Oliqarxların broyler fabrikləri ilə bağlı yeni tükürpədici iddialar
Oliqarxların broyler fabrikləri ilə bağlı yeni tükürpədici iddialar

Onların öz məhsullarını necə şişirdiklərinin şok detalları ortaya çıxdı

Bütün dünyada, o cümlədən Azərbaycanda istehsal edilən bəzi broyler məhsullarının su ilə şişirdilməsi barədə xəbərlər geniş yayılmaqdadır.
Bu barədə yayılan bəzi gizli çəkiliş videolarında Azərbaycan dilində danışılması da bu xəbərlərin müəyyən qədər doğru olduğunu ortaya çıxarır. Ölkənin bəzi broyler şirkətləri hətta bu faktı öz reklam çarxlarında istifadə edərək, "Bizdən toyuq alanda ətə pul verirsiniz, onlardan toyuq alanda isə suya" deyərək, ölkənin digər broyler şirkətlərinin bu işlə məşğul olduğunu vurğulayırlar.
Bu faktı Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov da təsdiqləyir. "Broylerə fosfat əsaslı mayelər vurmaqla onu şişirdirlər",- deyə Tahir Əmiraslanov bildirib. Onun sözlərinə görə, vurulan məhlul broylerin çəkisini 50-100%-ə qədər artıra bilir. Yəni bir çolpaya 400 qrama qədər fosfat əsaslı məhlul vurularaq çəki 0,8 - 1,2 kiloqrama qədər artırılır.
Aparılan araşdırmaya görə, əslində fabriklərdə kəsilmiş ətə kalsium fosfat duzlarının məhlulunu vururlar. Kalsium fosfat duzları ət məhsullarının emalında, o cümlədən, kolbasa-sosiska məhsullarının istehsalında geniş istifadə edilir. Müəyyən dozada orqanizm üçün hətta faydalıdır - dişlərin və sümüklərin möhkəmləndirilməsi üçün istifadə edilir.
Bu maddə ət və balıq məhsullarının nəmləndirilməsi üçün, yəni suyun ət və balıq toxumaları ilə birləşdirilməsi üçün istifadə edilir. O, həm də əti yumşaldır, tez bişməsinə səbəb olur. Nisbətən sərt toxumaları - əzələləri, dərini, bağırsaqları, baş və ayaq ətini də bu yolla yumşaldaraq kolbasa istehsalında istifadə edirlər. Onları ətə oxşatmaq üçün üzərinə rəngləyici vururlar. Təsadüfi deyil ki, Qərbi Avropa ölkələrində istehsal edilən bütün kolbasa məhsullarının üzərinə 20 faiz dəri və bağırsaqdan ibarət olduğu, yerdə qalan kütləni isə zülal əlavəsi (parafin və peyindən alınmış köbələk tozu) və soyanın təşkil etdiyi qeyd edilir. Ola bilər ki, Azərbaycanda da kolbasa istehsalında bu məhsullardan istifadə edilir, amma bizim şirkətlər bunu qeyd etməyi məsləhət bilmirlər.
Kalsium fosfat duzları broyleri də yumşaldır və dadlı edir. Buna görə də şəhərdə böyümüş və mütəmadi olaraq broyler əti yemiş insanlar kənd toyuğu yeyə bilmirlər, ətini çox sərt sayırlar.
Amma bu işin bir problemi var. Həkimlərin dediyinə görə, broylerdən mütəmadi istifadə edən insanlar müəyyən yaşdan sonra şəkərli diabetə tutulurlar. Bu məsələdə əsas səbəbkar kalsium fosfat məhlulun olduğu bildirilir. Azərbaycanda son 10 ildə şəkərli diabet xəstələrinin sayı 6 dəfə artaraq 50 mindən 300 minə qədər qalxmasını da əhalinin broylerdən ifrat istifadəsi ilə izah edirlər.
Xatırladaq ki, hələ bir müddət əvvəl "Unikal"ın əldə etdiyi məlumatlar onu göstərirdi ki, ölkədəki broylerlərin əksəriyyəti bəzi oliqarxların birbaşa və ya dolayı yolla himayəsində, yaxud nəzarətindədir. Elə bu səbəbdən də Azərbaycanda nə onların məhsullarının keyfiyyətini müəyyənləşdirmək üçün müstəqil laboratoriya yaratmaq mümkün olur, nə də bir çox işbazlara yalançı sertifikatların verilməsinin qarşısını kəsmək mümkündür.
Broylerlərin arxasındakı oliqarx himayəçiliyi hətta aidiyyatı qurumların da əl-qolunu bağlayır və "toyuq biznesi"ndəki anormallıqların aradan qaldırılması istiqamətində onların əməli fəaliyyət göstərmək imkanlarını məhdudlaşdırır.
Nəticədə müəyyən məmurların cibi dolur, vətəndaşların sağlamlığı isə ciddi təhlükə altına düşür.
Ülviyyə Qasımlı