Asəf Hacıyev Brüsseldə görüşlər keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Asəf Hacıyev Brüsseldə Avropa Xalqları Partiyasının (AXP) qərargahında olub.
YAP-ın mətbuat xidmətindən verilən məlumata görə, A.Hacıyev Avropa Parlamentinin deputatları, AXP-nin prezidenti Cosef Doull, AXP-nin baş katibi Antoni Lopez-İsturiz, AXP-nin baş katibinin müavini Kristian Kremer və AXP-nin xarici əlaqələr şöbəsinin rəhbəri Patrik Vollerlə görüşüb.
Görüş zamanı ikitərəfli münasibətlər, YAP-la AXP-nin gəncləri arasında əlaqələr və gələcəkdə birgə tədbirlərin keçirilməsi məsələsi müzakirə olunub. Müzakirələr zamanı YAP-ın Asiyanın siyasi qurumlarında aktiv fəaliyyəti müsbət qiymətləndirilib və bu qurumlarla AXP-nin əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
A.Hacıyev YAP-ın rəhbərliyi adından AXP-nin rəhbərliyini ölkəmizdə son illərdəki inkişafla əyani tanış olmaq və partiyalararası dialoqu davam etdirmək məqsədilə Azərbaycana dəvət edib. Dəvət qəbul olunub.
Qeyd edək ki, AXP hazırda Avropa Parlamentində ən böyük fraksiyadır və 40 ölkədən olan 70-ə yaxın siyasi partiyanı birləşdirir.