Arif Hacılıya qarşı üsyan qalxdı
Arif Hacılıya qarşı üsyan qalxdı

Bir qrup tanınmış müsavatçı Qubad İbadoğlunun partiyadan əsassız olaraq çıxarıldığını bəyan edib

Xəbər verdiyimiz kimi, fevralın 6-da Müsavat Divanı toplanaraq Q.İbadoğlunun partiya Nizamnaməsinin 1.9-cu bəndini, yəni partiya üzvünün partiyadaxili nizam-intizama əməl etmədiyi, partiyanın nüfuzunu qorumaqla bağlı müddəasını kobud surətdə pozduğu üçün təşkilatın sıralarından xaric olunması barədə qərar verdi.

"Unikal"ın məlumatına görə, Müsavat başqanı Arif Hacılının israrı ilə belə bir qərar verilməsi isə süngü ilə qarşılanıb. Belə ki, Müsavatın tanınmışları partiya rəhbərliyini Qubad İbadoğlunun heç bir Nizamnamə pozuntusuna yol vermədiyi halda partiyadan çıxarmaqda günahlandırıb. Müsavat Partiyasının tanınmış üzvləri son vaxtlar partiyada baş verən hadisələr və başqanlığa sabiq namizəd Qubad İbadoğlunun partiyadan kənarlaşdırılması ilə bağlı Müsavat rəhbərliyinə müraciət ediblər.
Redaksiyamıza daxil olan müraciətdə bildirilir ki, son günlər Müsavat Partiyası daxilində partiyanın siyasi xəttindən və idarəçiliyindən narazı olan üzvlərə qarşı repressiyaların genişlənməsi, onlara müxtəlif vasitələrlə təzyiqlər edilməsi, cəzaların verilməsi, tənqidi mövqedə olan üzvlərin partiya sıralarından çıxarılması bir tərəfdən partiyanın rəhbər strukturlarına etimadı, digər tərəfdən də partiyanın ictimai nüfuzunu azaldır: "Müsavat Partiyası Divanının sonuncu toplantısında partiya başqanlığına sabiq namizəd, son seçkilərdə qurultay nümayəndələrinin 46 faiz səsini qazanmış, tanınmış iqtisadçı-alim Qubad İbadoğlunun heç bir nizamnamə pozuntusuna yol vermədiyi halda partiyadan çıxarılması, partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədliyə xəbərdarlıq edilməsi onsuz da mürəkkəb olan partiyadaxili durumu daha da gərginləşdirib. Bütün bunlar Müsavat Partiyasının bərpasında və quruculuğunda iştirak edən, onun inkişafında xidmətləri olan biz müsavatçı-ziyalıları ciddi şəkildə narahat edir. Biz hesab edirik ki, partiyanın mərkəzi orqanlarının tənqidi fikirlərinə görə üzvlərə qarşı tətbiq etdiyi cəzalandırma kursu şərəfli tarixə malik olan, qarşısına ölkəni demokratikləşdirmək və azadlıqları təmin etmək missiyası qoyan, hazırda liberal inkişaf xətti götürmüş Müsavat Partiyasının imicini korlayır, partiyanın gələcəyinə olan inamı azaldır. Odur ki, yaranmış narahatlığımızı bölüşüb, hazırkı duruma görə ən çox məsuliyyətin partiyanın indiki rəhbərliyinin üzərinə düşdüyünü xatırlatmaqla istərdik ki: Partiyadaxili demokratiya üçün mövcud olan maneələr aradan qaldırılsın, siyasi plüralizmə, fikir müxtəlifliyinə şərait yaradılsın, söz və ifadə azadlığına əməl olunsun, tənqidi mövqelərinə görə partiya üzvlərinin cəzalandırılmasına son qoyulsun, repressiyalar dayandırılsın. Partiyada barışıq mühiti yaradılsın, həmrəyliyə və birliyə yönələn açıq və geniş formatda müzakirələr aparılsın, partiyadaxili dialoqlar təşkil olunsun. Partiya üzvlüyündən çıxarılmış şəxslərlə bağlı partiyanın müxtəlif sturukturlarında verilmiş qərarlara yenidən baxılsın, onlar nizamnamə normalarına uyğunlaşdırılsın. Partiyada bölücülüyə şərait yaradan, onun bütövlüyünə xələl gətirən çağırışlara son qoyulsun.İnanırıq ki, partiya rəhbərliyi bizim bu müraciətimizi qısa zamanda müsbət dəyərləndirərək, Müsavat Partiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadədən bizə miras qalmış təsanüdçülük, birlik və həmrəylik kimi ülvi dəyərlərə hörmətlərini nümayiş etdirərək, tezliklə partiyada barışığa və həmrəyliyə nail olacaqdır".
Müraciətə Müsavat Partiyasının sabiq başqan müavinləri tanınmış jurnalist Mehman Cavadoğlu, fəlsəfə doktoru Məryəm Oruclu, Müsavat Partiyasının sabiq Divan üzvləri professorlar Almaz Əliqızı, Adil Qeybulla, fəlsəfə doktorları Vurğun Əyyub, Rafiq Bəy İsmayıl, Məlahət Mürşüdlü, Hökümə İbrahimli, Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının sabiq sədri İbrahim İbrahimli, Hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı imza atıblar.
Müsavat başqanlığına keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib ki, Arif Hacılı öz maraqları naminə partiyanı qurban verir: Onun sözlərinə görə, Arif Hacılının anti-Müsavat kampaniyasının ön cəbhəsində mənim və tərəfdarlarımın dayandığı barədə fikirləri kökündən yanlışdır. "O, əks fikirli şəxsləri partiyadan qanunsuz olaraq kənarlaşdırmaqla Müsavatı özəlləşdirmək, onu ailə partiyasına çevirmək istəyir. Biz ona imkan verməyəcəyik. Fevralın 21-də Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsis konfransı olacaq. Təsis konfransında ADR hərəkatının Nizamnaməsi və Proqramı, 2015-ci il üçün Fəaliyyət Planı və 2015-2018-ci il üçün Strategiyası qəbul olunacaq. Toplantıda həmçinin ADR Hərəkatının rəhbərliyinə seçkilər keçiriləcək. Onun mərkəzi idarəetmə strukturları formalaşacaq. Bu toplantıda ADR hərəkatının partiya çevrilməsi ilə bağlı müzakirələr gözlənilmir. Hərəkat İctimai Birlik statusunda fəaliyyət göstərmək niyyətindədir. Təsis konfransından sonra ADR hərəkatının sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunacaq".
Görünən odur ki, Müsavat Partiyasındakı iki tirəlik uzun sürməyəcək. Qısa müddətdə partiya rəsmən iki yerə parçalanacaq.
Qərib Gərayzadə