YAP-dan Əli Kərimliyə tutarlı cavab
YAP-dan Əli Kərimliyə tutarlı cavab

Aydın Mirzəzadə: "Bu adamlar hələ də Azərbaycanı yenidən özlərinin hakimiyyətdə olduğu illərə aparmaq xəyalı ilə yaşayırlar"

Məlum olduğu kimi, AXCP sədri Əli Kərimli KİV-ə müsahibə verib. O, Azərbaycan iqtisadiyyatı ilə bağlı bir sıra statistik rəqəmlər açıqlayıb və hökuməti islahatlara səsləyib. AXCP sədrinin bu açıqlamalarına cavab gecikməyib.
YAP İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, Azərbaycanda ÜDM-in ildən-ilə artdığı, əhalinin sosial müdafiəsinin gücləndiyi, infilyasiyanın çox kiçik olduğu halda, bütün məsələlərə qara eynəklə baxmaq bu adam üçün adi hala çevrilib: "Vətənpərvərlik hissi yad olan, reallıqdan uzaq insanlar üçün mövcud vəziyyəti pis formada təsəvvür etmək bunların gündəlik həyat tərzinə çevrilib. Ölkəmizin iqtisadi modeli, siyasi stabitlik yaratmaq sahəsindəki uğurları başqa dövlətlərə nümunə olduğu halda radikal müxalifət Azərbaycanda vəziyyətin gərginləşməsini arzulayır və bu istiqamətdə daim işlər aparır. Əli Kərimli çox arzu edərdi ki, vəziyyət məhz onun təsvir etdiyi kimi olsun. Şübhəsiz ki, bu insan xarici havadarları ilə görüşdüyü zamanlar, və yaxud da hansısa müsahibəsində Azərbaycanı məhz belə təqdim edir".
Aydın Mirzəzadə həmçinin, ölkədə aparılan uğurlu islahatları Əli Kərimlinin öz həyatında, öz üzərində hiss etməyə çağırıb: "Ölkə Prezidentinin ölkəmizin bütün sahələrində həyata keçirdiyi uğurları ən azından Əli Kərimli bir vətəndaş kimi gündəlik həyatında görməyi bacarmalıdır. Şəhər və kəndlərdə infrastruktur layihələrinin həyata keçirilməsi, əhali üçün yeni iş yerlərinin açılması, stabillik, vətəndaşların təhlükəsizliyinin qorunması, maaşların, müavinətlərin, pensiyaların mütəmadi artırılması məgər uğurlarımızın göstəricisi deyilmi? Belə olan halda, bu insanın və onun ətrafında olan mətbu orqanların Azərbaycan haqqında mənfi rəy söyləməsi ya özünü daxilən sakitləşdirmək cəhdidir, ya da xaricdən maliyyələşdiyi mərkəzlər qarşısında verdiyi növbəti hesabatlardır".
YAP rəsmisi AXCP sədrinin özünə qarşı "təxribat" törədiləcəyi barədə iddialarının həqiqətə uyğun fikir olmadığını deyib: "Ona qarşı hər hansı bir təzyiq ola bilməz. Çünki Azərbaycanda fərqli fikrin söylənilməsinə görə hər hansı bir təzyiq elementi yoxdur. Sözügedən müsahibə bir daha göstərir ki, radikal müxalifət ölkəmizdə inkişafı, yeniləşməni qəbul etmir. Bu adamlar hələ də Azərbaycanı yenidən özlərinin hakimiyyətdə olduğu illərə aparmaq xəyalı ilə yaşayırlar. Cəmiyyətin mütləq əksəriyyətinin ölkə başçısının siyasətinə dəstək verdiyi üçün onların arzuları heç vaxt reallaşmayacaq".