Dünyanın "neft gündəmi"
Dünyanın "neft gündəmi"

Vəziyyət düzəlir, yoxsa yeni fırıldaq başlanır?

Xam neftin son vaxtlar qismən, asta-asta bahalaşması ABŞ-ın geosiyasi maraqlarına cavab vermədiyindən Vaşinqton cavab tədbirlərinə əl atmağa başlayıb. Rusiya, Venesuela, Səudiyyə Ərəbistanı, İran kimi büdcə gəlirlərinin əksər hissəsi məhz neft satışı pullarından ibarət ölkələrə çox effektiv təsir vasitəsinə çevrilmiş qiymət ucuzlaşmasını OPEK son həftələrdə dayandırmağa çalışır, ən müxtəlif variantlar nəzərdən keçirilir.

Səudiyyə Ərəbistanı hasilatı artıraraq xam neftin qiymətinin daha da ucuzlaşmasına nail olmaq və bununla da ərazisində şist neftinin istehsal həcmlərini yüksəldərək neft idxalını azaldaraq Səudiyyə Ərəbistanından asılılıqdan qurtulmaq, həm də geosiyasi məqsədlərini təmin etmək və "cəza dəyənəyi"ni gücləndirmək istəyən ABŞ ərəblərin davranışından narazı qalmışdı.
İlk baxışdan amerikalılar bütün vasitələrdən yararlanaraq ucuzlaşmanı dayandırmalıydılar.
Amma bu, durumun çox sadəlövh interpretasiyası olardı və Vaşinqton belə primitiv oyunlar aparmır.
Ağ Ev həmişə çoxgedişli, zahirən paradoksal və məntiqsiz təsir bağışlayan qərarlar verir, az sonra, yəni iş işdən keçəndən sonra bilinir ki, amerikalılar ərəblərin "mümkün qədər ucuzlaşdırma" strategiyasına qarşı "ucuzlaşdırmaya qarşı ucuzlaşdırma" taktikası seçiblər.
Planın həyata keçirilməsinə başlanıb. Əvvəla, dünyanın ən böyük neft-qaz şirkətlərindən biri, ABŞ-ın "Chevron" korporasiyası Pensilvaniya ştatındakı əməkdaşlarının 23 faizini ixtisar edəcək.
Şirkət bu il üçün nəzərdə tutduğu kapital qoyuluşlarını 13 faiz azaldaraq 35 milyard dollara çatdıracaq.
Bundan başqa, ABŞ-da 1980-ci ildən bəri neft-qaz hasilatı sahəsində ən böyük etiraz tətili başlanıb.
Tətildə ölkənin ən iri neftayırma müəssisələrinin 3800-ə yaxın əməkdaşı iştirak edirlər. Onlar dünya bazarlarında xam neft və təbii qazın ucuzlaşmasını əsas gətirərək maaşları azaldan rəhbərliyin qərarını pisləyir, maaşlarının artırılmasını tələb edirlər.
Aksiyanın başlanmasına ölkədə 230-dan artıq neftayırma və kimya müəssisələrini, habelə boru kəmərlərinin işçilərini birləşdirən Metallurgiya Sənayesi İşçilərinin Birləşmiş Həmkarlar Təşkilatı qərar verib.
Müddəti ötən bazar günü başa çatmış kollektiv əmək müqaviləsinin vaxtının daha 3 il uzadılması ilə bağlı danışıqlar yanvarın 21-də başlansa da, hələ başa çatmayıb. Danışıqlarda "Exxon Mobil" və "Chevron" korporasiyalarının da maraqlarını təmsil edən "Royal Dutch Shell"in təklif etdiyi artıq 5-ci müqavilə variantını həmkarlar təşkilatı qəbul etməyib.
"Əməkdaşlarının iş şəraitlərini könüllü yaxşılaşdırmaq üçün neft şirkətlərinin rəhbərləri çox yalançı, tamahkardır. Onlar gəlirləri insanların sağlamığı və təhlükəsizliyindən üstün tuturlar", - həmkarlar təşkilatının vitse-prezidenti Tom Konuey deyib.
Etiraz tətilinə çıxanlar maaşların artırılmasını, iş vaxtından sonra çalışmağın vaxtının azaldılmasını, subpodratçıların rəqabətindən müdafiəni tələb edirlər.
Fəhlələrin işə çıxmadıqları neftayırma zavodları Kaliforniya, Texas, Kentukki və Vaşinqton ştatlarındadır. "LyondellBasell", "Marathon Oil", "Shell" və "Tesoro" şirkətlərinə məxsus olan bu zavodlar ABŞ-dakı neft emalının 10 faizini təmin edirlər.
Tətil istehsal həcminin azalmasına səbəb olub.
Tətil və "Chevron"un ixtisarları düyna neft bazarında gərginliyi artırıb. Neft satan ölkələr hasilata nəzarəti gücləndirmək, satışdan azalan pulları, ümümiyyətlə, qəpik-quruşa çevirməmək üçün qabaqlayıcı addımlar atmaq məcburiyyətində qalıblar.
"Öldü var, döndü yoxdur" prinsipi ilə hərəkət edən və sutkalıq neft hasilatını əsla azaltmayacağını bəyan etməkdən usanmayan Səudiyyə Ərəbistanı, əslində, hasilatı azaltmağa başlayıb.
