"Kola girən qırqovul", Azərbaycandan nə istəyirsən?

İnsan haqlarından danışmaq indi dəbdədir. Xüsusilə Qərb bu məsələni yeri gəldi-gəlmədi ortaya atmaqla özünün məqsədlərini həyata keçirməyə çalışır. Bu istiqamətdə "Freedom House" təşkilatının ayrıca "xidmətləri" var. Həmin təşkilat ənənəvi olaraq anti-Azərbaycan mövqeyi tutub, ölkə haqqında qərəzli məlumatlar yayır. Onun insan haqları ilə əlaqədar hazırladığı budəfəki hesabatında da eyni mənzərəni görürük. Təşkilatın nümayəndəsi S.Repuççi müsahibə verərək Azərbaycanla bağlı fikirlərini ifadə edib. Əslində, o, yeni heç bir şey deyə bilməyib, əvvəllər eşitdiyimiz cəfəngiyyatı təkrarlayıb.

İnsan haqlarının pozulması, sərbəst toplaşmaq hüququnun tapdanması və s. kimi uydurma ittihamlar irəli sürüb. Lakin bu prosesin davam etməsinin səbəbləri üzərində dayanmaq yerinə düşərdi.

İnsan haqları:
qeyri-obyektivlik
yolverilməzdir

Artıq Azərbaycana qarşı aparılan "piar kampaniyalar"a alışmışıq. Vətəndaşlar yaxşı bilirlər ki, bunun arxasında müəyyən dairələr durur. Beynəlxalq insan haqlarını müdafiə qrupu kimi özünü təqdim edən "Freedom House" təşkilatı onlardan biridir. Həmin təşkilatla bağlı ölkə mətbuatında kifayət qədər informasiyalar yayılıb. Həmişə də ağa qara dediyi konkret faktlarla sübut olunub.
Bu dəfə isə "Freedom House" guya dünya üzrə azadlıq məsələsinin vəziyyətini öyrənib. Gəldiyi nəticələrin ziddiyyətləri və bir çox mənada absurdluğu onu göstərir ki, reallıqda söhbət başqa məqamlardan gedir. Bu təşkilat xüsusi məqsədlə dövlətlər haqqında təsəvvürlər yaratmağa çalışır. Onu isə insan haqlarına əməl edilib-edilməməsi məzmununda təqdim edir. Çünki indi bu mövzu aktualdır və bütün dünya tərəfindən qəbul edilir.
Söhbət bundan gedir ki, insan haqları məsələsindən sui-istifadə etdikdə ortaya çoxlu sayda siyasi və geosiyasi problemlər çıxır. "Freedom House"un da əsas məqsədi elə məhz budur. Öz maraqlarına uyğun olduqda hansısa ölkə haqqında müsbət fikir yaradır, əks halda isə onu əsassız tənqid atəşinə tutur. Etiraf etmək lazımdır ki, bu cür iş üsulu bütövlükdə dünyada geosiyasi vəziyyəti gərginləşdirir və qeyri-müəyyən bir situasiya yaranır – sadə insanların beynəlxalq təşkilatlara inamı qalmır. Şübhə yoxdur ki, bu kimi hallar ümumi bədbinlik formalaşdırır. Psixoloji olaraq bunun zərəri çox böyükdür.
Biz bu tezisləri təsdiq edə biləcək kifayət qədər nümunə göstərə bilərik. Hər şeydən əvvəl onu vurğulayaq ki, "Freedom House" "Dünyada azadlıq" adlı hesabatında iddiası ilə davranışı arasındakı uyğunsuzluğu gizlədə bilməyib. Bəşəriyyətdə azadlığın vəziyyətini obyektiv qiymətləndirmək istəyən təşkilat gərək ədalətli meyarlara əsaslansın, məsələn, hansısa ölkədə insan haqları ilə bağlı vəziyyəti qiymətləndirmək üçün oraya nümayəndə göndərsin. Yerlərdə konkret faktlar əsasında düzgün nəticə çıxarmaq olar.
Misal olaraq Azərbaycana onların gəlməməsini göstərə bilərik. Səbəb nədir? Digər tərəfdən, Azərbaycana baş çəkmədən burada gedən proseslərə necə doğru və düzgün qiymət vermək olar? Mümkün deyil, xüsusilə insan haqları kimi incə bir məsələdə bunun əhəmiyyəti olduqca böyükdür. Amerikada oturub, müxtəlif mənbələrdən alınan məlumatlar əsasında bir ölkə haqqında nəticə çıxarmağın adı, yumşaq deyilsə, məsuliyyətsizlikdir.
Bundan başqa, təşkilatın qiymətləndirməsinə görə, Azərbaycan və Rusiya qeyri-azad, Türkiyə, Ermənistan və Gürcüstan isə qismən azad ölkələrdir. Oxucu ziddiyyəti, yəqin ki, görür. Biz hətta bu kontekstdə ABŞ-ın da qiymətləndirilməsinə baxa bilərik. Niyə Amerikada son illər insan haqlarının kobud surətdə pozulması halları xüsusi qeyd edilmir? Burada onlarla jurnalist öz vəzifəsini yerinə yetirərkən həbs ediliblər. Bu barədə KİV-də çoxlu informasiyalar yayılıb. Küçədə adi bir vətəndaşı polis güllə ilə vura bilir. İrqi ayrı-seçkiliyi təsdiq edən hadisələr baş verir. Bütün bunlara rəğmən ABŞ azad ölkə sayılır! Niyə?
Digər tərəfdən, hansı meyara əsasən Ermənistan qismən azad ölkədir? Prezident seçkisindən sonra İrəvanda dinc nümayişçiləri meydanda gülləboran etmədilərmi? Parlamentdə deputatlara qarşı terror hadisəsi törədilmədimi? İndi Ermənistanda insanların etiraz etmək hüquqları nə dərəcədə təmin edilir? Məsələ burasındadır ki, təmin edilmir. Ölkə vətəndaşları öz mövqelərini hakimiyyət dairələri qarşısında müdafiə edə bilmirlər. Sosial-iqtisadi vəziyyətin çox ağır olmasına baxmayaraq, etiraz aksiyalarının qarşısı süni yollarla alınır. Nəhayət, bu necə qismən azad ölkədir ki, qonşu dövlətin torpaqlarının 20%-ni işğal edib, minlərlə dinc sakini əsirlikdə saxlayır, insanları girov götürür, cəbhə xəttində təxribatlar törədir?

