Qərb Ukraynanın bölünməsinə razıdır
Qərb Ukraynanın bölünməsinə razıdır

Putinə sülh planı ilə razılaşmaq təklif olunur, əks halda isə ABŞ ilə müharibə etməli olacağı bildirilir

"Keçən həftə Moskvada baş tutan və Ukraynadakı münaqişənin tənzimlənməsi üçün son ümid yeri kimi baxılan Putin-Olland-Merkel görüşünün nəticələri barədə heç bir açıqlama verilmədi. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Peskov liderlərin beş saatlıq görüşündən sonra yalnız onu bildirdi ki, danışıqlar "konstruktiv və məzmunlu" keçib. Xatırladaq ki, Putinlə görüşdən əvvəl Fransa və Almaniya liderləri Kiyevdə olmuş və Ukrayna prezidenti Poroşenko lə danışıqlar aparmışdılar". Bu, azvizion.az saytında yerləşdirilən analitik yazıdandır (müəllifi Tofiq Əsgərov).

Yazıda daha sonra deyilir: "Görüşlərin nəticələri barədə heç bir açıqlamanın verilməməsi danışıqların uğursuzluqla nəticələndiyindən xəbər vermir. Ən azı ona görə ki, münaqişə ilə bağlı "normand formatı"nda, yəni, Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin iştirakıyla həftə sonunda telefon danışıqlarının aparılması və Minskdə növbəti görüşün keçirilməsi planlaşdırılıb. Odur ki, danışıqların hələ ki davam edəcəyini əminliklə söyləmək olar.
Danışıqların məzmunu və nəticələri ilə bağlı müxtəlif ehtimallar irəli sürmək olar. Şübhəsiz ki, həm Ukrayna, həm də Avropa Donbas və Luqanskdakı Rusiyanın dəstəklədiyi separatçıların son vaxtlar irəliləməsindən narahatdırlar. Avropalıların əsas məqsədi separatçıların irəliləməsini dayandırmaq və münaqişənin hazırki vəziyyətdə qalaraq atəşkəsə nail olmaqdır. Başqa sözlə desək, Qərb müharibənin dayanması müqabilində Donbas və Luqansk əyalətlərinin Rusiyaya verilməsinə razıdır.
Hələ Kiyev görüşü ərəfəsində belə bir məlumat yayıldı ki, Kiyev bu əyalətlərə ən yüksək muxtariyyətin verilməsinə razıdır. Hətta bəzi məlumatlarda qeyd edilirdi ki, Avropa liderləri münaqişə zonasına beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsini Putinə təklif edəcəklər. Sülhməramlıların yerləşdirilməsi o deməkdir ki, Rusiya ilə Avropanın nüfuz dairəsinin sərhəddi müəyyən ediləcək və xəyali sərhəd çəkiləcək. Təbii ki, Poroşenko bu planla razı deyil və ölkəsinin ərazi bütövlüyünün pozulması və sülhməramlıların yerləşdirilməsi ilə razılaşa bilməz.
