20 Sentyabr 2019
19 Sentyabr 2019
Səudiyyə Ərəbistanı hansı halda nefti ucuzlaşdıracaq?
Səudiyyə Ərəbistanı hansı halda nefti ucuzlaşdıracaq? DÜNYA 09:23 2015-02-11

Səudiyyə Ərəbistanı hansı halda nefti ucuzlaşdıracaq?

ABŞ-la müttəfiqliklə bərabər, bu ölkənin öz merkantil maraqları da Rusiyanın zəifləməsini tələb edir

Son dövrlər dünya bazarında neftin qiymətinin oynaması ölkəmizə də təsirsiz ötüşməyib. Ölkəmizin büdcəsi neftdən olan gəlirlərin böyük bir hissəsindən məhrum olub. Gəlirlərin azalması ilə bağlı ölkədə bəzi sosial layihələr də dayanır.

Belə sükutu zaman-zaman dövlət rəsmilərinin açıqlamalarında da görürük. Bu yaxınlarda jurnalistlərə açıqlama verən nəqliyyat naziri Ziya Məmmədov etiraf etmişdi ki, neftin qiymətinin aşağı düşməsi nəqliyyatla bağlı layihələrə təsirsiz ötüşməyib. Onun sözlərinə görə, ölkə daxilində sürətli qatarların və tramvayların çəkilməsi bir növ xəyala bənzəyir: "Belə bir arzu var. Bunu reallaşdırmaq üçün böyük maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, dünyada neftin qiyməti aşağı düşüb, müəyyən proseslər gedir. Bu da böyük layihələrin icrasına öz təsirini göstərir, onların həyata keçirilməsini ləngidir".

Bəs neftin qiyməti bundan sonra necə olacaq?

Hazırda dünyanın neft bazarında diktatorluq Səudiyyə Ərəbistanının əlindədir. Səudiyyə Ərəbistanı ABŞ-ın ən yaxın müttəfiqi olmaqla yanaşı regionda güc balansının qorunmasında mühüm ölkədir. Səudiyyə Ərəbistanı regionda İranın ekspansiyasının qarşısını ala bilən gücdür. Yaxın Şərqdə İsrail və İrandan sonra üçüncü güc mərkəzidir.
Məşhur xalq deyiminə görə, ağalar savaşanda şillə-təpik nökərlərə dəyir. Son dövrlər dünyada "qara qızılın" sürətlə dəyərdən düşməsi, əslində, bu deyimi xatırladır. Dünya ağalığına can atan Amerika Birləşmiş Ştatlarının qarşısında duran yeganə rəqib Rusiya və Çindir. ABŞ prezidentinin dünya üzərindəki hakimiyyətinin, taxtı-rəvana çıxmasının qarşısında duran yeganə əngəl bu iki dövlətdir. İlkin olaraq isə Rusiyadan başlamaq gərəkdiyini okeanın o tayında yaxşı bilirlər. Odur ki, əllərində olan neft rıçaqlarından həm öz imkanları, həm də Səudiyyə Ərəbistanın əli ilə istifadə edirlər.
Belə bir zamanda Rusiya ilə ABŞ-ın timsalında dünya ağalarının savaşı gedir. Suriya və Ukraynadakı vətəndaş müharibələri də əslində, həmin qarşıdurmanın məhsuludur.
Rusiya kimi bir dövləti silah gücünə, açıq müharibədə məğlub etmək elə də asan deyil. Həm də açıq müharibə tək Rusiyanın deyil, dünyanın sonu ola bilər. Bu səbəbdən də, rəqiblər ayını yerə yıxmaq üçün bir qədər zəif müttəfiqlərini sıradan çıxarmaq və iqtisadi müharibə hesabına dövləti zəiflətməyi ən uğurlu üsul hesab edirlər.
Odur ki, dünyada neftin sürətlə ucuzlaşmasının başlıca səbəbi də iqtisadiyyatı "qara qızıldan" asılı olan Rusiyanı zəiflətməyə hesablanıb.
Bu gün dünyanın "neft imperiyası" sayılan Səudiyyə Ərəbistanı bilərəkdən hasilatı yüksək səviyyədə saxlayaraq dünya bazarında tələb-təklif balansını istədiyi səviyyədə saxlayır. Hazırkı dövrdə istək təklifin tələbdən çox olmasıdır.
ABŞ-la müttəfiqliklə yanaşı, Səudiyyənin merkantil maraqları da Rusiyanın zəifləməsini tələb edir. Rusiyanın Suriyada şiə təriqətindən olan Bəşər Əsəd hakimiyyətini dəstəkləməsi, İrana nüvə enerjisi də daxil olmaqla hərtərəfli dəstək göstərməsi sünni ərəblərə xoş gəlmir.
Bunu artıq Ərəbistanda açıq şəkildə də bəyan edirlər. Ötən həftə Səudiyyə Ərəbistanı hansı halda neft hasilatını azalda biləcəyini açıqlayıb. "The New York Times" qəzetinin məlumatına görə, ərəblər bildiriblər ki, rəsmi Moskva Bəşər Əsədə olan dəstəyi dayandırarsa, Ər-Riyad da dünyada neftin ucuzlaşmasının qarşısını alacaq addımlar atacaq. Bu istiqamətdə Rusiya-Səudiyyə gizli danışıqları artıq bir neçə aydır ki, davam edir. Danışıqlarda, hələ ki, uğur əldə edilməyib.
Səudiyyə Ərəbistanının yüksək çinli məmurları ABŞ-ı əmin edirlər ki, Rusiyanın mövqelərinə təsir göstərmək metodlarına malikdirlər. Yaxın Şərqdə hasilatın azalması dünya bazarlarında "qara qızıl"ın qiymətinin artmasına səbəb ola bilər.
Şimaldakı ekspertlər hesab edirlər ki, Səudiyyə Ərəbistanı heç bir halda Rusiyanın xarici siyasətinə təsir göstərə bilməz. Rusiyanın strateji araşdırmalar institutunun direktorunun müşaviri Yelena Suponina RİA Novosti-yə açıqlamasında bildirib ki, rəsmi Moskva Əsəd hakimiyyətinə dəstəyini dayandırmayacaq.
"Rusiyanın Yaxın Şərqlə bağlı mövqeyi heç bir şərt altında dəyişməyəcək. Bu mövqe iqtisadi hesabatlardan deyil, Rusiyanın beynəlxalq siyasətindən asılıdır. Burada iqtisadiyyat deyil, böyük siyasət rol oynayır", - o qeyd edib.

