlar var. Bu gün torpaq həsrəti ilə yaşayan bu insanların hər birinin qəlbində bir arzu var: öz yurd-yuvalarına dönmək, ata-analarının, əzizlərinin məzarlarını ziyarət etmək. Məhz bu hissin gücü Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərə, öz ata-baba yurdlarını ziyarət etməyə sövq etdi. Həsən Həsənov öldürülüb, iki həmyerlimiz isə əsir götürülüb, onlara "cinayət işi" açılıb. Mövcud olmayan ölkədə qondarma "məhkəmə" Əsgərova ömürlük, Quliyevə isə 22 illik həbs cəzası kəsib".
Millət vəkili vurğulayıb ki, əğər insan haqları bütün beynəlxalq təşkilatların gündəmindədirsə və ən əsas məsələlərdən biri sayılırsa, onda nədən hələ də bu məsələ öz həllini tapmayıb:
"Separatçı rejimin girovlar üzərində məhkəmə qurması bütün hüquqi normaları pozur. Demək, Ermənistan heç bir qanun tanımır və ya bu qanunlara məhəl qoymur. Buradan bütün üzv ölkələri və AŞPA-nı Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, təşkilat qarşısında olan öhdəliklərə əməl etməyə məcbur etməyə cağırıram". Amma çox qəribədir ki, nə AŞPA, nə də Avropa Birliyi bu məsələyə ciddi bir reaksiya vermirlər. Müşahidəçilərin fikrincə beynəlxalq təşkilatların bu qədər biganəlik nümayiş etdirməsi sadəcə başadüşülən deyil. "Unikal"a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlunun dedikləri:" Beynəlxalq təşkilatların belə bir mövqe tutmalarını heç bir halda başa düşmək mümkün deyil. Bu qədər biganəlik nədən qaynaqlanır sualına cavab tapa bilmirik. Dəfələrlə mən və digər hüquq müdafiəçiləri hər iki girovun azadlığa buraxılması ilə bağlı AŞPA-ya, Avropa İttifaqına müraciətlər etmişik. Açıq şəkildə göstərmişik ki, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər iki şəxs Azərbaycan ərazisində olublar və məqsədləri əzizlərinin qəbirlərini ziyarət etmək olub. Buna görə onlar dərhal azadlığa buraxılmalıdırlar. Amma inandırım ki, yazdığımız məktublara belə cavab verilmir. Sizi inandırım beynəlxq təşkilatlar Azərbaycandan gündə bir şey istəməkdənsə bu şəxslərin azadlığını təmin etsələr daha effektli olardı. Azərbaycan tərəfinin isə bu təşkilatlara etibarı artar və əməkdaşlığı daha da dərinləşdirər. Təssüflər ki, bu baş vermir".Müşahidəçilər hesab edir ki, beynəlxalq təşkilatların belə mövqe tutmaları sadəcə olaraq Ermənistana ərköyün övlad kimi yanaşması ilə izahlanmalıdır. Ukrayna olayları baş verəndən sonra Dağlıq Qarabağ problemi və girovluqda olan iki vətəndaşımızın durumu tamam bu qüvvələr tərəfindən unudulub. Buna görə ekspertlər hesab edir ki, Azərbaycan hər iki vətəndaşla bağlı beynəlxalq təşkilatlara olan inamını itirməlidir və bu məsələni onların qarşısında şərt kimi qoymalıdır. Qeyd edək ki, bu günlərdə prezident İlham Əliyev Almaniyaya səfəri zaman beynəlxalq təşkilatlara sərt şəkildə mesajını verdi.

Toğrul Əliyev