Həkim özbaşınalığı Oqtay Şirəliyevi pis vəziyyətdə qoyur
Həkim özbaşınalığı Oqtay Şirəliyevi pis vəziyyətdə qoyur

Səhiyyə naziri sərt addımlar atmasa, bu, onun vəzifəsinə təhlükə yarada bilər

Azərbaycan səhiyyəsindən qanqaraldıcı xəbərlər gəlir. Son günlər bu cür məlumatlar kəskin şəkildə intensivləşib.
Məsələn, dünən belə xəbərlərin birində bildirilirdi ki, Mingəçevir rayonunun səhiyyə idarəsində xəstələrin həyatına qəsd edilir.Rayon sakini Nurəddin Rüstəmli səhiyyə idarəsinin bərbad durumundan şikayətlənərək anasının ağır xəstəlik ucbatından deyil, həkimlərin məsuliyyətsizliyinə görə öləcəyini bildirir (axar.az): "Anam ağır xəstədir. Kompüter tomoqrafiyasından keçib. Dalağında bədxassəli şişin törəmələri aşkar olunub. Mingəçevir Xəstəxanasının baş həkimi Yusif Quliyev və Mingəçevir Rayonlararası Onkologiya Mərkəzinin baş həkimi Tangiz adlı şəxs müalicə aparmaqdan imtina ediblər. Yalnız morfi vurmaqla sanki eftonaziya həyata keçirirlər. Səbəb də onu göstərirlər ki, xəstənin diaqnozu Bakıda, Milli Onkologiya Mərkəzində təsdiq olunmalıdır. Yalnız bundan sonra müalicə aparıla bilər".
Anasının vəziyyətinin çox ağır olduğunu deyən N.Rüstəmli baş həkimin xəstəni paytaxta gətirməkdən imtina etdiyini deyir: "Anam ağır vəziyyətdə olduğu üçün onu avtomobil ilə Bakıya gətirə bilmirəm. Yusif Quliyev isə əlimdə 26 yanvar tarixli göndəriş olmasına baxmayaraq, xəstə üçün minik maşını verməkdən imtina edir. İndi morfi vurmaqla xəstənin ölümünü gözləməliyəm? Səhiyyə Nazirliyinin qaynar xəttinə də məlumat vermişəm. Cavab da bu olub ki, xəstə ölsə də, Bakıya gətirin. Diaqnoz burada olmalıdır".
Son zamanlar artan ana və uşaq ölümü halları ilə bağlı növbəti fakt isə srağagün Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Cəlilabad rayonu, Alar kənd sakini, 1986-cı il təvəllüdlü Nuriyeva Rəhimə Şahəli qızının üzərində qeysəriyyə əməliyyatı aparılıb. Lakin qadın əməliyyatdan sağ çıxmayıb. Ondan əvvəl də adıçəkilən xəstəxanada 24 oktyabr 2014-cü il tarixində ana ölümü baş verib. Astara royonu, Ərçivan kənd sakini, 1980-ci il təvəllüdlü Məmmədova Xoşqədəm Yədulla qızı da qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.
Dünənsə bu istiqamətdəki növbəti narahatlığı Milli Məclisin sosial-siyasət komitəsinin üzvü, millət vəkili Elmira Axundova dilə gətirib. O bildirib ki, baş verən bütün hadisələr barədə ciddi araşdırmalar aparılmalıdır: "Hər hadisədə həkimlərimiz müqəssir deyillər. Elə analar var ki, hər hansı xəstəliklə bağlı həkimlərə vaxtında müraciət etmirlər. Qadın tanıyıram ki, ona dünyaya uşaq gətirmək olmaz. Amma yenə riskə gedir. Bunun məsuliyyətini kimin üzərinə qoyaq? Nə qədər insan var, bir o qədər də təsadüf, bu kimi hal var. Ölümlər hər yerdə var. Belə ölüm faktları dünyanın inkişaf etmiş ölkələrində də baş verir. Ona görə də bu hadisələrə fərdi yanaşmaq lasımdır".
Millət vəkilinin sözlərinə görə, bu mövzu müzakirə obyektinə çevrilməlidir: "Hər bir hadisə ciddi araşdırılmalıdır. Həkim səhlənkarlığı varsa, onlar cəzalandırılmalıdır. İnsanlarımız özləri də səhlənkardırlar. Əsasən hamilə qadınlar özlərinə baxmırlar. Ona görə də Səhiyyə Nazirliyi mütəxəssislərlə birgə bu halların qarşısının alınması ücün ciddi tədbirlərə başlamalıdır".
Səhiyyə sistemi ilə bağlı daha bir qalmaqal isə Nizami rayonu ərazisində yerləşən 26 saylı poliklinikanın rəhbəri Pənah Əliyevlə bağlı baş verib. Belə ki, "müsavat.com" saytı öz etibarlı mənbəsinə istinadla bildirib ki, Pənah Əliyev poliklinikadakı xəstələrdən birini döyüb. Səhiyyə naziri Oqtay Şirəliyev bu biabırçılığı eşidər-eşitməz baş həkimi vəzifədən qovub.
Qeyd olunur ki, xəstəxanaya müraciət edən pasiyentlə həkimlər arasında yaranmış kiçik mübahisəyə klinikanın baş həkimi də qoşulub. Baş həkim qadını ağır ifadələrlə təhqir edib. Qadın P.Əliyevə cavab qaytarıb və ortalıq qarışıb. Baş həkim xanım pasiyenti döyüb və o, zərbələrdən huşunu itirib. Sonradan hadisədən xəbər tutan qadının həyat yoldaşı və qardaşı baş həkim P.Əliyevi öz kabinetindəcə möhkəm döyüblər.
Srağagünki başqa bir məlumatda isə deyilirdi ki, Sabirabad rayon sakininin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin Hərbi-həkim komissiyasının sədrinin ondan rüşvət tələb etməsi ilə bağlı müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xidmətin Sabirabad rayon şöbəsinin Hərbi-həkim komissiyasının sədri, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Rail Musayev xidməti vəzifəsinin icrası ilə əlaqədar rayon sakininin övladının hərbi xidmətə yararsız hesab olunmasına dair müvafiq tibbi sənədlərin rəsmiləşdirilməsi müqabilində özü üçün tələb etdiyi 500 manat məbləğində pulun 200 manatını fevralın 3-də xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış və R.Musayevə həmin maddədə nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ekspertlər bildirirlər ki, son günlərdə daha da intensivləşən həkim özbaşınalıqları, səhiyyə sistemindəki digər neqativ hallar səhiyyə naziri Oqtay Şirəliyevini kürsüsünü təhdid edir. Bildirilir ki, səhiyyə naziri rəhbərlik etdiyi sahədəki özbaşınalıqlarla, qanunsuzluqlarla bağlı sərt addımlar atmasa, bu, onun vəzifəsinə təhlükə yarada bilər.
Elvin Rüstəmov