Arif Hacılı Qubad İbadoğlu ilə yenidən üz-üzə gəldi

Yeni başqan keçmiş rəqibini ittiham etdi, qarşı tərəf daha sərt cavab verdi

Müsavatda baş qaldıran alov yenidən ətrafa sıçramağa başlayıb. Son günlərə qədər tərəfdarları aracılığıyla savaş aparan Qubad İbadoğlu ilə Arif Hacılı indi özləri meydana çıxıblar.
"Unikal"ın məlumatına görə, Müsavatın yeni başqanı Arif Hacılı keçmiş rəqibinə qarşı sərt fiikrlər səslədirib. O bildirib ki, Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymayıb və bununla da daha da haqsız duruma düşüb.
A.Hacılı Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunu anti-müsavat kampaniyasının lideri olmaqda ittiham edib: "Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampaniyanın lideri olmamışdı. Ətrafındakı qrupla anti-müsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi".
Ancaq Qubad İbadoğlunun da cavabı çox gecikməyib. Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlu deyib ki, Arif Hacılının dedikləri yanlış yanaşmadır, hiss olunur ki, emosional yazılıb. Onun sözlərinə görə, artıq Müsavat rəhbərliyi partiya daxilində baş verənləri kiminsə üzərinə atmaqda israrlıdır: "Eyni zamanda, bu partiyanın son 4 ayda uğursuzluğundan ortaya çıxan bir nəticədir. İndiki halda da müsavatçıların partiyanın son 4 aydakı fəaliyyətindən narazı qaldıqlarını dərk etdikdən sonra günahı kiminsə üzərinə atmaq xəttini yeridirlər. Təkcə Arif Hacılı deyi, eləcə də Divan üzvlərinin belə statusları sosial şəbəkələrdə yayılır. Deyilənlər hamısı yalandır. Heç birinin əsası yoxdur, arqumentsizdir".
Qubad İbadoğlu dəfələrlə Müsavat Partiyası ilə birgə müzakirələrin keçirilməsi təşəbbüsünü verdiyini də deyib: "Ümumiyyətlə, qarşıdurmaların yaranmasında maraqlı deyiləm. Aqressiv yanaşmalar cəmiyyətdə suallar doğurur ki, nədən illərlə bir yerdə fəaliyyət göstərən adamlar, indi bir-birlərinə qarşı bu dərəcədə aqressivdirlər?! Təklif etmişəm ki, yanvar ayının 31-də Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə anım tədbirindən sonra Müsavat Partiyasının qərargahında yığışaq. Geniş formatda partiya üzvləri ilə açıq söhbət edək. Amma müzakirələrdən qaçırlar. Çünki müzakirələrdə arqumentli danışmaq imkanları yoxdur. Belə statuslarla ictimai rəyi çaşdırmaq istəyirlər. Qərarların qəbulunda biz iştirak etmirik, qərarların qəbuluna təsir imkanlarımız yoxdur. Bütün bunların məsuliyyətini özləri daşımalıdır. Hesab edirəm ki, bu istiqamətdə müzakirələr olmalıdır. Bu müzakirələr Müsavat Partiyasını düşdüyü böhrandan çıxara bilər. Təəssüflər olsun ki, geniş formatlı müzakirələr getmir. Onlar müzakirələri bağlı qapı arxasında aparmaq istəyirlər. Ancaq bunları deyə bilərəm".
Göründüyü kimi, Müsavatda Qubad-İbadoğlu ilə Arif Hacılı savaşı artıq açıq müstəviyə keçib. Bu isə yaxın günlərdə daha ağır ittihamların şahidi olacağımızı göstərir.

Qərib Gərayzadə