Əli Kərimli cəbhəçilərə qarşı mənfur plan hazırlayıb
Əli Kərimli cəbhəçilərə qarşı mənfur plan hazırlayıb

AXCP sədri qurultayın gecikdirilməsi üçün müxtəlif bəhanələr uydurur

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yenə də dilemma qarşısındadır. Belə ki, partiya qurultay keçirməli olsa da, hələ də bunu reallaşdıra bilmir.
"Unikal"ın məlumatına görə, AXCP rəhbərliyi müxtəlif bəhanələrlə diqqəti bu məsələdən yayındırmağa çalışırlar. Vaxtiylə Müsavatı qurultayı gecikdirməkdə ittiham edənlər indi özləri tədbiri yubadırlar. AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib ki, AXCP-nin qurultay keçirməsi bir qədər yubanır. Partiyanın yerli təşkilatlarında konfransların keçirilməsi prosesi uzandığına görə qurultayın vaxtı müəyyən olunmayıb.
O bildirib ki, qurultayın gecikməsinin əsas səbəblərindən biri yerin olmamasıdır: "Rayonlarda konfransların keçirilməsi üçün yerli icra hakimiyyəti orqanlarına müraciət olunmasına baxmayaraq, hələ də yerlər ayrılmır. Çalışacağıq ki, işləri sürətləndirək. Konfranslar başa çatdıqdan sonra qurultayın vaxtı dəqiqləşəcək. Konfransa hazırlıq uzunmüddətli prosesdir. Proses tam yekunlaşmasa da, konfransa hazır olan bəzi rayon təşkilatlarımız var. Onlara da yer ayrılmadığı üçün qurultayın keçirilməsi bu qədər ləngiyir".
"Unikal"ın əldə etdiyi məlumata görə, qurultayın keçirilməməsinin özəl səbəbləri var. Bu barədə bizi bilgiləndirən cəbhəçinin sözlərinə görə, Əli Kərimli partiya daxilindəki narazılıqları tam yoluna qoya bilmədiyi üçün ali tədbirin keçirilməsinə imkan vermir: "Bildiyiniz ki, partiya daxilində iki tirəlik var. Hələlik bu məsələ ictimailəşməsə də, Əli Kərimlini istəməyən qüvvələr var və onlar getdikcə güclənməkdədirlər. Ona görə Əli Kərimli onları susdurmamış qurultay keçirmək istəmir. Onlar Əli Kərimlinin tutduğu xəyanətkar mövqeyi və buna uyğun yürütdüyü siyasəti təqdir etmirlər. Əksinə, ondan çox narazıdırlar. Bu narazılığın yüksək səviyyəyə qalxacağından narahat olan Əli Kərimli gözləmə mövqeyində dayanır".
Onu da nəzərə çatdıraq ki, Əli Kərimli Müsavat Partiyasının qurultayından sonra baş verənləri görüb. Ona görə də, qurultay keçirməyə risq etmir. Düzdür, onun partiya sədrliyindən getmək məsələsi yoxdur. Amma narazılar Arif Hacılı kimi ona da etimadsızlıq göstərərək əks kampaniyaya başlayacaqlar. Buna görə də Əli Kərimli qurultayı ən azı parlament seçkilərinə qədər ertələməyə çalışır.
Qərib Gərayzadə