Amma sakitcə, gizlicə, etiraf etmədən və bu barədə xəbərləri "yalan, şayiə, əsassız məlumatlar" adlandırmaqla.
Dünən durum yenə dəyişib. Vaşinqton ölkənin neft hasilatı strukturlarında kontrol imkanlarını dəqiq hesablamadığından geriyə hərəkət başlayıb və yaşananlar ABŞ-ın öz maraqlarına qarşı işləməyə başlayıb.
Belə ki, şist nefti vasitəsilə ərəblərin neftinə alternativ mənbə əldə etdiyini vurğulayan Birləşmiş Ştatlar "qara qızıl"ın ucuzlaşması nəticəsində şist yataqlarından neft hasilatının maya dəyərinin satış dəyərindən bahalı olduğunu gördü.
Şist nefti və qazının hasilatı ilə məşğul olan, Texas ştatında yerləşən "WBH Energy" şirkəti iflasa uğradığını bildirərək bağlanıb.
Ölkənin ən böyük neft-servis şirkəti "Schlumberger" isə 9 min əməkdaşını ixtisar etməyə hazırlaşır.
ABŞ prezidenti Barak Obamanın ölkədəki neft və qaz yataqlarında metan tullantılarının iki dəfə azaldılması barədə göstərişi isə Birləşmiş Ştatlardakı neft hasilatçılarına yeni zərbə sayılır.
Bazarlarda isə neft bahalaşmağa başlayıb. Son iki sutka ərzində "qara qızıl"ın qiymətlərində 8 faizlik artım müşahidə olunur.
Adətən, belə vəziyyət neftin hasilatı və ya nəqli ilə bağlı texnogen fəlakət, böyük qəza zamanı müşahidə olunur. Belə qəza yoxdur, amma neft bahalaşır.
Situasiyanın iki səbəbi olduğu vurğulanır:
1) ABŞ-da neft buruqlarının sayı son 5 ildə minimuma çatıb, şirkətlərin bağlanması davam edir, tətillər dayanmır
2) Çin rəhbərliyi ölkədəki neftayırma zavodlarına xammal ehtiyatlarını artırmağı tapşırıb.
Səbəblərə nəzər salaq.
Dünya bazarında neftin qiymətləri ilə bağlı neqativ dinamika başlanan gündən bəri ABŞ-da buruqların sayının azalması sürətin "qara rekordu"nu vurur. Son həftədən 90 buruqda hasilat dayandırılıb və bu da son iki ayda işlək buruqların sayının 1929-dan 1543-ə düşdüyünü göstərir.
Yəni işlək buruqların sayında 24 faizlik azalma var.
Maraqlı vəziyyətdir: buruqların sayının azalması bu vaxtadək qiymətlərə heç vaxt təsir etməmişdi, indisə təsir formaları dəyişib. Üstəlik, fəaliyyət göstərən buruqlardan sahibləri maksimum hasilat əldə etməyə çalışırlar.
Deməli, 1-ci səbəb ağlabatan deyil.
2-ci səbəbə gəldikdə isə, söz yox, Çində zəruri xam neft ehtiyatlarının həcmi az deyil. Amma dünya miqyasında sutkalıq neft istehlakının orta hesabla 90 milyon barrel olduğunu nəzərə alsaq, "Səmaaltı imperiya"nın ehtiyatları o qədər də böyük rəqəm təsiri bağışlamır.
Ona görə də neftin qiymətlərində 8 faizlik artımı əsaslandırmaq üçün 2-ci səbəb də yararlı sayıla bilməz.
İki səbəbin orta təsirinin multiplikativ effekti də yetərli deyil. Məsələn, Londondakı "Energy Aspects"in analitiki Amrit Sen deyir: "Bazarlarda "Brent" markalı neftin qiyməti son aylar 40-50 dollar arasında ləngər vurduğundan qlobal miqyasda xam neft ehtiyatlarının artması qiymətləri az sonra daha da ucuzlaşdıra bilər".
Qiymətlərin qəfil təsiri birjalardakı kiçik və orta klerklərin fəaliyyətinin məcmusu yox, böyük siyasi gücün, daha konkret olsaq, ABŞ-ın duruma təsiri və müdaxiləsidir.
Birləşmiş Ştatlar başladığı oyunu məntiqi sonluqla başa vurmaq, ucuzlaşma və ya bahalaşmanın olmasına rəğmən, bütün hallarda "marj koll" qismində gəlir əldə etməyə çalışır.
Artımla bağlı Səudiyyə Ərəbistanı və ABŞ-ın susmaları, şərhlərdən boyun qaçırmaları da təsadüfi sayıla bilməz.
...Bu həftənin sonlarından etibarən mart ayının ortalarınadək birjalarda xam neftlə bağlı fyuçers əməliyyatlarında vasitəçilər daha da aktivləşəcəklər, qiymətləri 60 dollara çatdırmağa can atacaqlar.
Həmin səviyyə əldə olunandan sonra qiymət artımı bir qədər səngiyəcək. Artımın sürəti azalsa da, stabil olacaq.
Ümumiyyətlə, belə qarışıq dövrdə neftin qiymətini təxminləmək məntiqi iş sayılmaz - hər şey bir anda dəyişə bilər.
Lakin hazırda nikbinlik üçün daha çox əsas var.

Elçin Alıoğlu