Əmək və analıq məzuniyyətində vaxt dəyişikliyi və pulla kompensasiya hansı hallarda mümkündür?
Əmək və analıq məzuniyyətində vaxt dəyişikliyi və pulla kompensasiya hansı hallarda mümkündür?

Əcnəbi ekspertlərin apardığı araşdırmalar göstərir ki, istirahət etmədən, bir ildən artıq işləyənlərin əmək məhsuldarlığı təxminən 20-25 faiz azalır. Nəticədə isə belə işçilərin çalışdığı müəssisələrdə görülən işin keyfiyyəti aşağı düşür.
Bu hesablamanın nəticələrinə inansaq, hazırda Azərbaycandakı əksər müəssisələrdə çalışanların məhsuldarlıq göstəricisindən heç danışmağa dəyməz. Çünki ölkədəki özəl müəssisələrin çoxunda illərlə çalışan işçilərə istirahət vermək müəssisə rəhbərlərinin yadına düşmür. İşçilər isə çətinliklə tapdıqları iş yerini itirməmək üçün məzuniyyət hüquqularının təmin olunmasını tələb etmirlər. Belə fasiləsiz iş rejimi ya işçilərin səhhətinə zərbə vurur, ya da onlar üzərlərinə düşən işi lazımi şəkildə yerinə yetirmirlər. Amma Əmək Məcəlləsindəki son dəyişikliklə işçi vaxtı çatanda məzuniyyətə çıxmasa, ona əməkhaqqı ilə bərabər məzuniyyət pulu da ödənilməlidir. Dəyişikliklərə görə, işçilər istifadə etmədikləri məzuniyyətə görə pul kompensasiyası almalıdırlar. Bəs gəlin, görək, Azərbaycanda çalışanların məzuniyyət hüququ qanunla necə qorunur? Əmək Məcəlləsinə görə, əmək şəraiti və əmək müqaviləsininin müddətindən asılı olmayaraq bütün işçilərə məzuniyyət verilməlidir. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi və orta aylıq əmək haqqı saxlanılır. İşçilərə əsas məzuniyyət 21 təqvim günü müddətində verilir. Rəhbər işçilərə 30, pedaqoji işçilərə isə 56 gün-lük məzuniyyət müəyyən olunub. Uşaqlı qadınlara əsas məzuniyyətdən başqa əlavə məzuniyyət də düşür. 14 yaşına qədər 2 uşağı olan qadınlara 2 gün, bu yaşda 3 və daha çox uşağı olanlara və yaxud 16 yaşınadək əlil uşağı olanlara isə 5 günlük əlavə məzuniyyət verilməlidir. Amma arzu edənlər öz hesabına məzuniyyət də götürə bilərlər. İşçilərə qohumluq borcunun yerinə yetirilməsi, ailə-məişət problemlərinin həlli, təhsil almaq, yaradıcı, elmi işlə əlaqədar işdən ayrılma zərurəti yarananda ödənişsiz məzuniyyətə çıxmağa icazə verilir.Yeni işə başlayan şəxslər isə yalnız 6 ay çalışandan sonra məzuniyyət hüququndan istifadə edə bilərlər. Ştatda olmayan, müqavilə yolu ilə çalışan işçilərin müəssisə ilə bağladıqları müqavilədə də mütləq məzuniyyət müddəti göstərilməlidir.Amma əksər hallarda işəgötürənlər işçilərinin nəinki qanunda nəzərdə tutuluduğu kimi 21 gün, heç bircə həftə də istirahət etmələrinə şərait yaratmırlar. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının icraiyyə komitəsinin sədri Sahib Məmmədovun sözlərinə görə, bu sahəyə nəzarət zəif olduğundan, indi yalnız dövlət sektorunda işləyənlər məzuniyyətə çıxa bilir. Özəl sektorda, xarici şirkətlərdə, KİV-də, QHT-lərdə işləyənlərin isə əksər hallarda məzuniyyət hüququ tanınmır.S.Məmmədov deyir ki, işəgötürənlərin işçilərə məzuniyyət verməməkdən ötrü cürbə-cür üsullara əl atır: "Əksər təşkilatlar qeyri-qanuni olaraq müvəqqəti müqavilə sisteminə keçir. Məsələn, işçilərlə bir illik kontrakt bağlayıb, onlara bildirirlər ki, işə müvəqqəti götürüldüyünüzə görə, sizə məzuniyyət düşmür. Halbuki müqavilə müvəqqəti bağlansa belə, yenə də işçilərin məzuniyyətə çıxmaq hüququ var. Və yaxud, ticarət şəbəkəsində işçilərin qeydiyyatı aparılmır. S.Məmmədov deyir ki, işəgötürənlər məcəlləyə sözügedən dəyişikliklərdən sui-istifadə edərək, işləyənlərin məzuniyyət hüququnu bir az da məhdudlaşdırırlar.
