Keçmiş nazirlə əlaqələri olmuş "MMC-lər kralı" həbs edildi
Keçmiş nazirlə əlaqələri olmuş "MMC-lər kralı" həbs edildi

Adına çoxsaylı şirkətlər yaradılmış sahibkarla bağlı sensasion təfərrüatlar

Vergilər Nazirliyi mütəşəkkil cinayətkar qrupu ifşa edib. Qrup 2011-2013-cü illərdə dövlət büdcəsinə bir neçə milyon manat vergi ödəməkdən imtina edib. Buna qədər qrup 106 şirkətin xidmətindən istifadə edib. Onları əvvəllər mühakimə olunmuş İlkin Cahangir oğlu Abbasov yaradıb.

Nazirliyin məlumatına görə, İ.Abbasov Mirzəyev Allahyar Adaşil oğlunu 54 MMC-yə, Əsgərov Dərgah Fəzail oğlunu 23 MMC-yə, Fətullayev Samir İzmir oğlunu 28 MMC-yə, Kazımov Fikrət Əliəkbər oğlu və İsmayilov Ələkbər Hüseyn oğlunun hərəsini bir şirkətə rəhbər təyin edib. Qrup İ.Abbasovun istintaq təcridxanasında saxlanılan atası, "Qlobus M"nin direktoru olmuş Abbasov Cahangir Oktay oğlunun xidmətindən də istifadə edib.
Qrup üzvlərinə qarşı mülki iddianın ümumi məbləği 6,6 mln manatdır. Qrup üzvləri istintaqdan yayınmağa çalışıb. Ötən ilin dekabrında cinayətkar dəstənin bütün üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.
Maraqlıdır ki, Vergilər Nazirliyi bu qrupun böyük pullara necə yetişdiyini açıqlamayıb. Məlumatda tender yolu ilə həyata keçirilən bir neçə dövlət satınalmasından (Samuxda iki kənd məktəbi tikintisi, Salyanda avtoyolun əsaslı təmiri) danışılır. Necə olub ki, kadr potensialı, maliyyə ehtiyatı (tenderdə iştirak üçün minimum müəyyən bank zəmanəti tələb olunur) və hətta lisenziyası olmayan şirkətlər tenderdə qalib gəlib?
"Unikal" isə bu mövzunu araşdırarkən maraqlı detalları ortaya çıxarıb. Belə ki, təkcə 2013-cü ilin noyabr ayından 2014-cü ilin yanvar ayınadək A.Mirzəyevin adına 31 şirkət qeydiyyatdan keçirilibmiş. Mirzəyevin bu qədər Məhdud Məsuliyyətli Cəmiyyətlərə (MMC) niyə, hansı məqsədlə sahib olduğunu demək artıqdır. Həmin MMC-lər əksər hallarda müxtəlif dövlət qurumlarının tenderlərini müəmmalı şəkildə udaraq kifayət qədər iri vəsaitlərin xərclənməsində söz sahibinə çeviriblər.
Qeyd edək ki, dövlət qurumlarının elan etdiyi tenderlərdə təsadüfü qaliblər olmur. "Qaliblər" istisnasız olaraq dövlət qurumlarının yüksək vəzifəli şəxslərinin yaxınlarından ibarət olur. Ona görə hesab etmək olar ki, bu dəstə konket hansısa bir məmurun himayəsində olub. Ancaq Vergilər Nazirliyi həmin qurumun - tender elan edən qurumun adını açıqlamadığından nəsə demək çətindir. Böyük ehtimalla həmin məmurun vurulmasına dair siyasi qərar var və buna uyğun olaraq da Vergilər Nazirliyi hüquqi posedurlara başlayıb. Mütəşəkkil qrup 6,6 milyon vergini mənimsəməkdə ittiham olunursa, onda belə çıxır ki, söhbət dəyəri bir neçə yüz milyon manat olan tenderlərdən gedir.Bu tip tenderləri "Azərenerji" ASC, Dövlət Neft Şirkəti kimi böyük büdcəsi olan qurumlar edə bilərdi.
Amma bizim araşdırmalarımız bu "MMC-lər kralı"nın Səfər Əbiyevin vaxtında Müdafiə Nazirliyinin tenderlərinin şübhəli qaliblərindən biri olduğunu göstərir. Belə ki, cənab Mirzəyevin hüquqi nümayəndəsi olduğu "Primodern" MMC (qeydiyat ünvanı:AZ1116, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi ŞTQ, Mikraroyon 7, ev 7B, m.43. Qeydə alındığı tarix: 23-12-2013), "Çıraqnur" MMC (qeydiyyat ünvanı:AZ1111, Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev 3 MKR, ev 30/14, m.2. Qeydə alındığı tarix: 18-12-2013), "Foster" MMC (AZ1111, Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev 3 MKR, ev 30/14, m.2. Qeydə alındığı tarix: 18-12-2013), "Asirus" MMC (AZ1111, Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev 3 MKR, ev 30/14, m.2. Qeydə alındığı tarix: 18-12-2013) şirkətlərinin hamısı 2013-cü ilin dekabr ayında yaradılıb. 2014-cü ilin ilk beş ayında həmin şirkətlər artıq Müdafiə Nazirliyinin tenderlərinin qalibi olub.
Hər halda inanaq ki, kifayət qədər iri məbləğdə dövlət vəsaitini mənimsəmiş qrupun cinayət işinin istintaqı yaranan bir çox suallara cavab tapılmasında kömək edəcək. Eyni zamanda ümid edək ki, dövlətin milyonlarla manatını qanunsuz olaraq ələ keçirən qrupa bu işdə hər hansı formada "yaşıl işıq" yandırmış vəzifəli şəxslərin də kimliyi müəyyənləşdiriləcək və onların da cəzalandırılmasının önü açılacaq.

Ülviyyə Qasımlı