Ukrayna rəhbəri keçən həftə verdiyi bəyanatda ölkəsinə hər hansı sülhməramlıların yerləşdirilməsinə etiraz etdiyini bildirib və əsas tələblərinin rus qoşunlarının Ukrayna ərazisindən çıxarılması olduğunu deyib. Poroşenkonun bu bəyanatı bir tərəfdən ölkə ictimai rəyinin bu məsələyə hazırlanması xarakteri daşıyırsa, digər tərəfdən Qərbə mesaj kimi də qiymətləndirilə bilər. Yəni "Biz söz verdiyimiz kimi siz tərəfə keçdik, indi isə siz söz verdiyiniz kimi rusları burdan qovun". Ümumiyyətlə, danışıqların gizli aparılmasınin əsas məqsədi elə ictimai rəylə bağlıdır ki, Rusiya yaxud Ukraynanın qarşılıqlı kompromisləri üçün ölkədaxili ictimai rəy təsir göstərməsin.
Rusiyaya gəldikdə isə Qərb Putinin razılığını əldə etmək üçün uğurlu formul seçib. Putinlə danışıqlara Amerika ilə hər zaman fikirləri üst-üstə düşməyən imicini qazanmış Almaniya və Fransa liderləri yollanır. Avropalılar Kremldə belə bir fikir formalaşdırmağa çalışırlar ki, Almaniya və Fransanın Amerika ilə mövqeləri heç də eyni deyil və onlar öz maraqları və Avropa maraqları üçün danışıqlar aparır və məsələyə neytral mövqedən yanaşırlar. Almaniya kansleri Merkelin səfər öncəsi danışıqların əsas məqsədinin Avropa və öz ölkələrinin milli maraqları olduğunu bildirməsi buna xidmət edir. Ehtimal etmək olar ki, Putinlə danışıqlarda Avropa ilə Rusiyanın iqtisadi maraqları ön plana çəkiləcək və yaranmış vəziyyətdən Amerikanın deyil, onların əziyyət çəkdiyi bildiriləcək.
Rusiyaya təklif oluna bilər ki, Donbas və Luqanskla (həmçinin Krım) kifayətlənsin və Ukraynanın qalan hissəsinin Qərbin nəzarətinə keçməsiylə barışsın. Əvəzində isə, Rusiya qarşı tətbiq olunan sanksiyalar nisbətən yumşaldılsın, müəyyən dövrdən sonra isə tamamilə aradan qaldırılsın. İlkin mərhələdə Poroşenkonun da vaxt udmaq üçün buna razılıq verəcəyini gözləmək olar. Çünki, Kiyev üçün hazırki məqamda iqtisadiyyatını bərpa etmək üçün müəyyən vaxta ehtiyacı var.
Avropalılar hər nə qədər Amerika ilə həmfikir olmadıqlarını bildirsələr də, Putini Vaşinqtonla hədələməyi də unutmurlar. Amerika tərəfi rəsmi olaraq bəyan edib ki, Ukrayna ordusuna hərbi yardım göstərməyə hazırdır və hərbi yardımın göstərilməsi danışıqların nəticəsindən asılı olacaq. Merkel danışıqların yekunları ilə bağlı məlumat vermək üçün artıq Vaşinqtona yollanıb. Başqa sözlə desək, Putinə sülh planı ilə razılaşmaq təklif olunur, əks halda isə Ukrayna ərazisində Amerika ilə müharibə etməli olacağı bildirilir".
Ukrayna ordusu
hücuma keçdi: üç
məntəqə azad edildi

Bu arada Ukrayna qoşunları Mariupol istiqamətindən Novoazovska tərəf hücuma keçib. "unian.net" saytı xəbər verir ki, bu barədə "Azov" batalyonunun mətbuat xidmətinin xəbərində deyilir.
Xəbərdə o da deyilir ki, Pavlopol, Şirokino və Kominternovo terrorçulardan azad edilib.
"Azov" hücuma keçdi. "Azov" alayı Novoazovska tərəf hücum əməliyyatına başlayıb. Atəşin intensivliyi yüksəkdir. Hər iki tərəf müxtəlif kalibrli silahlardan istifadə edir. Düşmən döyüşə zirehli texnikanı cəlb edib. Rusiya aviasiyası sərhədi üç dəfə keçib, ancaq bizə zərbə endirməyib. "Azov" Saxank istiqamətində də hücuma başlayıb", - batalyondan bildiriblər.
Məlumatda qeyd olunur ki, Saxank istiqamətində birinci blokpost azad edilib: "Rəqib geri çəkilir. Pavlopol azad olunub. Oktyabra hücum başlanır".

Putin: Ukraynada
böhranın səbəbkarı...

Ukrayna böhranı ABŞ və onun müttəfiqlərinin fəaliyyətinin nəticəsidir. Bunu Misirin "Əl-Əhram" qəzetinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Ukrayna böhranı Rusiyanın günahı ucabatından meydana çıxmayıb. O, ABŞ və onun Qərb müttəfiqlərinin özlərini soyuq müharibənin" "qalibi" hiss edərək hər yerdə öz iradələrini sırımaq cəhdlərinin nəticəsidir. Biz gördük ki, NATO infrastrukturu Rusiya sərhədlərinə get-gedə daha çox yaxınlaşır və Rusiyanın maraqları nəzərə alınmır", - Putin əlavə edib.
Putin deyib ki, ABŞ və onun Qərb müttəfiqlərinə Ukraynanın daxili işlərinə qarışmağın fəlakətlə nəticələnəcəyi barədə dəfələrlə xəbərdar olunsa da, əhəmiyyət verməyiblər.
Kreml rəhbəri bildirib deyib ki, Ukraynada böhranın nizamlanması Minsk razılaşması əsasında sülh yolu ilə həyata keçirilməlidir. Bununla yanaşı, perzident Putin düşünür ki, sabitləşmənin əsas şərti Ukrayna qüvvələrinin atəşi dayandırmasıdır. "Vəziyyətin sabitləşdirilməsi üçün ən əsas şərt atəşin kəsilıməsi, sözdə antiterror, mahiyyətcə isə cəza xarakteri daşıyan əməliyyatın dərhal dayandırılmasıdır," - Putin bildirib.
Putinin sözlərinə görə, Kiyevin Donbassa iqtisadi təzyiq etmək cəhdləri vəziyyəti mürəkkəbləşdirir. Bu yol böyük fəlakətlə nəticələnəcək çıxılmaz vəziyyətə aparır. Böhran ukraynalılar öz aralarında razılığa gələnədək, radikalizm və millətçiliyin hökmranlığına son qoyulana qədər davam edəcək. "Kiyevdəki hakimiyyətin öz xalqını eşitməsi, ölkənin bütün siyasi qüvvələri və regionları ilə razılığa gəlməsi vacibdir. Elə bir konstitusiya quruluşu işlənib hazırlanmalıdır ki, bütün vətəndaşlar təhlükəsiz və rahat yaşaya bilsinlər və insan hüquqlarına tam əməl olunsun," - deyə Putin vurğulayıb.

Ukraynadan dəhşətli kadrlar: 8 min
əsgər mühasirədə

Ukraynanın şərqində qızğın döyüşlər faicəvi sonluğa yaxınlaşır. Rusiyayönümlü separatçılar xəbər verirlər ki, Debalsevoda məngənəyə düşən Ukrayna ordusu yeganə həyat yolunu itirib. Belə ki, Ukrayna ordusunu silah-sursat və ərzaqla təmin edən Artyomsk yolu kənd ilə birgə rusiyayönlü separatçılar tərəfindən alınıb. Bununla da hərbi sursatı tükənmək üzrə olan 8 min əsgər hazırda mühasirədədir.
Ukraynada hazırda səfərbərlik elan edilməsinə baxmayaraq, 8 min əsgərin itirilməsi və ya təslim olması orduya böyük zərbə ola bilər.
Kadrlara diqqətl baxılsa sezmək olar ki, rusiyayönlü deyilən qüvvələr, ən son silah-sursatla və hərbi forma ilə təchiz olunmuş nizami ordudur. Yalnız Rusiya ordusunda olan ən son nəsil tanklar da gözdən qaçmır.
Ukraynada isə insanların başı çətin iqtisadi vəziyyətdə yaşamaq uğrunda mübarizəyə qatışıb. Dünən Kiyev meriyası önündə metro jetonlarının bahalaşmasına qarşı izdihamlı aksiya keçirilib. Ölkə valyutası dollar və euroya nisbətdə 3 dəfə ucuzlaşıb.
Qeyd edək ki, Ukrayna tərəfi ordunun mühasirəyə alınması barədə heç bir məlumat vermir. Sadəcə Debalsevoda qızğın döyüşlərin getməsi xəbəri ilə kifayətlənir.

Bu günki "Normandiya görüşü"ndə
nə baş verəcək?

