İnsanın hüquq və azadlıqlarının genişliyi onun yaşadığı dövlətin və cəmiyyətin mənafeyinin sərhədləri qədərdir
İnsanın hüquq və azadlıqlarının genişliyi onun yaşadığı dövlətin və cəmiyyətin mənafeyinin sərhədləri qədərdir

İlqar Altay: "Azərbaycanda dövlət rəhbərliyinin iradəsi ilə son illər bu istiqamətdə bir sıra addımlar atılır. Ölkədə ictimai-siyasi mühitin təkmilləşməsi üçün həm qanunvericilik, həm də inzibati qaydada təşəbbüslər var"

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, siyasi maarifləndirmə, vətəndaşların ictimai-siyasi proseslərdə aktiv iştirakının təmin olunması üçün mütəmadi olaraq iş gedir. Vətəndaş cəmiyyətinin nümayəndələrinin bu istiqamətdəki fəaliyyəti müsbət dəyərləndirilməlidir. Ölkədə insan hüquq və azadlıqlarının vəziyyəti, bu istiqamətdə görülən işlər və perspektivlə bağlı "Unikal"a müsahibə verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil tədqiqatçı İlqar Altay bir sıra maraqlı məqamlara toxunub.
- İlqar müəllim, dünyada insan haqları ifadəsinin ölçü meyarı barədə daim diskussiyalar gedir. Bu barədə sizin fikriniz maraqlı olardı. Bu barədə nə düşünürsünüz?
- Ümumiyyətlə, insan haqlarının qorunması üzrə dünyada konkret standart mövcud deyil. Ola da bilməz. Bu anlayışın dəyəri hər bir ölkənin, cəmiyyətin ümumi mental durumundan çox asılıdır. Bəzən bir ölkədə insanın təməl haqqı sayılan bir azad hərəkət, digər ölkədəki toplum, cəmiyyət tərəfindən qəbul olunmur. Məsələn, Qərbdə fərdlər öz xristian peyğəmbərlərinin karikaturasını azad şəkildə yaya bilir. Bunun üstündə onu müəyyən dairələr sadəcə məzəmmət edə bilər. Ancaq gəlin görək, hətta sivil inkişaflı islam ölkəsindəki fərd bunu öz peygəmbərinə qarşı etsə nə baş verər. Yəni, insanın hüquq və azadlıqlarının genişliyi onun yaşadığı dövlətin və cəmiyyətin mənafeyinin sərhədləri qədərdir.
- Belə cıxır ki, müxtəlif ölkələrdə dövlət və cəmiyyətin fərdlərə verdiyi sərbəstlik meydanı müxtəlifdir?
- Tamamilə doğrudur. Burada ikinci şərt isə, dövlətin insan haqları və azadlıqlarına yaratdığı şəraitin məhdudluğudur. Bunu da ya, şimali Koreya kimi ölkələrdə dövlət totalitar diktatura və qadağalar quraraq insanların təməl hüquqlarını qəsdən pozur. Digər bəzi ölkələrdə isə, mövcud regional, geosiyasi durumdan asılı olaraq, kənar təsir və təzyiqlər altında ya müharibə şəraitində yaşayan dövlətlər müəyyən dövr üçün öz vətəndaşlarının hüquqlarını məhdudlaşdırmalı olur. Bu fövqəladə tipli hallara da tarixdə hətta indi ən demokratik dövlətlərdə də rast gəlinib.
- Azərbaycanda insan haqlarının qorunması sahəsində vəziyyəti necə dəyərləndirərdiz?
- Azərbaycan yeni qurulmuş, təzəcə ayaq üstə durmuş, çətinliklə də olsa, öz gücünə inkişaf tapıb irəliləyən dövlətdir. Müstəqillik əldə edəndən sonra müharibə və işğal şəraiti yaşayır. Bir sıra böyuk fövqəl dövlətlərin dartışma məkanıdır. Bu illərdə demokratiya, insan hüquq və azadlıqları istiqamətində bir sıra qanunverici aktlar qəbul olunub. Bu istiqamətdə müəyyən müsbət addımlar atılır. Ancaq fikrimcə, bu sahədə hələ böyuk işlər görülməlidir. Xüsusilə də, korrupsiya, məmur ozbaşınalığı, həm də idarəetmənin müxtəlif sahələrindəki ədalətsizliklərin yox edilməsi istiqamətində bir sıra addımlar atılmalıdır.
