ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri videomüraciətlə çıxış edib
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri videomüraciətlə çıxış edib
Robert Sekuta müraciətində Azərbaycan dilində bəzi cümlələr də işlədib

"Azərbaycanın layiq olduğu daha perspektivli gələcəyi qurmaq üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm". APA-nın məlumatına görə, Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta azərbaycanlılara ünvanladığı videomüraciətində belə deyib.
R. Sekuta ABŞ prezidenti Barak Obamanın Azərbaycanda xidmət göstərmək üçün onun namizədliyini irəli sürməsindən şərəf duyduğunu bildirib: "Azərbaycana gedəcəyim günü səbirsizliklə gözləyirəm. Çox şadam ki, sizi beynəlxalq münasibətlər fakültəsində təhsil almağa başladığım Corctaun Universitetinin "Riggs" kitabxanasından salamlayıram. Mən 36 ildən çoxdur ki, ABŞ diplomatıyam və müxtəlif yerlərdə çalışmışam. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə güclü əməkdaşlıq qurub və bir sıra eyni məqsədləri bölüşür. Regional təhlükəsizlik və iqtisadi inkişaf, xüsusilə gənclərin işlə təmin olunması bizim münasibətlərin iki əsas prioritetidir. Üçüncüsü demokratik inkişafdır. Hər üçü Azərbaycanın sabitliyi üçün labüddür və bizim ikitərəfli münasibətlərimiz üçün mühümdür. Səfir olaraq bütün azərbaycanlılarla bu prioritetlər üzərində işləməyi, xalqlararası əlaqələrimizi dərinləşdirmək və genişləndirməyi səbirsizliklə gözləyirəm. Qarşılıqlı anlaşmaya əsasən biz ölkələrimizi daha da yaxınlaşdıra bilərik. Həyat yoldaşım Ann mənimlə birlikdə Azərbaycana gələcək. "Şahplov"un dadına baxmağı, sizin zəngin tarix və mədəniyyətinizlə tanış olmağı səbirsizliklə gözləyirik. Sizcə, biz ilk olaraq hara səfər edək - Beşbarmaq, Yanardağ, yoxsa Qobustana? Səfirliyimizin "Facebook" səhifəsində öz fikirlərinizi bölüşün. Orada həmçinin ABŞ-Azərbaycan əlaqələrinin zənginləşdirilməsi yolları barədə də fikir mübadiləsi apara bilərik".
Qeyd edək ki, səfir müraciətində Azərbaycan dilində də cümlələr işlədib. Diplomat fevralın 12-də Azərbaycana gələcək.