Ümumiyyətlə, liqa sədri bu fikirdədir ki, bu dəyişikliyin həm müsbət, həm də mənfi tərəfləri var: "Əmək qanunvericiliyinə görə, işləyənlərin məzuniyyət müddəti bir ildən o biri ilə müstəsna hallarda keçə bilər. O da yalnız bir dəfə. Amma bizdə illərlə məzuniyyət götürməyən işçilər var. Deməli, qanunvericiliyin bu hissəsi praktikada özünü doğrultmur. Ona görə də bu problemi hər hansı bir qaydada həll etmək zərurəti ortaya çıxmışdı. Bunun yeganə yolu isə məzuniyyətin pul əvəzninin verilməsi idi. Məsələnin mənfi tərəfi ondan ibarətdir ki, hər bir işçi gündəlik, həftəlik və illik istirahət hüququna malikdir. Bu işçilərin sağlamlığı və əmək məhsuldarlığı baxımından çox vacibdir. Ona görə də məzuniyyətin pulla əvəzlənməsi yalnız müstəsna hal kimi nəzərdə tutulmalı, qaydaya çevrilməməlidir. Çünki insan uzun müddət istirahət etmədən çalışsa, sağlamlığını itirə bilər".
S.Məmmədovun fikrincə, işəgötürənlər bu dəyişiklikləri əlllərində əsas götürüb, işçiləri məzuniyyətə göndərmirlər. Digər tərəfdən, işçilər özləri sağlamlıqlarını 2-ci plana keçirib, daha çox pul qazanmaq üçün məzuniyyətə çıxmaq istəmirlər:"Məsələn, mənim tanıdığım həkimlərin hamısı məzuniyyət dövründə işdə olurlar. Çünki onların iş vaxtı maaşdan əlavə qazancları da olur. Belə iş yerləri çoxdur".
Hüquq məsləhətçisi Pərviz Zamanlı isə deyir ki, qanunvericilik anaların istirahət hüququnun təmin edilməsi üçün üstünlüklər verir. Belə ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin, 16 yaşınadək əlil uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir: "Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin, uşaqları övladlığa götürmüş şəxslərin də əlavə məzuniyyət hüququ var".
Hüquqşünasın sözlərinə görə, qanunvericilik bəzi kateqoriyadan olan işçilər əmək məzuniyyətini öz arzusu ilə istədiyi zaman götürə bilərlər. Belə ki, 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, hərbi qulluqçunun arvadına (ərinə), əlillərə, müharibə veteranlarına, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə, yaşı on səkkizdən aşağı olan işçilərə, işləməklə yanaşı təhsil alan, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. Həmçinin, müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir. Qanunvericilik əmək məzuniyyətinin başqa vaxta keçirilməsi ilə bağlı halları da müəyyənləşdirib. Hüquqşunas deyir ki, işçi əmək qabiliyyətini müvəqqəti itirdikdə, əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə, işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə əmək məzuniyyəti işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər.
Ekspertlərin qənaətinə görə, analıq məzuniyyəti zamanı da işçilərin əmək məzuniyyəti hüququnun tənzimlənməsində problemlər var. Maraqlıdır, işçi analıq məzuniyyətinə çıxarsa həmin iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyəti ona hansı qaydada verilməlidir? İşçi əmək məzuniyyətini almayıbsa və işə qayıtdıqdan sonra onu tələb edə bilərmi və hansı qaydada? Həmin işçi analıq məzuniyyəti başa çatdıqdan sonra ərizəsi əsasında uşağa qulluğa görə qismən ödənilən (iki il) sosial məzuniyyətdən istifadə etdikdən sonra işə çıxarsa, istifadə etmədiyi əmək məzuniyyətini tələb edə bilərmi?
Hüquqşunas Zülfiyyə Bayramova deyir ki,Əmək Məcəlləsinin 125 - ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir: "Doğuş çətin olduqda iki və daha çox uşaq doğulduqda sonrakı məzuniyyət 70 təqvim günü müddətində verillir. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir.Normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü). Doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü). İki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü). Əmək Məcəlləsinin 126 - cı maddəsinə əsasən, 2 ayadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin Əmək Məcəlləsinin 117 - ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127 - ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək onu qulluq etməkdən ötürü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçilər yazılı ərizələri əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə - hissə istifadə edə bilər. Sosial məzuniyyət hüququndan istifadə edən işçilərin məzuniyyətlərinin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri ilə (sərəncamı, qərarı) rəsmiləşdirilir. Belə məzuniyyətlərin verilməsi barədə olan əmrlərdə və onların yerinə müvəqqəti olaraq işə qəbul edilən işçilərlə müddətli əmək müqaviləsinin bağlanmasında sosial məzuniyyət hüququndan hissə - hissə istifadə edə bilən işçilərin istədikləri vaxt öz daimi iş yerlərinə qayıtmaq hüququ nəzərə alınmalıdır. Əmək Məcəlləsinin 134 -cü maddəsinə əsasən, əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə müvafiq qaydada əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək Məcəlləsinin bu maddəsinə əsasən, əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə işçinin təşəbbüsü ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Göstərilən əsasla siz sosial məzuniyyətdən, o cümlədən qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqdan və öz əmək fəaliyyətinizə başladığınız dövrdə istifadə etmədiyiniz əmək məzuniyyəti hüququnuzdan istifadə etməklə növbəti əmək məzuniyyətinə çıxa bilərsiniz. Bununla bərabər nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 132.2 - ci maddəsinə əsasən, bu Məcəllənin 127 -ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir".