Uşaq hüquqları əsasən hansı sahələrdə pozulur?
Uşaq hüquqları əsasən hansı sahələrdə pozulur?

Uşaqların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün cəmiyyət də, dövlət də ailə də, məsuliyyət daşıyır. Çünki, uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Buna görə də Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və prioritet istiqamət təşkil edir. Uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Beynəlxalq təşkilatlar tərəfindən XX əsrin 50-ci illərindən başlayaraq uşaqlara, onların qayğı və problemlərinə xüsusi diqqət ayrılır. Uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Hazırda uşaq hüquqlarının qorunması sahəsində uğurların olmasına baxmayaraq, təəssüf ki, bir sıra problemlər hələ də öz həllini gözləyir.
Uşaq Hüquqlarının Müdafiə Liqasının rəhbəri Yusif Vəkilov deyir ki, uşaq hüquqlarının müdafiəsi yönündə bir sıra tədbirlər həyata keçirilsə də, hələ də uşaq əməyinin istismarı hallarına rast gəlinir. Y.Vəkilovun sözlərinə görə, belə hallar ən çox sərnişindaşımada baş verir: "Uşaqların hüquqları bu gün müxtəlif sahələrdə pozulur. Elə dünyaya göz açarkən onların yaşamaq hüququ əllərindən alınır. Uşaq ölümü üzrə statistika göstərir ki, bu gün də uşaq ölümünü azaltmaq mümkün olmayıb. Azyaşlı uşaqların əməyindən istifadə qanunvericiliklə qadağan olunsa da, bu qanuna məhəl qoyulmur. Yaşı 16-dan az olan uşaqlar sərnişindaşımada konduktor kimi cüzi məbləğə çalışır. Uşaqları dilənməyə vadar edən valideynləri də onların hüququnu pozur. Bəzi valideynlər isə hələ də uşağa fiziki zor tətbiq etməklə onun hüququnu pozurlar. Yaxşı olardı ki, belə valideynlər məsuliyyətə cəlb olunsunlar".
Ekspert uşaq hüququnun pozulmasının qarşısını almaq üçün qanunvericiliyin tələbinə nəzarətin gücləndirilməli olduğunu söyləyir. Onun sözlərinə görə, qanunvericilik uşaqların hüququnu mühafizə etsə də, bəzən qanun bir kağız parçası kimi kənarda qalır. Onun sözlərinə görə, el şənlikləri azyaşlı uşaqların istismar olunduğu ən kütləvi sahələrdən birinə çevrilib: "Toyların keçirildiyi bu məkanlar hətta ölkədə uşaq əməyinin ən çox istismar olunduğu nəqliyyat sektorunu da arxada qoyub. Avtobuslarda"konduktor" işləyən azyaşlı uşaqlar sərnişin toplamaq üçün gün axşama kimi müştəri səsləməyə məcbur edilirdisə, şadlıq evlərində əməyə cəlb olunan balaca fidanlar bundan dəfələrlə artıq yükün altına girməyə məhkum edilirlər. Əyinlərinə "mələk" qiyafəsi geyindirilən azyaşlı qız uşaqları el şənliklərində gəlinlərin ətəyindən yapışmağa, onları gül-çiçək yağışına tutmağa məcbur edilir. Bu şadlıq evi və restoranlarda uşaq əməyi istismarının ən yumşaq formasıdır. Bəzən müştərilərdən yüksək məbləğdə pul alan toyxana sahibləri, toyun rəngarəng keçməsi üçün proqrama kiçik rəqqasələrin rəqsini də əlavə edir. Beləcə azyaşlı qızlar göbək rəqsi ilə toy əhlini feyziyyab etməyə məcbur edilir. Xatırladım ki, bu məsələ zaman-zaman Milli Məclisdə də qaldırılıb".
Yusif Bəkirov deyir ki, bu gün adı çəkilən obyektlərdə uşaq hüquqları kobud şəkildə pozulur: "İndiki toylarda heç böyüklər belə otura bilmir. Amma bu gün səsli-küylü, spirtli içki qəbul edilən, siqaret çəkilən zallarda uşaqlar hər gün işləməyə məcbur edilirlər. Bütün bunların hamısı uşaqların həyatına təsir edir. Onlar uşaqkən həyatdan mənəvi, psixoloji zərbə alırlar".
Liqa sədri deyir ki, uşaqlar qanunsuz əməyə cəlb edildiyindən, iş müddətində onların başına hər hansı bir qəza gələrsə, heç kim məsuliyyət daşımır. Elə bu baxımdan, uşaqların həyatı həm də təhlükədədir: "Azyaşlı qızlar əllərində plov sinisi, üzərində alov yana-yana ziqzaqvari rəqslər edirlər. Onların əyinlərinə geyindikləri libaslar sintetik materialdan olduğundan, adi ehtiyatsızlıq üzündən əllərində oynatdıqları qab üzərlərinə aşdıqda alışır. Belə hadisələr çox baş verib. Paltar adi qığılcımdan alışdığından, azyaşlı qızların həyatını belə halda xilas etmək də çətin olur. Onlarla kiçik rəqqas belə məclislərdə yanıq xəsarəti ilə xəstəxanalara çatdırılıb. Bəzən şadlıq evlərinin sahibləri belə faktları gizlətdiklərindən, qızcığazları xəstəxanalara ən son anlarda çatdırırlar. Əksər hallarda onların həyatını xilas etmək olumur".
