Sosial və siyasi fəallıq milli təhlükəsizlik deməkdir
Sosial və siyasi fəallıq milli təhlükəsizlik deməkdir

Bu gün istənilən cəmiyyət üçün mühüm mövzulardan biri insanların sosial və siyasi fəallığının artırılmasıdır. Sual oluna bilər ki, normal və problemsiz bir cəmiyyətdə insanların sosial və siyasi fəallığının artırılmasına nə ehtiyac var? Bu sual sosioloqları uzun müddət düşündürüb və bununla bağlı müxtəlif rəylər ortaya çıxıb. Amma prinsipial olaraq iki xətt əsas olaraq qəbul olunub. Bunlar nədir?Gəlin ilk növbədə sosial-siyasi aktivlik cəmiyyətin inkişafıdır qeydinə diqqət ayıraq.
Bu prinsipi qəbul edən düşüncə sahibləri hesab edir ki, cəmiyyət o zaman inkişafda olur ki, bu quruluşda yeni ideyalar, fəlsəfi baxışlar, proqramlar ortaya çıxsın. Yəni sosial və siyasi fəallıq olarsa cəmiyyətdə təşəbbüskarlıq elementləri artır , nəticədə rəqabətlilik sistemi inkişaf edir. ABŞ-ın formalaşma tarixinə baxsaq bunun daha bariz nümunəsini görərik. Belə ki, 1870-ci illərdə ABŞ-da korrupsiya, rüşvət, klan və mafiya demək olar ki, Amerikanın atributuna çevrilmişdi. Hüquq-mühafizə orqanlarının təsir imkanlarından yararlanmaq isə heç bir nəticə vermirdi. Belə olan halda maraqlı bir ideya gündəmə gəldi. İdeya sadə idi və kökündə dayanan əsas məsələ bu idi ki, cəmiyyət mütləq aktivləşməlidir. Yəni cəmiyyəti aktivləşdirməklə yeni ideyaların ortaya çıxmasına nail olmaq mümkünləşər və vətəndaşlar öz hüquqlarının keşikçisinə çevrilə bilərlər. Belə də oldu. Qısa zaman keçəndən sonra aydın oldu ki, cəmiyyətlə çirkli kapital sahibləri arasında bir uçrum yaranıb və cəmiyyətdə bu qüvvələrə bir etibarsızlıq var. Məhz bu halda növbəti amnistiya həyata keçirildi. Söhbət iqtisadi amnistiyadan gedirdi. Amnistiyada bildirilirdi ki, Amerika vətəndaşının əlində olan sərvəti hansı yolla toplaması müzakirə mövzusu ola bilməz. Sadəcə olaraq bundan sonra əldə olunan gəlirlərin deklorasiyası təqdim edilməlidir. Bu isə gizli biznesin, çirkli pulların aşkara çıxarılması demək idi. Nəticədə nə baş verdi? Külli miqdarda kapitallar ortaya çıxdı və pul sahibləri yeni biznes imkanları axtarmağa başladılar. O an məlum oldu ki,yeni biznes imkanları elə cəmiyyətin sosial və siyasi baxımdan aktiv təbəqəsidir. Yəni ən böyük biznes insan faktoruna, düşüncəsinə qoyulan sərmayədir. Məhz bu perioddan sonra Amerikada texnologiyanın inkişafı, beyin mərkəzlərinin yaradılması prosesi başladı. Bütün bunlar isə ona görə baş verdi ki, artıq Amerikada vətəndaşların sosial və siyasi fəallığının artırılması qəbul olunmuşdu və bu şərtə əməl edilirdi. İndi isə gəlin Azərbaycandakı duruma baxaq. Prezident İlham Əliyev hakimiyyətinin ilk illərində iki məsələyə xüsusi diqqət ayırdı. Birincisi, büdcə tamamilə sosial büdcə olaraq elan edildi, ikincisi regionların inkişafı vacib məsələ kimi dövlətin əsas vəzifəsinə çevrildi. Burada isə məqsəd aydın idi. Nə olursa olsun Azərbaycan vətəndaşının sosial fəallığı artırılmalı idi. Çünki bu artım yeni ideyaların ortaya çıxması ilə nəticələnməli idi. Bununla yanaşı prezident İlham Əliyev qısa zaman ərzində bir sıra beyin mərkəzlərinin yaradılmasına, strateji mərkəzlərin formalaşmasına nail oldu. Bu isə cəmiyyətdə yeni ideyaların yaranmasını, rəqabətə qoşulmasını təmin etməyə başladı. İlk zamanlarda sahibkarlar düşüncə mərkəzlərinə vəsait ayırmağa maraqlı olmadığından bu işi dövlət öz üzərinə götürdü. Hazırda isə elə bir mərhələ başlayır ki, özəl sektor belə düşüncə mərkəzlərinə vəsait yatırmağa maraqlı olacaq. Çünki ideyasız biznes şəbəkəsi yaratmaq müasir cəmiyyətdə mümkünsüzdür və gec-tez iflasa uğrayacaq. Bütün bunlar isə sübut edir ki, cəmiyyətin formalaşması, normal biznes mühitinin yaradılması üçün vətəndaşların sosial və siyasi fəallığının artırılması əsas şərtdir. Həmçinin maarifləndirmə yolu ilə vətəndaşların hüquq və azadlıqlarını bilməsi, qanunvericilik bazasının formalaşması və beynəlxalq normalara əməl olunması əsas şərtdir. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq bir neçə il öncə Azərbaycan respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə Milli Fəaliyyət Proqramını qəbul etdi və bu proqramda konkret şəkildə tezislər öz əksini tapıb. Məsələn, Azərbaycan respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi ilə bağlı bənddə deyilir:" Azərbaycan Respublikası insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bu öhdəliyin yerinə yetirilməsinə nəzarət mexanizmləri çərçivəsində Azərbaycan Respublikası tərəfindən təqdim olunan insan hüquq və azadlıqlarının təmin edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər hökumətlərarası təşkilatların ixtisaslaşmış qurumlarının rəy və tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Göstərilən öhdəliklərin yerinə yetirilməsi zamanı tövsiyələrin ətraflı təhlili, görüləcək tədbirlərin və onların icrasına məsuliyyətli dövlət qurumlarının müəyyən edilməsi zəruridir. Bununla əlaqədar olaraq, qeyd olunan prosesə aşağıda göstərilən qurumların cəlb edilməsi nəzərdə tutulur. Bu işə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatları cəlb edilir.
