Qərb yaxşıdır, amma Şərqi də unutmayaq
Qərb yaxşıdır, amma Şərqi də unutmayaq

Şanxay Əməkdaşlıq Təşkilatı böyüyür

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi statusu ilə qoşulmaq istəyən dövlətlərin biri də artıb. O, Azərbaycandır.
ŞƏT-in baş katibi Dmitri Mezentsev TASS-a bildirib ki, təşkilatın fəaliyyətində müşahidəçi statusu ilə iştirak etmək istəyən digər dövlətlər Suriya, Belarus, Ermənistan və Banqladeşdir.
"Bu yaxınlarda isə Maldivin xarici işlər nazirindən dialoqla bağlı tərəfdaş statusunun verilməsi ilə bağlı sorğu almışıq. Analoji sorğu Nepaldan da gəlib", - D.Mezentsev söyləyib.

Onun sözlərinə görə, 2013-cü ilin martında Ukraynanı XİN başıçısı dialoq üzrə tərəfdaş statusunun alınması ilə bağlı ŞƏT-ə müraciət ünvanlayıb, 2014-cü ilin iyun ayında bu müraciət şifahi şəkildə təsdiqlənib: "Belə müraciətlərin hər biri bizim üçün önəmli və mühümdür. Baş verənlər təşkilatımızın nüfuzunun artdığını, regiondakı hadisələrə təsir imkanlarına yiyələdiyini göstərir. Şanxay Əməkdaşlıq Təşkilatı unikal beynəlxalq birlikdir".

Nədir ŞƏT?

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistanın dövlət başçılarının zirvə toplantısında yaradılmış regional beynəlxalq təşkilatdır. Özbəkistan istisna olmaqla bu ölkələrin hamısı 1996-1997-ci illərdə Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya və Tacikistan arasında hərbi sahədə etimadın artırılması, habelə sərhədlərdə hərbi qüvvələrin qarşılıqlı şəkildə azaldılmasını nəzərdə tutan anlaşmanın imzalanması nəticəsində yaranmış "Şanxay Beşliyi"nin üzvləridir.
ŞƏT-ə daxil olan ölkələrin ərazilərinin ümumi sahəsi 30 milyon kvadrat kilometrdir. Yəni Avrasiyanın 60 faizi. ŞƏT ölkələrində Yerdəki insanların 25 faizi, yəni 1,455 milyard şəxs yaşayır.
ŞƏT-in ən qüdrətli üzvü olan Çinin iqtisadiyyatına gəldikdə isə, bu ölkə ümumdaxili məhsulun həcmi baxımından dünyada, sadəcə, ABŞ-dan geridə qalır.
ŞƏT hərbi blok olmadığını, NATO-nun analoquna dönmək istəmədiyini və ya ASEAN ölkələrinin təhlükəsizlik üzrə toplantısı təki müntəzəm qurum olmadığını, aralıq mövqe tutduğunu bəyan edir.
"Başlıca məqsədimiz üzv dövlətləri birləşdirən geniş məkanda stabillik və təhlükəsizliyin artması, habelə terrorizm, separatçılıq, ekstremizm, narkotrafiklə mübarizə, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı, elmi və mədəni əlaqələrin inkişaf etdirilməsidir", - ŞƏT-in ilk bəyanatında deyilirdi.
Hazırda Əfqanıstan, Hindistan, İran, Monqolustan və Pakistan təşkilatda müşahidəçi; Belarus, Türkiyə və Şri-Lanka dialoq üzrə tərəfdaş ölkələr statusuna malikdir.

Qərbi qıcıqlandıran ŞƏT

ŞƏT yarandığı ilk gündən bəri ABŞ və Avropa Birliyinin, habelə NATO-nun daimi qıcıq mənbəyidir.
Qərbin bir sıra tanınmış politoloq və analitikləri sözügedən qurumu "ölü doğulmuş uşaq" adlandırırlar. Məsələn, Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin analitiki Metyu Oresman hesab edir ki, ŞƏT "ən yaxşı halda böyük iddialara malik adi diskussiya klubu"dur.
ABŞ-ın ŞƏT-ə münasibəti illlər əvvəl passiv, laqeyd idi. Birləşmiş Ştatlar "Şanxay Beşliyi"ni o zaman maraqlarına heç bir təhdid yaratmayan, əksinə Orta Asiyada Çin təki çox güclü regional oyunçu peyda olandan sonra Rusiyanın bölgədəki təsir imkanlarını azaldacaq struktur sayırdı. Və nə qədər paradoksal olsa da, "Şanxay Beşliyi"nin qarşısına qoyduğu məqsədlər ABŞ-ın bölgədəki maraqlarına tam cavab verirdi.
Nədən ki, Vaşinqton Orta Asiya bölgəsində radikal islamçı ekstremizm təhlükəsinin, münaqişə potensialının azaldılmasına və stabilliyin bərqərar olunmasına yönəlmiş addımlarda maraqlı idi. Məhz bu səbəbdən rəsmi Vaşinqton ilk dönəmlərdə "Şanxay Beşliyi"nə ciddi fikir vermirdi.
Amma sonra Vaşinqton anladı ki, Pekinlə Moskva arasında ciddi yaxınlaşma müşahidə olunur.
Üstəlik, amerikalılar gec də olsa, dərk etdilər ki, ŞƏT, əslində, bölgədə NATO-nun və xüsusilə də ABŞ-ın təsir imkanlarını minimuma endirməyə çalışır. Birləşmiş Ştatlar Cənubi Qafqaz ilə yanaşı, Orta Asiya bölgəsində enerjidaşıyıcıları mənbələri ilə yanaşı, nəql marşrutlarına nəzarət rıçaqlarını "rəqib" saydığı Çin və Rusiyanın nəzarətinə keçməsinə imkan verməmək üçün gərəkli saydığı bütün addımları atmaqdadır.
Məsələn, Vaşinqtonda yaradılmış "Böyük Orta Asiya" layihəsi regional proseslərdə Rusiya və Çinin iştirakını, ümumiyyətlə, nəzərdə tutmur. Səbəblər də var.