Y.Vəkilov deyir ki, ölkədə uşaqların əmək hüquqlarını pozanları yetkinlik yaşına çatmayanlarla işləyən inspektorlar cəzalandırmalıdırlar.
Uşaq hüquqlarının müxtəlif sektorlarda pozulmasını Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Kamilə Əliyeva da təsdiqləyir. Millət vəkili deyir ki, azyaşlı uşaqların, o cümlədən məktəblilərin əməyə cəlb olunması ölkə qanunvericiliyi ilə qadağan edilib. Amma bəzi hallarda qanunvericiliyin tələblərinə əməl etməyənlərə də rast gəlinir: "Ölkədə uşaqların əməyə cəlb edilməsi ciddi problemlərə gətirib çıxara bilər. Çünki hər bir uşaq Azərbaycan dövlətinin inkişafında mühüm yer tutur. Vətəndaşlarımızın azyaşlı vaxtlarından əməyə cəlb edilərək, istismar edilməsi onları ilk olaraq təhsildən yayındırır".
K. Əliyevanın sözlərinə görə, belə hallara daha çox şadlıq saraylarında rast gəlinir: "Müəyyən qədər məvacib əldə etmək üçün qız uşaqları mələk rolunda rəqs etdirilir. Həmçinin digər xidmətlər göstərilməsində də uşaqlar bu mərkəzlərdə əməyə cəlb olunaraq istismar edilir. Bu yolverilməzdir və müvafiq dövlət qurumları belə halların qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirməlidir. Hər bir uşaq Azərbaycanın gələcəyidir və biz onlara hörmətlə yanaşmalıyıq".
Millət vəkili təəssüf ki, gələcəyimiz olan uşaqların hüquqlarının kobud şəkildə hələ uşaqkən pozulduğunu deyir.
Bakı Hüquq Mərkəzi (BHM) hüquq firmasının məsləhətçisi Pərviz Zamanlı isə bildirir ki, qanunvericiliyə görə, gəncləri istehsalata hazırlamaq üçün orta ümumtəhsil məktəblərinin, peşə məktəblərinin, liseylərin və orta ixtisas tədris müəssisələrinin 14 yaşına çatmış şagirdlərinin istehsalat təlimi keçirilməsi üçün dərsdən asudə vaxtda onların səhhətinə ziyan yetirməyən yüngül işlər yerinə yetirməklə, valideynlərin, yaxud onları əvəz edən şəxslərin razılığı ilə işə qəbul edilməsinə yol verilir. Onun sözlərinə görə, işəgötürən tərəfindən qanunvericilikdə yaşı 18-dən az olan işçilər üçün müəyyən edilmiş təminatlara əməl olunması məcburidir. Hüquqşünas deyir ki, yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz: "Yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır. Bu işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınmalıdır. İşə düzələrkən bu şəxslərlə əmək müqaviləsi sınaq müddəti tətbiq edilmədən bağlanılır".
Uşaq əməyindən istifadənin qadağan olunduğu sahələrə toxunan hüquqşünas bildirib ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin, narkotik vasitələrin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. Həmçinin, icbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi də qadağandır.
P. Zamanlının sözlərinə görə, yaşı 18-dən az olan işçilərin normadan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. O bildirir ki, bu normalar Əmək Məcəlləsi ilə müəyyən edilib. Belə işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Həmsöhbətimizin sözlərinə görə, yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinədən keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər. Həmçinin qanunvericilik yaşı 18-dən az olan şəxslərin yaşı və fizioloji xüsusiyyətləri nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtı müəyyən edir: "Qısaldılmış iş vaxtının müddəti həftə əzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşınadək işçilər üçün isə 36 saatdan artıq ola bilməz. 18 yaşına çatmamış işçilərin qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir. Yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilərin əməyi yaşlı işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir, qısaldılmış iş vaxtı ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı müddət fərqi üçün onlara tarif dərəcəsi üzrə əlavə haqq verilir. Həmçinin, yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. Axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir". Yaşı 18-dən az olan işçilər də əvəzçilik qaydasında əlavə iş yerlərində işləyə bilərlər. İş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Lakin yaşı 18-dən az olan işçilərin əvəzçilik üzrə başqa iş yerlərində işləməsinə yalnız o halda yol verilir ki, həm əsas, həm də əlavə iş yerində iş vaxtının müddəti qanunla müəyyən edilmiş qısaldılmış iş vaxtından artıq olmasın".