Etibar Pirverdiyevə ağır zərbə "vuruldu"
Etibar Pirverdiyevə ağır zərbə "vuruldu"

Səlahiyyətləri azaldılan"Azərenerji"də korrupsiya yoxlamaları və həbs təhlükəsi!

Qısa vaxt bundan əvvəl "Unikal" qəzetinin yazdıqları qismən təsdiqini tapıb. Azərbaycanın kifayət qədər geniş maliyyə və biznes imkanlarına malik olan oliqarx-məmurlarından biri Etibar Pirverdiyevə ağır zərbə "vurulub". Belə ki, onun rəhbərlik etdiyi "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) öz səlahiyyətlərinin əhəmiyyətli hissəsindən məhrum olub.

Məsələ burasındadır ki, Azərbaycan prezidenti İlham Əliyev "Bakıelektrikşəbəkə" ASC-nin adı dəyişdirilərək "Azərişıq" ASC adlandırılması ilə bağlı sərəncam imzalayıb.
"Azərişıq" ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Sənəddə qeyd olunub ki, iki ay ərzində "Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti "Azərişıq" ASC-yə ötürülməli, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" ASC-nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" ASC-nin balansına verilməsi üçün tədbirlər görülməlidir.
"Azərenerji" ASC-nin və "Azərişıq" ASC-nin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir.
Prezidentin digər sərəncamı ilə Balababa Rzayev "Azərişıq" ASC-nin sədri təyin edilib.
Xatırladaq ki, az əvvəl "Unikal" qəzetində dərc edilmiş yazıda bildirilirdi ki, cəmi iki-üç il əvvələdək sürətlə böyüyən biznes imperiyasına, ciddi gəlir qaynaqlarına malik olan "Azərenerji" prezidenti son vaxtlar müxtəlif biznes sahələrindən kənarlaşdırılmaqda, iri həcmli dövlət investisiya layihələrindən uzaq tutulmaqdadır. Bu da onun maddi kapital etibarı ilə çökməyə başladığını göstərirdi. Təcrübə isə göstərir ki, maliyyə baxımından zəifləyən və ya zəiflədilən məmurlar bir qayda olaraq, çox keçmədən tutduqları postu da itirirlər.
Aydın görünür ki, qəzetimizin bir az məlumatlı mənbələrə, bir az da ötən illərin təcrübəsindən çıxış edərək müəyyən təxminlərə əsaslanaraq yaydığı informasiya təsdiqini tapmaq üzrədir. Artıq Etibar Pirverdiyev önəmli səlahiyyətlərindən məhrum edilib, onun vəzifəsi əvvəlki çəkisini, təsir imkanlarını itirib.
Belə məlumatlar var ki, əslində səlahiyyətlərinin azaldılması Etibar Pirverdiyevə qarşıf son zərbə deyil. Bildirildiyinə görə, "Azərenerji"yə uzun illər rəhbərlik etmiş Pirverdiyevin milyardlarla manat dövlət vəsaiti və xarici kreditləri ölkənin enerji sektorunun inkişafına yönəltmək əvəzinə öz şəxsi biznes imperiyasının formalaşmasına yönəltməsinin bütün çılpaqlığı ilə ortaya çıxması ona qarşı hökumət çevrələrinin etimadını kəskin sarsıdıb. Odur ki, növbəti mərhələdə "Azərenerji" prezidentinin görəvini tamamilə itirəcəyi istisna edilmir.
Xatırladaq ki, təkcə 2004-2012-ci illərdə Azərbaycan dövləti üst-üstə 9 milyard 545,9 milyon dollar borclanıb, alınan xarici kreditlərdə ən böyük pay sahiblərindən biri isə məhz "Azərenerji" olub: 24,09%. Yəni nə az, nə çox düz 2,3 milyard dollar! Bunun üzərinə dövlət investisiya layihələrini gəldikdə ortada külli miqdarda məbləğ yaranır. Bununla belə, ölkənin enerji sektorunda çoxsaylı problemlər qalmaqdadır. Bölgələr bir yana, hətta Bakıətrafı kənd və qəsəbələrdə, Abşeron rayonunun əksər hissələrində, Sumqayıtda və s. payız aylarından başlayaraq fasiləsiz işıq məsələsində ciddi problemlər yaranır.
Belə iddialar mövcuddur ki, bu, yuxarıda haqqında danışılan fantastik məbləğdə vəsaitlərin əhəmiyyətli hissəsinin qeyri-şəffaf, təyinatsız xərcləmələrin "qurbanına" çevrilməsi ilə bağlıdır. Hətta belə fikirlər də səslənir ki, Etibar Pirverdiyev şəxsi biznesini gücləndirdiyi halda, enerji sektorunda köklü müsbət dəyişikliklərin baş verməməsi haqqında danışılan vəsaitlərin taleyi ilə bağlı şübhələri daha da qüvvətləndirir.
Əldə etdiyimiz məlumatlara görə, "Azərenerji"nin səlahiyyətlərinin azaldılmasının ardından Hesablama Palatası bu qurumun fəaliyyətini geniş təftiş edəcək. Şübhə doğurmur ki, aparılacaq audit zamanı ortaya yetərincə iri həcmli korrupsiya faktları çıxacaq. Bütün bunların isə "Azərenerji"də önəmli vəzifə sahibi olan bir çox şəxsləri, hətta Etibar Pirverdiyevin özünü də daha böyük təhlükələrlə, o cümlədən, həbs riski ilə üz-üzə qoyması kifayət qədər realdır.
Bundan başqa, səlahiyyətlərinin önəmli hissəsini itirən "Azərenerji" rəhbərinin biznesinin əksər hissəsinə əl qoyulacağı da ehtimal edilir. Onsuz da son vaxtlar dövlət investisiya layihələrindən böyük ölçüdə kənarda qalmağa başlamış "Azinko" şirkətinin, Sumqayıt Texnologiyalar Parkı və digər biznes qurumlarının Pirverdiyevin əlindən alınacağı tamamilə gözləniləndir.
Hər halda Etibar Pirverdiyevlə bağlı sürpriz gəlişmələr bundan sonra da davam edə bilər. Odur ki, hadisələri qabaqlamayaq və proseslərin necə inkişaf edəcəyini gözləyək.
Günel Əkbər