Ermənilər Azərbaycanın içində düşmən yaratmaq istəyirlər
Ermənilər Azərbaycanın içində düşmən yaratmaq istəyirlər

Ermənilər Azərbaycan dövlətinə düşmən münasibətlərini hər addımda sərgiləyirlər. Torpaqlarımızın 20%-ni işğal edən Ermənistan indi də dövlətimizi dağıtmaq üçün fərqli üsullara əl atıb. Bu dəfə sapı özümüzdən olan baltalardan istifadə etmək qərarına gəliblər. Düşmən ölkənin xüsusi xidmət orqanları Azərbaycan daxilində etnik zəmində nifaq yaratmağa cəhd göstərirlər. Onların Azərbaycanda azsaylı xalqları dövlətə qarşı qaldırmaq niyyətləri var.
Ermənistandan dəstək alaraq separatçılığa meyl edənlər artıq öz varlıqlarını açıq-aşkar bəyan edirlər.
Bir neçə gün öncə sosial şəbəkələrdə yaradılmış qruplardakı yazışmaların təhlilini apardıq və maraqlı məqamlar üzə çıxdı. Bir qədər diqqətli olsaq, son zamanlar etnik mənsubiyyətinə görə tat olan şəxslərin sosial şəbəkələrdə fəallaşdığının şahidi olarıq.
Tat olduğunu iddia edən "Emin Shirvani" adlı istifadəçi özünü Şirvanın "Parsi" (farsi) millətinin nümayəndəsi kimi təqdim edir. Bu azmış kimi "Şirvan Azadlıq Cəbhəsi"nin (SAC) yaradılması haqqında sosial şəbəkələrdə bəyanat yerləşdirir və guya Azərbaycanın pantürkizm ideologiyası əsasında idarə olunduğundan bəhs edir.
Şirvani yaxın vaxtlarda SAC-ın gizli şəkildə Kiçik Qafqaz dağlarından Abşerona qədər mübarizəyə başlayacağını bildirib. Onun sözlərinə görə, SAC-ın əsas məqsədi 16-cı əsrə qədər Azərbaycan ərazisində mövcud olmuş Şirvanşahlar Dövlətini bərpa etməkdən ibarətdir.
"Emin Shirvani" öz internet səhifəsində qondarma "Şirvan Pars Respublikası"na məxsus himn və bayraq şəkilləri də yerləşdirib.
"Emin Shirvani"nin paylaşımları və tat separatçıların digər məlumatlarını araşdırdıqda görürük ki, kələfin ucu gedib Yerevana çıxır. Onların Ermənistan Xüsusi Xidmət Orqanları tərəfindən istiqamətləndirildiyinə şübhə yeri qalmır.
Xatırladaq ki, Ermənistan Dövlət Universitetinin İranistika Kafedrasının professoru, Şuşa şəhərində fəaliyyət göstərən "Talışıstanın səsi" radosunun rəhbəri Qarnik Asatryanın sədrliyi, eləcə də ermənilərə məxsus, "Modus Vivendi" Mərkəzi və "Hyksos" fondunun təşkilatçılığı ilə ötən il may ayının 16 və 17-də Yerevan şəhərində "Tatşünaslıq" üzrə 1-ci beynəlxalq konfrans keçirilib.
Tədbirdə Azərbaycanda yaşayan tatlar "qafqaz farsları" kimi qələmə veriliblər. Tatların guya ölkəmizdə hakimiyyət tərəfindən məqsədli şəkildə assimilyasiyaya uğradıldığı deyilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
İlk dəfə deyil ki, Ermənistanın xüsusi xidmət orqanları Azərbaycan daxilində etnik zəmində nifaq yaratmağa cəhd göstərirlər.
Teymur Hacıyev