Divandan gələn xəbərdarlığa sərt təpki verildi
Divandan gələn xəbərdarlığa sərt təpki verildi

Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu və Partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədliyə xəbərdarlıq edilib.
"Unikal"ın məlumatına görə, bu barədə Divanın sonuncu toplantısında qərar qəbul olunub. E.Məmmədli Divanın iclasında iştirak edib və ona suallar ünvanlanıb. Belə ki, Müsavat Partiyasına qarşı fəaliyyətini nəzərə alaraq ona Nizamnamənin müvafiq bəndinə əsasən xəbərdarlıq olunub.
Bundan əlavə, Divanda Q.İbadoğlunun da məsələsi müzakirəyə çıxarılıb. Onun Divana gəlməməsi üzürsüz səbəbdən və saymazlıq kimi qiymətləndirilib. Ona xəbərdarlıq edilib ki, son olaraq Divanın növbəti iclasına qatılsın, iştirak etməsə, barəsində Nizamnaməyə uyğun qərar qəbul ediləcək.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Qadınlar Şurasının sədri Ellada Məmmədli Divanın xəbərdarlıq qərarını qərəzli sayır: "Onların xəbərdarlığı ondan ibarət idi ki, mən mövqeyimi dəqiqləşdirim - ya Azərbaycan Demokratiya və Rifah Hərəkatında qalım, ya da Müsavat Partiyasında. Mən də bildirdim ki, ADR ictimai hərəkatdır və siyasətə aidiyyəti yoxdur. Müsavat isə siyasi partiyadır və mən burada fəaliyyətimi davam etdirirəm. Qarşı tərəfin mənə olan ittihamlarının böyük əksəriyyəti ADR-lə bağlı idi. Deyirdilər ki, niyə sosial şəbəkələrdə Müsavat başqanına nalayiq sözlər yazanların fikirlərini bəyənirsiniz? Suallar çox anormal idi. Səxavət Soltanlı dedi ki, mən sosial şəbəkədəki profilimdə partiyanın qurultayının əleyhinə nə isə yazıram. Mən də bunu təkzib edərək bildirdim ki, sosial şəbəkədəki profil mənim özümə məxsusdur, Qadınlar Birliyinə yox".
Tanınmış tərcüməçi-yazar Nadir Qocabəyli "Unikal"a açıqlamasında bildirib ki, Azərbaycandakı siyasi partiyalar hələ də demoqogiya, dedi-qodu, tok-şou mövzularını xatırladan işlərlə məşğuldurlar: "Niyə filankəsi təriflədin, niyə filankəsə əyri baxdın, niyə FB-də filan şeyə "like" qoydun, ya da qoymadın? Bu rüsvayçılıqdır. Partiya üzvü olmaq o demək deyil ki, insanlar bütün fikirlərini, rəylərini rəhbərliklə razılaşdırmalıdırlar. Partiya üzvü nəinki rəhbərliyi tənqid edə bilməz, əksinə, bunu etməyə borcludur. Əks təqdirdə, hansı fikir azadlığından, demokratiyadan söhbət gedə bilər. Arif Hacılının əleyhinə səs vermək, onu sosial şəbəkələrdə tənqid etmək nizamnamə pozuntusu ola bilməz axı. Yaxud da partiya üzvü ola-ola hər hansı bir ictimai təşkilatın işində iştirak etmək nizamnaməyə zidd olmadığı halda, insanları Divana çağırıb, onlara sözün əsil mənasında divan tutmaq, məhkəmə qurmaq nə deməkdir axı?".
Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyir ki, Divanda guya üzürsüz səbəbdən iştirak etməməyim və buna görə mənə xəbərdarlıq olunması barədə qərarın əsası yoxdur: "Əvvəlcədən də məlumat vermişdim ki, Divana dəvəti qəbul etməyimə baxmayaraq, həmin gün iclasda iştirak etmək imkanım yoxdur. Buna baxmayaraq, hiss olunur ki, əvvəlcədən nə düşünüblərsə, planlaşdırıblarsa, o əsasda qərar qəbul ediblər. Onlar bununla sonrakı qərarlara zəmin hazırlayırlar. Fevralın 9-dan 16-na kimi Vaşinqtonda səfərdə olacağam və Divanın iki toplantısı da həmin müddətə təsadüf edir. Təbii ki, mən səfəri təxirə salmaq niyyətində deyiləm. Qarşı tərəfin yanaşması birtərəfli və qərəzlidir. Partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli ilə dünən Divanda aparılan müzakirələr də göstərdi ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradılmasının Müsavat Partiyasına heç bir aidiyyəti olmasa da, öz fəaliyyətsizliyini ört-basdır etmək istəyən, indiyə qədər ortaya bir nəticə qoya bilməyən rəhbərlik bizim məhsuldar fəaliyyətimizdən narahatdır və hədəf olaraq da hərəkatdakı fəallığımızın azaldılmasını seçib".
Onu da nəzərə çatdıraq ki, Qubad bəy sonda"Divanın son qərarı partiya idarəçiliyində sistemsizliyin olduğunu sübut edir: "Bir neçə ay əvvəl mənə partiyada ən yüksək vəzifələri təklif edənlər indi partiyadan kənarlaşdırılmağımla bağlı zəmin yaradırlar. Əgər Divanda qərarlar əvvəlcədən sifarişlə hazırlanmış qaydada qəbul olunursa, Nizamnamə normalarına istinad yoxdursa, Divan uzun illər fəaliyyət göstərən partiya üzvlərini məhkəmə kimi mühakimə və ittiham edirsə, o qurumdan istənilən qərarı gözləmək mümkündür. Bu qərar və bunun davamı olaraq veriləcək istənilən qərar partiyanın nüfuzuna ciddi zərbə olacaq. Demokratiya uğrunda mübarizə aparan istənilən partiya, o cümlədən Müsavat Partiyası öz qərarlarında demokratik normalara, Nizamnaməyə və Proqram müddəalarına əsaslanmalıdır", deyə fikrini tamamlayıb.
Qərib Gərayzadə