Bəzi icra başçıları ilə deputatlar arasında konflikt
Bəzi icra başçıları ilə deputatlar arasında konflikt

Bir sıra rayon rəhbərləri ilə millət vəkilləri arasında seçkiqabağı qarşıdurma

Məlum olduğu kimi, payızda Azərbaycanda yeni parlament seçkiləri keçiriləcək. Bu seçkilərin əvvəlkilərlə müqayisədə xeyli maraqlı keçəcəyi və sürprizlərlə yadda qalacağı gözlənilir.

Qeyd edək ki, hələ bir neçə həftə əvvəl "Unikal" qəzeti etibarlı mənbələrə istinadən payızda formalaşacaq yeni parlamentin tərkibində ciddi dəyişikliklərin olacağının anonsunu vermişdi. Qəzetimizə daxil olan məlumatda xüsusilə adı mətbuatda, ictimai rəydə "biznesmen deputat" olaraq keçən millət vəkillərinin əhəmiyyətli hissəsinin parlamentdən kənarda saxlanacağı bildirilirdi. Hansı ki, belə millət vəkilləri arasında hakim partiya xətti ilə Milli Məclisə mandat qazanan deputatlar da az deyil.
Ötən ayın sonlarında isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov təsdiqlədi ki, 2015-ci ildə keçiriləcək parlament seçkilərində YAP-ın namizədlərinin tərkibində dəyişikliklər olacaq. O dedi ki, artıq hakim partiya tərəfindən araşdırmalar aparılıb: "Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi ilə bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədliyinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək".
Dünən əldə etdiyimiz məlumata görə, payızda keçiriləcək parlament seçkilərində Milli Məclisin tərkibində əhəmiyyətli dərəcədə dəyişikliklərin olacağına dair xəbərlərin intensivləşməsi bəzi rayon icra başçılarını hərəkətə gətirib. Söhbət rəhbərlik etdikləri rayonlardan millət vəkili seçilən şəxslərlə konflikt və ixtilaf yaşayan icra başçılarından gedir.
Məlumatlarda bildirilir ki, bir çox deputatların seçildikləri rayonların rəhbərləri arasında müəyyən narazılıqlar mövcuddur. Müxtəlif səbəblərdən, o cümlədən, biznes maraqlarından irəli gələn belə narazılıqlar onların münasibətlərini bu və ya digər şəkildə korlayıb.
İndi bəzi icra başçıları əllərindəki imkanları səfərbər edərək ixtilaf yaşadıqları millət vəkillərinin yenidən rəhbəri olduqları rayondan deputat mandatı qazanmasına qarşı çıxırlar. Onların bu istiqamətdə hərəkətə keçdikləri, odur ki, yaranmış vəziyyətdə müəyyən millət vəkillərinin ciddi narahatlıq keçirdikləri də gələn bilgilər arasındadır.
Bəzi icra başçılarının isə ümumiyyətlə öz rayonlarından daha məqsədə müvafiq şəxsin Milli Məclisə seçilməsində maraqlı olduqları, bunu bilən həmin rayonlardan hazırki millət vəkillərinin durumdan məmnun qalmadıqları, ona görə də hazırda xeyli icra başçısı ilə deputatın münasibətlərinin soyuduğu iddia edilir.
Belə iddiaların nə qədər doğru olub-olmadığını bəri başdan birmənalı söyləmək çətindir. Yəqin ki, qarşıdakı aylarda dövriyyəyə buraxılan bu cür xəbərlərin həqiqəti nə qədər əks etdirdiyi yönündə daha əminliklə və konkret danışmaq mümkün olacaq.
Günel Əkbər