Merkel fevralın 11-də Minskdə baş tutacaq "Normandiya dördlüyü"nün görüşündə Putini Almaniya və Fransa tərəfindən ona təklif edilən sülh sazişi ilə razılaşmağa çağırıb. "Wall street" jurnalına daxil olan məlumata görə, Putinin sammitdə yeni "Yol xəritəsi" sülh planından imtinası Rusiyaya böyük zərbələrə yol açacaq (olaylar.az).
Mənbə bildirir ki, Merkel Putini Rusiya şirkətlərinin fəaliyyətinin və iş adamlarının xarici bank hesablarının dondurulması barədə sanksiyalarla təhdid edib. Markel onu da deyib ki, Rusiya sülh planına "yox" desə, Almaniya ABŞ tərəfindən Ukraynaya nəzərdə tutulan silah yardımına etiraz etməyəcək: "Hələlik rəsmi Berlin bu ideyaya qarşı çıxır. Amerikanın Ukraynaya silah yardımı məsələsi Münhen Təhlükəsizlik Konfransında geniş müzakirə mövzusu olub. Avropalı diplomatların fikrincə, Ukrayna münaqişəsinin həlli müharibə ilə yox, danışıqlarla mümkün olmalıdır". Bundan əvvəl Merkel və Ollandın Moskva səfərlərində də Putin geri çəkilməyəcəyi halda, müharibə ilə hədələnmişdi.
Mənbənin iddia etdiyi kimi bu, Qərbin Putinə verdiyi sonuncu şans ola bilər. Lakin bu, Qərb-Rusiya qarşıdurmasının başlanması demək olmayacaq. Ən azından ABŞ Rusiyanın atom bombalarından əlavə, "İskəndər-M" və "Smeç" kimi kütləvi qırğın silahlarına sahib olmasından xəbərdardır. Belə bir müharibənin gətirəcəyi fəlakətləri əvvəlcədən görür. İkincisi, Ukraynaya 3 milyard dollarlıq hərbi yardımın verilməsidir ki, Qərb buna da getməyəcək. Çünki, belə bir addım Ukraynanın Rusiya ilə poliqonda tək buraxılmasıdır. Bunun da nəticəsi Qərb üçün sərfəli olmayacaq. Hərbi güc baxımından Ukrayna Rusiyadan geridə qalır. Belə bir müharibə də faktiki Rusiyanın qələbəsi deməkdir. Proseslərin bu nəticəsi də Qərbin marağında deyil. Hazırda ABŞ və Avropa İttifaqının Rusiyanın Ukrayna ərazilərindən geri çəkilməsi üçün çalışdıqlarını nəzərə alsaq, Qərb müharibəyə də razı olmayacaq. Əgər qarşıdurma baş versə, NATO müdaxilə edəcək. Bu Qərbin istəmədiyi Böyük müharibənin başlanması deməkdir. Qərb ilk növbədə bununla Rusiyanın reaksiyasını yoxlayır. Aldığı nəticə isə ürəkaçan deyil. Putin Qruşkonun diliylə müharibəyə hazır olduqlarını dedi. Ona görə də bu ehtimal lazımi nəticəni vermədi.
Merkelin iddiası, Qərbin Rusiyaya yaxınlaşmaq cəhdləri ola bilər. Amerikalı analitiklərə görə, Rusiya üçün də müharibə o qədər də əlverişli variant deyil. Bu halda Kreml Brüssel və Vaşinqtonla diplomatik masa arxasına əyləşə bilər. Qərbin də Putindən istədiyi budur. Beləliklə, Ukrayna məsələsinin mərhələli həlli prosesi başlayacaq. Bu Minsk anlaşması çərçivəsində olacaq. İlkin mərhələdə Kremlin istəklərinə uyğun olaraq, Donetksk və Luqanska Ukraynanın ərazi bütövlüyü daxilində statuslar veriləcək. Bu proseslərin sərngiməsinə imkan yaradacaq. Krım məsələsinin həlli isə bundan sonraya saxlanılacaq. Çünki indiki şəraitdə tərəflərin əsas istəkləri Donbasda vəziyyətin stabilləşməsidir.
Bu məsələ həll ediləndən sonra Krım məsələsi mərhələli həll prosesinə girəcək. Təbii ki, Kremlin də Qərbdən tələbləri olacaq. Bu, neftin ucuzlaşmasının qarşısına çıxarılmış əngəllərin və Rusiyaya tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasıdır. Əgər fevralın 11-dən sonra Ukrayna üçün vəd edilmiş hərbi yardım planı ləğv ediləcəksə, iddia təsdiqini tapacaq. Əks təqdirdə isə müharibə kartı oynanılacaq.

Kənan Rzaquliyev