- Azərbaycanda QHT sektorundakı vəziyyət barədə nə deyə bilərsiz?
- Ölkəmizdə QHT sektorunun genişliyi, onun fəaliyyətinin tənzimi üçün xüsusi qanunvericiliyin olması, əksər hallarda qeydiyyat probleminin olmaması və ölkədəki QHT aktivliyi müsbət haldır. Ancaq, QHT sektorunun fəaliyyət dolğunlugu və bu sahənin dövlət və vətəndaş cəmiyyəti üçün keyfiyyət gostəricisi barədə müsbət fikir söyləmək çətindir. Bu da ondan irəli gəlir ki, ölkədəki əksər QHT-lər sırf öz mənfəətlərini güdürlər, ikincisi də icraçı rolunda öz donorlarının sifarişini yerinə yetirirlər. Baxırsan ki, bizim QHT sektoru fəaliyyət və mahiyyətcə sanki ölkədə iki qütbə bölünüb. Bir qütb antihökumət, digər qütb isə əksinə həddən artıq hökumətyönlü mövqedədir. Bunun da güman ki, əsas səbəbi bir qütbün xarici, digər qütbün isə hökumətyönlü mənbələrdən maliyyələşməsidir. Neytral və əsl ictimai mövqedən cıxış edən, həqiqi müstəqil QHT-lər cox azdır. Əslində isə əsl QHT-lər tam müstəqil xeyirxah, təmənnasız mövqedə olmaları üçün yalnız öz xüsusi mənbələri hesabına maliyyələşməlidirlər. Belə bir mənbə yoxdursa, onların fəaliyyəti, keyfiyyət əmsalı həmişə şübhə doğuracaq.
- Maraqlıdır, bəs burada cıxış yolunu nədə görürsünüz?
- Mənim şəxsi fikrim belədir ki, burada qanunvericilikdə yenilik olmalıdır. Yeni qeydiyyata alınan ictimai təşkilat təsisçiləri müəyyən olunmuş miqdarda öz maddi-maliyyə imkanlarını göstərməlidirlər. Məsələn, fəaliyyətə başlamaq istəyən banklar kimi. Əslində, ictimai qeyri-hokumət fəaliyyəti xalq və vətən üçün könüllü xeyirxahlıq məqsədlidir. Kifayət qədər imkanı olmayan, özünü qurub tənzim edə bilməyən insan, təşkilat bu missiyanı necə edə bilər? Ondan bundan alınan maliyyə hesabına imkansız təşkilat birinci növbədə öz maddi yaşayış durumunu təmin etmək istəyəcək. Korporativ maraqlar güdəcək və nəticədə təşkilat mənfəət güdən şirkət xarakteri daşıyacaq. Belə bir qurum isə xalqa və dövlətə çətin ki, nəsə versin, humanitar mövqe tutsun.
- Sizcə, milli donorların fəaliyyətə başlaması QHT-lərin həyatında hansı dəyişikliklərə səbəb oldu?
- Bunun əsas xeyri o oldu ki, yuxarıda dediyim o xaricdən maliyyələşən qütbə qarşı yeni bir qütb yarandı. Bu da ölkənin QHT mühitində heç olmasa, milli mənafe baxımından müəyyən tarazlıq yaratdı.
- QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsinə münasibətiniz necədir?
- İctimai sektorun yaranışı və inkişafı demokratiyanın atributudur və təbii ki, sivil dünya, Avropa dəyərlərinə uygundur. Azərbaycanın da Avropaya, Qərbə doğru inteqrasiya yolu birinci növbədə ictimai sektorun inteqrasiyasından başlayır. Bu gün bütün sahələrdə beynəlxalq əməkdaşlıq yolu seçən Azərbaycanın QHT sektorunun da beynəlxalq təşkilatlarla münasibət qurması müsbətdir. Ancaq söhbət düzgün münasibətdən gedir, vətən və dövlət üçün yaramaz münasibətdən yox. Söhbət o beynəlxalq təşkilatlarla əməkdaşlıqdan gedir ki, onlar sırf olaraq ictimai mövqe tutur, yəni, heç bir siyasi və ya iqtisadi motivsiz təşkilatlardır. O beynəlxalq təşkilatlar ki, hansısa siyasi, rasional sifariş yerinə yetirmədən sırf bəşəri, insani, xeyirxah funksiya daşıyırlar və bizim QHT-lərimiz də onlarla əməkdaşlıqda öz vətəninin, dövlətinin mənafeyinə xələl gətirə biləcək dalana dirənmirlər.
