Almaniyadan Azərbaycana jest
Almaniyadan Azərbaycana jest

Merkel bir daha Azərbaycanın rolundan danışdı

Prezident İlham Əliyevin Almaniyaya səfərindən sonra Azərbaycan-Avropa münasibətlərində ciddi irəliləyişlər müşahidə olunmağa başlayıb. Bu səfərdən öncəyə qədər Avropa-Azərbaycan münasibətlərində bir sərinlik müşahidə olunurdu və erməni lobbisi bu sərinliyi ciddi konfliktlərlə əvəzləməyə çalışırdılar.

Bu məqsədlə AŞPA, Avropa ittifaqı kimi təşkilatların da imkanlarından istifadə olunurdu. Həmçinin artıq məlum idi ki, Rusiya məsələsi AŞPA-da müzakirə olunacaq və müəyyən qadağalar tətbiq ediləcəkdi. Əksəriyyətin isə gözü Azərbaycanın tutacağı mövqedə idi. Çünki Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qəbul etsə də Rusiyaya qarşı sanksiyalarda iştirak etməyəcəyi bəlli idi və bu bir sıra beynəlxalq təşkilatları qıcıqlandırırdı. Hətta ciddi şəkildə Azərbaycanı Rusiya-Ukrayna qarşıdurmasının içinə atmağa cəhdlər də oldu. Amma İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan Ukrayna və Rusiya ilə müttəfiqdir və Azərbaycanın öz tutduğu mövqe var. Bu mövqedən isə sözsüz ki, imtina oluna bilməzdi. Bütün bunlar isə mövcud gərginliyi daha da dərinləşdirirdi. Amma İlham Əliyevin Almaniya səfəri çox problemləri yoluna qoydu. İlk növbədə İlham Əliyev beynəlxalq qurumlara bir daha sübut etdi ki, Azərbaycanla təzyiq dilində danışmaq heç bir nəticə verməyəcək.Azərbaycan Avropa İttifaqı ilə yanaşı Avrasiya İttifaqından da bəlli məsafədə kənarda dayanacaq. Yəni güclərin savaşında istifadəyə imkan yaradılmayacaq. Bununla yanaşı İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan Avropadan çox şey gözləsə də Avropa bu gözləntiləri doğrulda bilmir:" Sonuncu dəfə burada olduğum müddətdən bu yana çox şey dəyişib. Təsəvvür edə bilməyəcəyimiz yeni təhdidlər yaranıb. Onlar artıq regional deyil, qlobaldır. Qeyri-sabitlikdən doğan və ola bilsin ki, yerli və ya regional sayılan məsələlərin vaxtında həll edilməməsinə görə Avropada dəhşətli hücumların şahidi oluruq".
Dövlət başçısı qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin regional olmasına baxmayaraq, onun təsiri coğrafi və metodoloji baxımından daha irimiqyaslıdır:
"Əgər bu münaqişə barədə danışılmasa və o, beynəlxalq hüquq normaları əsasında həll edilməsə, belə yanaşmanın dünyanın digər yerlərində də tətbiq ediləcəyinə hazır olmaq lazımdır. Beynəlxalq hüququn müxtəlif ölkələr tərəfindən öz maraqları üçün şərh edilməməsi də vacibdir. Onlar yazıldığı kimi şərh olunmalıdır: BMT-nin Nizamnaməsində, ATƏT-in və digər beynəlxalq təşkilatların sənədlərində beynəlxalq hüquq prinsiplərinin prioritetləri barədə dəqiq anlayışlar mövcuddur.
Onların hamısına əməl olunmalıdır və bu halda ikili standartlardan yaxa qurtara biləcəyik. Və bu da vacibdir ki, regionumuzda yeni münaqişələrin yaranması risklərindən xilas olacağıq və ya bu riskləri azaldacağıq". Prezident bunu da bildirdi ki, Avropa Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropaya o qədər lazımdır. Bununla da açıq şəkildə mesaj verdi ki, Azərbaycanla təzyiq dilində danışmağa son verilməlidir. Nəticə isə artıq göz qabağındadır. Avropada ciddi nüfuza sahib olan Almaniya artıq Azərbaycanın strateji müttəfiqi kimi hərəkət edir və bu ölkənin kanslerinin verdiyi son açıqlama da unudulmamalıdır. Belə ki, Almaniyanın kansleri Angela Merkel Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla keçirdiyi birgə mətbuat konfransında Avropanın enerji təchizatında Azərbaycanın rolundan danışıb.
O bildirib ki, Macarıstan bir sıra digər Avropa ölkələri, o cümlədən Almaniya kimi Rusiyadan enerji məsələsində çox asılıdır. Buna görə də Avropa daxilində çoxşaxəli kəmərlər çəkilməli, enerji daşıyıcılarını əks istiqamətdə nəql etmək imkanları yaradılmalıdır.Kansler deyib: "Nabucco" iflasa uğradı, "Cənub axını" isə qeyri-müəyyəndir. Bu baxımdan Azərbaycandan çəkiləcək Trans Anadolu (TAP) qaz kəməri layihəsi reallaşarsa Macarıstan enerji mənbələrini müxtəlifləşdirəcək." Merkel bununla bütün Avropaya bir daha mesaj verib ki, Qərbin enerji təhlükəsizliyi məhz Azərbaycanın həyata keçirtdiyi siyasətdən çox aslıdır və Azərbaycan bu günə qədər üzərinə düşən öhdəlikləri yerinə yetirib. Hesab etmək olar ki, Merkelin bu açıqlaması davamlı olacaq və Azərbaycan-Avropa münasibətlərində yeni mərhələ başlayacaq.
Onun sözlərinə görə, Almaniya Avropa İttifaqının heç bir üzvünün enerji mənbəyindən asılı olmayacağına çalışacaq. Aİ daxilində elə şəbəkə qurulmalıdır ki, bütün üzv dövlətlərin mövcud enerji mənbələrinin hamısına çıxışı olsun. Bunun üçün sərmayə imkanları da mövcuddur.
Toğrul Əliyev