Həmin səbəblər hansılardır?

2005-ci ilin iyulunda Astanada ŞƏT sammitində ABŞ-a müraciət qəbul olunaraq amerikalılardan Özbəkistan və Qırğızıstandakı bazaların çıxarılması istənilmişdi.
İyulun 19-da isə ABŞ Konqresi bu müraciətə cavab bəyanatı yayaraq ŞƏT-in açıqlamasını "Çin və Rusiyanın ABŞ-ı regiondan sıxışdırıb çıxarmağa yönəlmiş aşkar cəhdi" adlandırdı.
Bir qədər keçdi, rəsmi Daşkənd amerikalılardan Karşi-Xanabad bazasını yarım il ərzində tərk etmələrini istədi.
2009-cu ilin fevralında isə Qırğızıstanın hakimiyyət dairələri amerikalıların "Manas" hava limanındakı bazasının qapadılması barədə qərar qəbul etdi.
ŞƏT-i Rusiyada da tənqid edənlər az deyil. Belə ki, tanınmış rusiyalı analitik, Rusiya Müdafiə Nazirliyinin Hərbi Tarix İnstitutunun direktoru A.Koltyukov isə deyir: "Bu təşkilatın fəaliyyətinin təhlili göstərir ki, ŞƏT, əslində, ikitərəfli əməkdaşlığın hələ də ümumregional və dünya problemlərinin həlli yollarına yönəlmiş müzakirələri üstələdiyi qurumdur. Təşkilatın regional səviyyədə terrorizm, separatçılıq və narkoticarətlə effektiv mübarizəsi müşahdə olunmur".
Fəqət, bütün bunlar emosional açıqlamalar, empirikadır.
Reallıq odur ki, ŞƏT heç bir halda NATO və ya Avropa Birliyinə rəqib olmağa hazırlaşmır, belə niyyəti də yoxdur.
Regional miqyasda geosiyasi qarşıdurmalara gəldikdə isə, Ukrayna hadisələri ilə bağlı sərt sanksiyalara məruz qalan Rusiyanın rəhbərliyi Qərblə münasibətləri bundan sonra gərginləşdirmək yollarını aramır. Moskva hazırda ABŞ ilə təmaslarda aqressiv təsir bağışlaya biləcək ritorikanı seçsə də, heç bir halda Vaşinqtonla səngərlərin əks tərəflərində olmağa can atmır.
Çinə gəldikdə isə, "Səmaaltı imperiya"nı iqtisadi məsələlərlə yanaşı, geosiyasi problematika da maraqlandırır və bu səbəbdən də çinlilər ən mühüm, sadiq və böyük maliyyə-ticari tərəfdaşları olan amerikalıların səbr kasasını doldura biləcək addımlar atmayacaqlar.

Və Azərbaycan...

Rəsmi Bakının ŞƏT-ə müşahidəçi statusu əldə etməklə bağlı müraciət yollaması qəribə və ya gözlənilməz addım yox, çoxdan hazırlanan plandır.
ABŞ və Avropa Birliyi ilə əməkdaşlığı bütün sahələrdə intensiv inkişaf etdirməyimiz günün reallığı və bəlkə də tələbidir. Amma siyasət, xüsusilə də geosiyasət birmənalı meyllənməni, birtərəfli taktikanı sevməməklə yanaşı, belə səhvləri həmişə və hər yerdə çox acı fəsadlarla müşayiət etdirir.
NATO ilə "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığı aktivləşdirərək müttəfiqlik səviyyəsinə çatan tərəfdaşlığa döndərən Bakı bütün diqqəti Qərbə yönəldərək Şərq istiqamətini unudardısa, bu, yanlışlıq olardı.
Ölkənin maraqları, xalqın mənafeyi Qərblə yanaşı, Şərqlə də tərəfdaşlığı, qarşılıqlı anlaşmanı, maraqların toqquşmasının önlənməsini və mənafelərin uzlaşması üçün adekvat addımların atılmasını tələb edir.
ABŞ-la strateji müttəfiq olan Azərbaycan mütləq şəkildə Rusiya, Çin, İran, Hindistan kimi çox güclü regional oyunçularla münasibətləri daha da inkişaf etdirməli, tərəfdaşlığın müxtəlif aspektlərini dövlətin maraqlarına uyğun reallaşdırmalıdır.
Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu ilə bağlı müraciət də bəhs etdiyimiz istiqamətdə atılan məntiqi addımlardan sayıla bilər.

Elçin Alıoğlu