Müsavatdakı savaş təhlükəli səviyyəyə çatıb
Müsavatdakı savaş təhlükəli səviyyəyə çatıb

Müsavat Partiyası daxilində yaranan fikir ayrılıqları hər ötən gün daha da dərinləşir. Artıq proseslər fikir müxtəlifliyi müstəvisindən çıxaraq düşmənçiliyə çevrilir.
Bu barədə "Unikal"a açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi İlqar Altay deyib ki, Müsavat Partiyasındakı son olaylar bu qurumun daxilindəki illərlə yığılıb qalmış problemləri üzə çıxardı: "Müsavat Partiyası öz üzərinə ölkənin ilk demokratik siyasi partiyası missiyasını götürüb. Çalışır ki, bu demokratik imici saxlasın. Ancaq partiyanın qurultayı bütün ictimaiyyətə həmin imicin arxasında problemlər olduğunu göstərdi. Başqan seçkilərinin keçirilməsi indiyədək Müsavatda görünməmiş partiyadaxili narazılıqlar yaratdı. Hətta yüksək rəhbərlik səviyyəsində qütbləşmə baş verdi. Bunlar açıq şəkildə ictimailəşdi. Yeni rəhbərlik mümkün qədər çalışdi ki, ədalət və demokratiya adını saxlamaqla narazılara, haqlarını tələb edənlərə qarşı sərt tədbirlər görməsin. Çalışdi ki, hətta lider ağsaqqalları İsa Qəmbərin nüfuzu hesabına sakitliklə bu səs küylü etirazları sakitləşdirsin. Ancaq proseslər göstərdi ki, aradakı uçurum xoşluqla yoluna qoyulmayacaq və proses əksinə, partiyanın çöküşünə doğru təhlükəli yol alır. Bu halda yeni rəhbərlik narazılara qarşı cəza tədbirləri gördü".
İ.Altayın sözlərinə görə, partiyadakı çalxalanmanın dayanmadığını gördükdə narazıların lideri, qurultayda yeni başqan Arif Hacılının rəqibi olmuş, ölkə müxalifətində və partiyada yetərli qədər nüfuz sahibi olan Qubad Ibadoğlu sorğu-suala, bəlkə də mühakiməyə dəvət edilib. "Mənim bu barədə mövqeyim belədir. Hörmətli İsa Qəmbər ya gərək düzgün, ədalətli başqan seçkisi keçirilməsinə çalışaydı. Ya da ki, bunu heç keçirməyib özünə, partiyasına, müxalifət düşərgəsinə başağrısı yaratmayıb qalaydı başqanlıqda. Sadəcə, kənardan baxıb görmək lazımdı ki, bu qurultay bütün müxalifətin nüfuzuna nə qədər zərbə vurdu", - deyə müsahibimiz fikrini tamamlayıb.
"Unikal"ın məlumatına görə, analoji fikirləri Müsavat Partiyasının daxilindəki müxaliflər də bölüşürlər. Bu barədə açıqlama verən Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı deyib ki, partiyanı idarə edən ali orqanlardan biri olan Divana hansısa üzvün dəvət edilməsi əslində normal qəbul olunmalıdır. Amma onun sözlərinə görə, indiki məqamda Səxavət Əlisoy nümunəsindən sonra başqanlığa sabiq namizəd Qubad İbadoğlu və Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin Divana çağırılması belə fikir yaradır ki, onlar Divana xəbərdarlıq üçün çağırılıblar. Bu, təbii ki, üzücüdür. O bildirib ki, Divan partiyanın idarə edilməsi ilə məşğul olmalıdır və parlament seçkilərinə 10 aydan da az vaxt qaldığı bir dövrdə Divan partiyanın kursunu, xəttini müəyyənləşdirmək, real problemləri həll etmək əvəzinə, məhkəmə funksiyasını yerinə yetirir, partiyadaxili hansısa söhbətlərin həlli ilə məşğuldur: "O halda sual yaranır ki, əgər Divan bu funksiyanı öz üzərinə götürürsə, partiyada Mərkəzi Nəzarət Təftiş Komissiyası nəyə lazımdır? Digər tərəfdən, partiya daxilində barışıq mühitinin yaradılması, insanlara əl uzadılması, partiyanı gücləndirmək əvəzinə, belə addımlar, hədə-qorxular partiyanı daha da zəiflədir, daxildəki ayrılığı daha da gücləndirir" .
T.Abbaslı Q.İbadoğlu və E.Məmmədlinin Divana çağırılmasını həm də güc nümayişi kimi qəbul edir: "Sonra da durub deyəcəklər ki, biz Qubad İbadoğlu və Ellada Məmmədlini Divana dəvət etdik, başa saldıq, başa düşmədilər, indi isə partiyadan xaric edirik. İlk iclasda onlardan hansısa biri partiyadan xaric edilməsə də, prosesin nəticəsi ona gətirəcək. Qubad İbadoğlu, Ellada Məmmədli, yaxud sabah Vurğun Əyyubun Divana dəvət olunması və mətbuat vasitəsilə nümayişkaranə hansısa mesajların verilməsində məqsəd sabah atılacaq addıma zəmin hazırlamaqdır. Ona görə də onların Divana çağırılmasını məqsədəuyğun hesab etmirəm. Cəzalandırılmaq üçün dəvət olunurlarsa, bunu Mərkəzi-Nəzarət Təftiş Komissiyası da edə bilərdi. Yox, danışıb fikirlərini öyrənmək istəyirlərsə, bunu belə nümayişkaranə, hədə-qorxu şəklində etmək düzgün deyil. Ən azı partiyanın rəhbəri Arif Hacılı Qubad İbadoğlu və Ellada Məmmədlini görüşə dəvət edə bilərdi. Ona görə də Divanın bu addımını məqbul saymıram. Bütün bunlar üzücüdür. Parlament seçkiləri, partiyanın gücləndirilməsi kənarda qalıb, Osman Kazımovun deyimi ilə desək, partiyada təmizləmə siyasəti davam edir".
Qərib Gərayzadə