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Ədliyyə, Xarici İşlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu.
İcra müddəti: mütəmadi". Vətəndaşların sosial və siyasi fəallığının artırılmasının ikinci mühüm əhəmiyyəti bu dövlətin milli təhlükəsizliyi və özünmüdafiəsi ilə bağlıdır. Hazırda Azərbaycan müharibə şəraitindədir və torpaqlarımızın 20 faizi işğal edilib. Belə bir məqamda isə ən vacib məsələlərdən biri və birincisi sözsüz ki, cəmiyyətin aktivliyi və səfərbər olunmağa hazırlığıdır. Buna görə ən inkişaf etmiş ölkələrdə belə insanların sosial və siyasi fəallığının artırılmasında güdülən əsas məqsəd məhz yadelli işğaldan qorunma gümanının nəzərə alınmasıdır. Həqiqətən də bir cəmiyyətdə insanların sosial və siyasi fəallığı yoxdursa deməli bu boşluğu sadəcə olaraq biganəlik doldurur. Ətrafa biganə olan insan toplusu isə heç bir halda özünüqoruma yükündə ola bilməz. Bəs Azərbaycanda bu durum necədir? Uzağa getməyək, elə bir ay öncə Dağlıq Qarabağda atəşkəs rejimi ciddi şəkildə pozuldu. Nəticədə demək olar ki, Azərbaycan cəmiyyəti bütövlükdə ayaq üstə idi və minlərlə insan Müdafiə Nazirliyinə müraciət edərək könüllü hərbi xidmətə getmək istədiklərini bəyan etdilər. Bu artıq cəmiyyətin bütövlükdə sosial və siyasi fəallığının bariz nümunəsi idi. Amma Azərbaycanda bu proseslərin baş verdiyi məqamda Ermənistanda ermənilər etiraz aksiyası keçirtməklə Dağlıq Qarabağda savaş aparmağa etirazlarını bildirirdilər. Çünki erməni cəmiyyətinin aktivliyi sıfır həddinə salınıb və bunun daha ağır nəticələrini görəcəklər. Azərbaycanda isə insanlar həmin zaman özlərini prosesin ən aktiv zümrəsi hesab etdilər və bu səbəbdən təşəbbüskarlıq yenidən ortaya çıxdı. Ümumiyyətlə bunu da unutmayaq ki, Azərbaycan toplumu ümumilikdə aktiv təbəqə kimi qəbul oluna bilər və milli azadlıq hərəkatı zamanı bunun şahidi olduq. Əslində 1990-cı il 20 yanvar gecəsi dünyada vətəndaşların sosial və siyasi fəallığının ən gözəl nümunəsi kimi dəyərləndirilə bilər. Çünki həmin gündə uşaqdan böyüyə kimi hamı azadlıq hərəkatının bir iştirakçısına çevrilmişdi və bunun kökündə siyasi fəallıq dayanırdı.
Beləliklə apardığımız yığcam təhlil də sübut edir ki, vətəndaşların sosial və siyasi fəallığı bütünlüklə cəmiyyətin inkişafı deməkdir. Belə olan halda, "yaranan hakimiyyətlər cəmiyyət adından qərar verirsə, insanların aktivlik göstərməsinə lüzum yoxdur"- tezis mənasını itirir. Çünki unutmaq lazım deyil ki, heç bir hakimiyyət bütünlüklə cəmiyyətin əvəzindən istədiyinə nail ola bilməz. Hətta nail olsa belə, bu hakimiyyəti seçmək üçün də cəmiyyətin aktivliyi şərtdir. Yəni sosial və siyasi hazırlığı, fəallığı olmayan bir cəmiyyətin seçki mədəniyyəti də ola bilməz , bu isə sadəcə olaraq mövcud rejimin tam süqutu demək olar.