- Ancaq, bununla belə son dövrlər bir sira QHT-lərimizin beynəlxalq təşkilatlarla yüngül desək, şübhəli əməkdaşlığı üzə cıxdı...
- Doğrusu, bizdə son zamanlar artıq belə bir təsəvvür formalaşır ki, xarici təşkilatlarla, donorlarla əməkdaşlıq ölkəmizin mənafeyinə ziyan hesabına baş tutur. Bu, əslində belə deyil. Əksər xarici təşkilatlarla dövlətin, vətənin mənafeyini qorumaq və əməkdaşlıq etmək tamamilə mümkündür. Öz ölkəsinin mənafeyini üstün tutmaq və eyni zamanda qarşı ölkənin dəyərlərinə açıq hörmətlə yanaşmaq, xalqlar, ölkələr dostlugu mövqeyində durmaq beynəlxalq dairələrdə daha çox rəğbət gətirən amildir. Heç ola bilməz ki, özünə, vətəninə hörmət qoymayan kimsəyə sayğı göstərilsin.
- Prezident siyasi sistemdə islahatların aparıldığını vurğulayır.Siyasi maarifləndirmə işinin real vəziyyətini necə dəyərləndirirsiz?
- Azərbaycanda dövlət rəhbərliyinin iradəsi ilə son illər bu istiqamətdə bir sıra addımlar atılır. Ölkədə ictimai-siyasi mühitin təkmilləşməsi üçün həm qanunvericilik, həm də inzibati qaydada təşəbbüslər var. Bununla belə, ölkədə əksər çoxluğun, sıravi insanlarımızın siyasi dünyagörüşü qaneedici deyil. Dünyada, regionda və hətta ölkədə cərəyan edən hadisələri duyma və düzgün analiz etmə imkanı elə də yüksək deyil. Məsələn, 20 il zaman bizə kifayət etməyib nəticə cıxaraq ki, Qarabağı bizlər ermənilərə yox, böyük Rus İmperiyasına uduzmuşuq. Hətta indi Gürcüstanda, Ukraynadakı separatizm belə bizi konkret nəticəyə yönəldə bilmir ki, postsovet məkanındakı bu problemlərə səbəb Rusiyanın hegemonçuluq maraqlarıdır. Almaniya kansleri Merkel Qarabağ probleminin Rusiyaya bağlı olduğunu yüksək tribunadan xatırlatdı.
- Belə anlaşılır ki, Qarabağ münaqişəsi məsələsində artıq siyasi baxış bucağının dəyişməsi vaxtıdır...
- Təbii ki, vaxtıdır. Ən azı ictimaiyyətin etiraz addımları səviyyəsində dəyişməlidir. Adətən hər bir ölkədə vətəndaş cəmiyyəti, ictimai təşkilatlar, sıravi əksəriyyət milli mənafe məsələsində dövlət aparatından, hökumətdən daha çox mübarizlik və radikallıq göstərir. Bu təbiidir. Cünki hökumət məsul funksiya yerinə yetirir, öz etirazını dünyada qəbul olunmuş diplomatik çərçivələrdə biruzə verə bilir. Bizdə isə vətəndaş cəmiyyəti nəinki irəli cıxır, bəzən vacib hadisələrə reaksiyada geri qalır. Bir neçə il əvvəl Qərbin təzyiqi ilə qardaş Türkiyənin Ermənistanla sərhəddi açması niyyəti elan olunanda bizim vətəndaş cəmiyyətimiz buna lazımi reaksiya verməkdə gecikdi. Azərbaycan prezidenti isə, xatırlayırsınızsa o zaman daha radikal mövqe tutdu. Türkiyəyə qarşı açıq etirazını bildirdi. Buna etiraz olaraq İstambulda keçirilən, Obamanın iştirak etdiyi dünya Mədəniyyətlər İttifaqı sammitinə belə qatılmadı. Nəticədə Türkiyə bu ermənipərəst fikirdən daşındı. Bütün bu kimi misallar bizim siyasi maariflənməmizdə problem olduğunu göstərir.