Müsavat Partiyası iqtidar-müxalifət dialoqundan qaçdı
Müsavat Partiyası iqtidar-müxalifət dialoqundan qaçdı

Niyaməddin Orduxanlı: "Bu görüşdən imtina artıq o deməkdir ki, indiyə qədər bu partiyanın verdiyi "iqtidarla hər zaman dialoqa getməyə hazırıq" bəyanatı riyakarlıqdan başqa bir şey deyil"

Müsavat Partiyası iqtidar-müxalifət dialoqunda iştirak etməyəcək. Bu barədə "Unikal"a partiyadan məlumat verilib.
Belə ki, Müsavatın yaydığı məlumatda partiyanın iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirdiyi qeyd olunub.
Müsavat Partiyası hesab edir ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir. Müsavat görüşdən imtina etməsinə səbəb kimi qeyd edib ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bir qrup siyasi partiyaların rəhbərləri ilə təyin olunan görüşün mahiyyəti iqtidar nümayəndələri tərəfindən müxtəlif cür təqdim olunur. Bu görüşdə müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb. Görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum deyil. Bu baxımdan Müsavat görüşdə iştirak etməyəcək.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib ki, Müsavatın bu görüşdən imtina etməsi artıq o deməkdir ki, indiyə qədər bu partiyanın vediyi "iqtidarla hər zaman dialoqa getməyə hazırıq" bəyanatı riyakarlıqdan başqa bir şey deyil. Onun sözlərinə görə, Müsavat Partiyası bu addımı ilə ikiüzlü siyasət yürütdüyünü ortaya qoyub: "Uzun illərdi bu cür açıqlamalarla çıxış edirdilər. Hakimiyyətin siyasi partiyalarla bu cür dialoqunu çox müsbət xarakterizə edirik. Niyə qaçırsınız görüşdən, kimdən qorxursunuz? Başqa vaxt deyirsiniz ki, biz demokratik düşüncəli insanlarıq. Görüşüb ümümi müzakirə aparmağın və ölkədə mövcud olan problemləri birgə müzakirə etməyin nəyi pis ola bilər? Odur ki, Müsavat partiyasının bu cür addımı anlaşılan deyil".
BAXCP yetkilisi onu da nəzərə çatdırıb ki, Müsavat Partiyasının görüşdən imtina etməsi bu görüşə heç bir təsir etməyəcək. "Onların iddialarını əsasız iddia hesab edirəm. Bu görüşü təşkil edən hakmiyyətdir və bunun fomratını da onlar müəyyənləşdirir.Müsavat ölkədə tək siyasi partiya deyil. 50 dən artıq siyasi partiya var. Parlamentdə təmsil olunan 11 siyasi partiya mövcuddur. Müsavat heç parlametdə də təmsil olunmur. Odur ki, bu "arqument" heç bir halda əsas sayıla bilməz. Sənin nəyinə lazımdır ki, görüşdə kim iştirak edəcək? Öz sözün etirazın varsa, fikirini bildir. Ona görə də Müsavatın görüşdən imtinası ikiüzlülükdən başqa bir şey deyil", - deyə N.Orduxanlı fikrini tamamlayıb.
Qərib Gərayzadə