Bahar Muradova:
Bahar Muradova: "Bütün provakasiyaları özlərinin başında çatlayacaq"

"Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycana qarşı hədələyici bəyanatları bu ölkənin daxilində baş verən hadisələrlə birbaşa bağlıdır". Sözügedən fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova işğalçı dövlətin rəhbərinin "Azərbaycana qarşı qabaqlayıcı tədbirlər görəcəyik" kimi səsləndirdiyi bəyanatına münasibətini bildirərkən deyib.
Bahar Muradova hesab edir ki, Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası ətrafında yaşanmış məlum insident bu ölkənin siyasi durumunda sözün həqiqi mənasında bir çaxnaşma yaratdı: "Əgər nəzərə alsaq ki, işğalçı dövlət hər dəfə daxili siyasi vəziyyəti öz xeyrinə dəyişmək və yaxud da diqqətləri ayrı yönə çəkmək üçün təmas xəttində provakasiyalara əl atıb, o zaman bu kimi halların bir neçə dəfə təkrarlandığını xatırlaya bilərik. Öz vətəndaşı qarşısında olan öhdəliklərini yerinə yetirə bilməyən, ölkəni dərin iqtisadi duruma salan, özünün müstəqil mövqeyi olmayan, istər daxili, istərsə də xarici siyasətində başqa maraqlara xidmət edən qərarlar qəbul edən Sarkisyanın hansı "siyasi təfəkkürə", "insani keyfiyyətlərə" malik olması hər dəfə aşkara çıxarılıb".
Vitse-spiker eyni zamanda, ermənilərin xoşbəxt xalq olmadığını da vurğulayıb: "Düşünürəm ki, ermənilər bədbəxt xalqdır. Hər zaman özlərini başqa xalqlar və dövlətlər tərəfindən təzyiqə məruz qaldıqlarını dünyaya çatdırmaq, sübut etmək üçün əslində, həmin təzyiqləri özləri-özlərinə təşkil ediblər. Savadsız, səriştəsiz, bacarıqsız rəhbərlərinin sayəsində çətin durumla üz-üzə qalan xalq kimi hələ də düşdükləri çərçivədən çıxa bilməyiblər. Narazı xalqın səsini boğmaq məqsədilə xırda, lokal döyüş səhnələri yaratmaqla, şoularla diqqətləri oraya yönəltmək bunların adətinə çevrilib".
"Hazırki hadisələrin Ermənistan-Azərbaycan sərhəddində baş verməsi burada hansısa məqsədlərin güdüldüyünün aşkar göstəricisidir"- deyə, qeyd edən Bahar Muradova bildirib ki, bəzi fikirləri diplomatik tərzlə, siyasi ifadələrlə söyləmək mümkün olduğu halda, Sarkisyan öz "təfəkküründən" çıxış edərək, Azərbaycanla hədə dilində danışmağa üstünlük verir: ""Azərbaycana qarşı qabaqlayıcı tədbirlər görəcəyik" nə deməkdir? Atəşkəsi pozmaq, sərhəddə insidentlər yaratmaq, dinc əhaliyə hücum, terror təşkil etmək həmin ifadələrdə öz əksini tapır. Yəni onun bəyanatlarının mahiyyəti bilavasitə təcavüzkar işğalçılıq siyasətinin əsas mahiyyətini ortaya qoyur".
Milli Məclisin vitse-spikeri Serj Sarkisyanın daha öncələr işlətdiyi bir ifadəsini xatırladaraq deyib ki, ən təcavüzkar, başqa ölkələrin ərazisinə iddia edən, bu və ya digər maraqlar güdən ölkə rəhbərinin, siyasətçisinin belə bu cür ifadələr işlətdiyinin şahidi olmamışıq: "Bir müddət əvvəl Ermənistan prezidenti söyləmişdi ki, biz Azərbaycanın inkişaf etmiş bölgələrini bir gündə xarabalığa çevirə bilərik. Ölkələri viran qoymaq, maddi, mədəni abidələri məhv etmək, insanlara qarşı soyqırım aktı törətmək, Xocalı hadisələrinin iştirakçısı olan Sarkisyanın xislətidir. O bu açıqlamaları ilə öz xislətini ortaya qoyub. Bu cür xislətlə özlərini sığortalaya bilməyəcəklərini yaxşı dərk etsinlər. Çünki Azərbaycan ordusu regionda ən güclü ordudur. Əgər onlar döyüş əməliyyatlarının bərpasından çıxış edərək belə fikirlər səsləndirirlərsə, əmin olsunlar ki, bütün provakasiyaları elə özlərinin başında çatlayacaq".
İntizarə Məmmədova