Müsavat rəhbərliyinə daha bir istefa şoku
Müsavat rəhbərliyinə daha bir istefa şoku

Məlum olduğu kimi, son illər radikal müxalifət düşərgəsindən davamlı istefalar olur. Bu sırada ən çox boşalan Müsavatla AXCP-dir. Müsavat Partiyasının son qurultayından sonra istefalar daha da intensivləşib.
"Unikal"ın məlumatına görə, Müsavat Partiyasının tanınmış simalarından daha bir nəfər partiya sıralarını tərk edib. Əbülfəz Elçibəy prezidentliyi dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov özünün "Facebook" səhifəsində Müsavatdan istefa verdiyi barədə açıqlama yayıb. O, Müsavat Partiyasının apardığı yarıtmaz siyasətə etiraz əlaməti olaraq partiya sıralarından istefa verdiyini bildirib: "Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram". M.Zeynalov Müsavat rəhbərliyinin apardığı siyasətə etiraz əlaməti olaraq partiyadan istefa verdiyini bildirib: "Bütün siyasi partiyalar özlərini təcrid edib, milli məfkurədən kənarda qalıb. Milli Şura pis-yaxşı nəsə edirdi. Ancaq Müsavat Partiyasının nə etdiyi mənə məlum deyil. Bu, yarıtmaz siyasətdir. Mən artıq bundan sonra siyasətlə məşğul olmayacağam". M.Zeynalov istefa verməsinə Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinin də təsir etdiyini vurğulayıb: "Arif Hacılı tək deyil, orda başqa adamlar da var. Yəni mən məhz Müsavat rəhbərliyinin apartdığı siyasətə görə belə bir addım atmışam".
Məsələylə bağlı "Unikal"a açıqlama verən MMP sədri Hafiz Hacıyev Müsavatdakı istefaları təbii qarşıladığını bildirib. Onun sözlərinə görə, uzun illər bu partiyadan hər dönəmdə istefaların olması Müsavat rəhbərliyinin yürütdüyü siyasətlə bağlıdır: "Qəmbərov İsa Müsavat Partiyasını satdı. Sonda da Arif Hacılı kimi birini partiyanın başına gətirib qoydu ki, siyasi alverlərini davam etdirsinlər. Təbii ki, özünə hörmət edən adamlar buna etiraz edirlər. Məmməd Zeynalov da özünə hörmət edən, kifayət qədər səviyyəli bir adamdır. Onun bu qədər xəyanətə tab gətirməsi mümkün deyil. İnsanlar nə qədər abırlarına qısılıb qalacaqlar? Axırda bezdikləri üçün istefa verib gedirlər. Məmməd Zeynalovu hələ Xalq Cəbhəsinin hakimiyyəti dövründən tanıyıram. Münasibətlərimiz də yaxşı olub. Zaman-zaman onunla da, qara Tofiqlə də görüşəndə İsa Qəmbərin nə qədər satqın olduğunu deyirdim, amma onlar inanmaq istəmirdilər. Axırda mənim dediyimə gəlib çıxdılar".
H.Hacıyev bildirib ki, Məmməd Zeynalov kimi bir adamın Müsavat Partiyası kimi bir bataqlıqdan uzaqlaşması müsbət hadisədir. Onun sözlərinə görə, aparılan obyektiv təbliğatın da M.Zeynalovun istefa qərarı verməsində rolu olub: "İndi orda iki-üç nəfər qalıb. Yaxın günlərdə Arif Hacıyevin pulunu kəsəcəklər, ondan sonra onun da yanında heç kim qalmayacaq. Amma sizə açıq deyim ki, ölkədə çox qorxulu tendensiya yaranıb. Milli Şura ətrafında olan qüvvələr fəallaşıblar. Xaricdən çox böyük göstəriş alıblar, bunun üçün maddi dəstək də verilir. Bizdə olan məlumata görə bunlar 2015-ci ildə dövlət çevrilişi etmək üçün potensiala malik qüvvə kimi formalaşdırılırlar. Özləri bir şey olmasa da, dəstək verənləri var. Biz bunun qarşısını almaq üçün əlimizdən gələni edirik və edəcəyik".
Qərib Gərayzadə