Rusların yoxsa,
Amerikanın İŞİDir?

Bu gün Rusiya prezidenti Vladimir Putinin açıqlaması dolayısı yolla bir daha təsdiq etdi ki, Rusiya iqtisadi səbəblərə görə öz siyasətindən geri çəkilməyəcək. O, "İraq Şam İslam Dövləti"nə (İŞİD) qarşı yaradılmış koalisiyaya məsləhət verərərək bildirdi ki, Bəşər Əsədlə əməkdaşlıq vacibdir.
"İŞİD-ə qarşı mübarizə üzrə koalisiyanın davranışları təhlükənin miqyasına mütənasib deyil. İŞİD terrorçu qruplaşmasının dünya ictimaiyyətinə qarşı yönəlmiş təhdidi müqayisəedilməzdir. Terrorçular İraq və Suriyanın əhalisi 10 milyondan çox olan böyük ərazilərində nəzarəti ələ keçirməyə çalışırlar. Yaxın Şərq regionundan xeyli uzaqdakı ölkələri də təhdid edirlər. Biz artıq bunu Fransa, Avstraliya və Kanadada müşahidə etmişik. Antiterror koalisiyası tərəfindən həyata keçirilən taktika və strategiya mövcud təhlükənin xarakterinə uyğun deyil. Yalnız hava zərbələri ilə İŞİD-in öhdəsindən gəlmək mümkün deyil. Həm də BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan belə hərəkətlər qeyri-legitimdir. Əgər İraqda terrorizmə qarşı mübarizə rəsmi Bağdadla birlikdə həyata keçirilirsə, koalisiya Suriyada qanuni hakimiyyətlə əməkdaşlıqdan imtina edir", - Rusiya prezidenti vurğulayıb.
Görünən odur ki, hələ ki, dünyanın güc mərkəzlərindən heç biri silahı yerə qoymaq fikrində deyil və bu xəmir hələ çox su aparacaq. Azərbaycan kimi dövlətlərin vəziyyəti isə 1990-cı illərdə məşhur olan meyxananı xatırladır:
"Sağda urus, solda müsəlman, arada qalmışam,
Dövrələyib məni şeytan, arada qalmışam".
Teymur Hacıyev