İŞİD-ə əsir düşən qızların dəhşətli dramı
Şok iddia: "Üç aylıq əsarət boyunca daim döyərək təcavüz etdilər"

İraqın Ərbil şəhərindəki Saad Abdulla konfrans salonunda "İraqdakı yezidi kürd və xristianlara qarşı törədilən etnik soyqırımı" mövzusunda toplantı keçirilib.
Türkiyənin "Sabah" qəzeti xəbər verir ki, yığıncaqda müxtəlif din və məzhəblərdən çoxsaylı səlahiyyətli şəxslər iştirak edib.
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən əsir götürülən, daha sonra isə qaçmağı bacaran qızların anlatdıqları iclas iştirakçılarının göz yaşlarına səbəb olub.
Sincarın Tel Azer kəndində ailəsi ilə birlikdə İŞİD-ə əsir düşdüklərini deyən Vahə ləqəbli 17 yaşlı qız 5 avtomobillə gələn terrorçuların onu dəfələrlə döydüyünü bildirib. Vahə İŞİD döyüşçülərinin yaşından asılı olmayaraq, hər kəsə işgəncə verdiyini deyib: "Mazra bölgəsində gözlərimizin önündə 17 kişini vəhşicəsinə öldürdülər. Öldürülənlər arasında atam, qardaşım və əmim də vardı. Əsir aldıqları 23 qadını əvvəl maşınlarla Mosulun Baac rayonuna apardılar. Baacda digər rayonlardan gətirdikləri qadınlarla birlikdə təxminən 200 nəfər olduq. Bizi buradan da yük maşınlara mindirib Mosula apardılar. Ətraf kənd və rayonlardan topladıqları qadınlarla birlikdə 500 nəfər olduq. Mosulda naharsız 10 gün keçirdik. İnsanlara çox pis davranırdılar. Qadınlara hücum edirdilər. Nə edəcəyimizi bilmədiyimiz bir şəraitdə çox qorxmuşduq. Sonra bizi ayrı-ayrı evlərə apardılar. Ora gələn terrorçular istədikləri qızı alırdılar".
Onunla bərabər 20 nəfəri Əbu Leyd adında birinə satdıqlarını vurğulayan Vahə aparıldıqları evdə keçirilən püşkatma nəticəsində İŞİD döyüşçülərinə paylaşdırıldıqlarını söyləyib: "Mənə sahib olmaq istəyən bir nəfərə əvvəl mane olmağa çalışdım. Dostlarımın yanından ayrılmaq istəmədim. Amma məni döyərək apardı. Hər gün döyərək təcavüz etdi. Beş yaşlı bir qızı da 50 yaşlı bir adamın apardığını gözlərimlə gördüm. O kiçik qızı hara apardılar, ona nə etdilər, heç birimiz bilmirik. Bizə verilən yeməklərə nəsə qatırdılar deyə çox vaxt halsız olurduq. Onlar da bizə istədiklərini rahatlıqla edirdilər. Çox pis günlər keçirdik. Bir gün Mosul bombalandığı zaman qapıdakı növbətçi harasa getmişdi. Biz də gecə saat 11-də saxlandığımız yerdən qaça bildik. İraq və Kürdüstan hökumətləri tez bir zamanda əsirləri xilas etməlidir".
21 yaşlı digər yezidi xanım Hezal Mırzo isə əsir düşdükləri vaxt döyüşçülərin onların gözləri önündə bir çox şəxsi edam etdiklərini deyib: "Üç aylıq əsarət həyatım boyu daim təcavüzə məruz qaldım. Hamilə qadınlara dərman verərək onların uşaqlarını öldürürdülər. Günahsız insanlara zülm etdilər. Əziyyət çəkməyimiz onların xoşuna gəlirdi. Bir müddət Mosulda qaldıqdan sonra Telaferdəki bir məktəbə aparıldıq. Getdiyimiz fərqli yerlərdə fərqli adamlar zorla bizimlə cinsi əlaqədə olurdu. Çox müqavimət göstərəndə yeməklərimizə dərman qarışdırırdılar. Bu cür zülmü hər gün çəkinmədən təkrar edirdilər. Orada həyatımın ən ağır və çirkli günlərini keçirdim. Onlar bizim şərəfimizi, dinimizi və abırımızı çirkləndirdilər. BMT və dünya dövlətləri terrorçuları dayandırmalıdırlar".
Bir başqa məlumata görə, ABŞ Konqresində bu ölkənin Kubada olan "Quantanamo" həbsxanası yenidən müzakirə mövzusu olub. Ölkə rəsmiləri çıxışlarında İŞİD terrorçularının edam məhkumlartına təsadüfən narıncı kombinizon geyindirmədiyini, "Quantanamo" həbsxanasının onlar üçün ilham mənbəyi olduğunu bildiriblər.
Senatın Silahlı Qüvvələr komitəsində çıxış edən Müdafiə Nazirliyinin müşaviri Brayan MakKeon, son günlər baş verənlərin "Quantanamo" həbsxanasının dünyanın ən qəddar terrorçularına ilham mənbəyi olduğunun sübutu olduğunu bildirib.
Seçildiyi gündən bəri "Quantanamo" həbsxanasının Amerikanın imicinə ziyan vurduğunu, müttəfiq ölkələrlə münasibətlərdə çətinliklər yaratdığını deyən prezident Obama "Quantanamo" səbəbindən terror təşkilatlarına qoşulanların çox olduğunu deyib.
Bu arada məlum olub ki, İŞİD-in keçən həftə pilotun yandırılmasını göstərən videosunu yaymasından bəri, İordaniya hərbi hava donanması yaraqlıların hədəflərinə qarşı 56 hava hücumu həyata keçirib. Məsələ ilə bağlı açıqlamanı İordaniya ordusunun generalı Mənsur Əl-Cabur yayıb.
O, hərbi hava qüvvələrinin, öldürülən pilot Muaz Əl-Kasabenin qisasını aldığını deyib. Caburun sözlərinə görə, qırıcı təyyarələr İŞİD-in təlim düşərgələrini, silah anbarını və yanacaq depolarını vurub.
Cabur keçən ilin sentyabr ayında İordaniyanın ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşulmasından bəri 7 mindən çox İŞİD yaraqlısının öldürüldüyünü bildirib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İordaniyanın hava hücumlarına kömək məqsədilə dünən F16 qırıcı təyyarələri squadronu göndərib. Bu məlumatı dövlət xəbər agentliyi olan WAM yayıb.
İordaniya və BƏƏ İraq və Suriya ərazisində zəbt edilmiş əraziləri hədəf alan ABŞ başçılıq etdiyi etdiyi hava hücumu koalisiyasına daxildir. Koalisiya qüvvələrinin hücumları bu gün davam etsə də, İŞİD tərəfindən əsir götürülən amerikalı humanitar yardım işçisinin taleyi hələ də məlum deyil.
Murad İbrahimli