Vassalın azadlığı:
məntiqsizlik

Uzun illərdir ki, İrəvan müsəlmanlara qarşı qərəzli mövqedə dayanır. Azərbaycanlılar və kürdlər deportasiya olunublar. Mədəni abidələr dağıdılıb. Orada ermənilərə aid olmayan heç bir mədəniyyət nümunəsi saxlanılmır. Məgər bu, azadlıq əlamətidir? Təbii ki, belə deyil.
Erməni KİV-in özündə bu ölkədə insan haqlarının kobud surətdə pozulması tez-tez vurğulanır. Ekspertlər əhalinin müxtəlif üsullarla gərginlik altında saxlandığını ayrıca qeyd edirlər. Ermənistan müxalifətinin də bu əsasda qondarma bir qurum olduğu bildirilir. S.Sarkisyanın seçkidə məhz bu səbəbdən özünü qalib elan edə bildiyi vurğulanır. Məsələn, ölkənin varlı adamlarından olan və siyasətlə məşğul olan H.Tsarukyanın iqtidar tərəfindən ələ alındığı qeyd olunur. Onun yaxın qohumları Ermənistan hakimiyyətinin yüksək pilləsindədirlər.
Bu ölkədə korrupsiya baş alıb gedir. İqtisadiyyat inhisara alınıb. Digər məqamları da vurğulamaq olar. Lakin "Freedom House"un hesabatında bunlar deyil, başqa şeylər yer alıb. Guya Ermənistanda insanlar sərbəst toplaşıb fikirlərini bildirirlər, müxalifət üçün geniş fəaliyyət imkanları yaradılıb. Sən demə, Ermənistan bu məsələdə hətta Rusiyadan da irəlidədir. Moskva, ümumiyyətlə, çox sərt tənqid olunur. Cəmi bir neçə il əvvəl isə Rusiya barədə başqa şeylər yazırdılar. Bundan başqa, Ermənistan Rusiyadan tam asılı vəziyyətdədir. İrəvan Kremlin əmri ilə oturub-durur. Bəs onda necə ola bilir ki, vassal öz sahibindən daha azad olsun?
Bu kontekstdə Türkiyə ilə əlaqəli qiymətləndirməyə də baxmaq olar. Bu dövlət Ermənistanla eyni vəziyyətdə imiş. Həmin təşkilata görə, Türkiyə qismən azad ölkədir. Səbəb də bundan ibarətdir ki, son illər Ankara jurnalistlərə və ictimai fəal insanlara qarşı sərt addımlar atır. Guya bu proses o dərəcədə geniş vüsət alıb ki, Türkiyə Ermənistan səviyyəsinə enib.
Gürcüstanla əlaqədar da eyni fikirləri ifadə etmək olar. Qonşu ölkədə insan haqları məsələsi regionun digər dövlətlərindən elə də fərqlənmir. Lakin "Freedom House" onu həmişə bir qədər yüksək qiymətləndirir. Orada müxalifətə qarşı atılan addımlar yada düşmür. Hazırda müşahidə edilən bir sıra proseslərə diqqət yetirilmir.
Bütün bunların fonunda "Freedom House"un Azərbaycan, Türkiyə və Rusiyaya verdiyi qiymətlərin obyektiv olmadığını söyləyə bilərik. Xüsusən Azərbaycanla bağlı onlar son dərəcə qeyri-obyektiv davranırlar. Burada adi cinayət işlətmiş adama belə az qala siyasi məhbus adının verilməsini istəyirlər. Reallıq ondan ibarətdir ki, Azərbaycanda müstəqillik dövründən insanların söz azadlığı təmin edilib, onların sərbəst toplaşmaq hüquqları vardır, müxalifət isə maneəsiz fəaliyyət göstərir.
Azərbaycan müxalifəti ölkə ilə bağlı istənilən məsələ haqqında öz fikrini deyə bilir, müəyyən aksiyalar təşkil edir. Bu aspektdə Ermənistan müxalifəti daha zəifdir. O başqa məsələdir ki, demokratik dövlətdə hər bir fəaliyyət qanun çərçivəsində olmalıdır. Qanunun aliliyi təmin edilməlidir. Demokratiya yalnız hüququn üstünlük təşkil etdiyi yerdə mövcud ola bilər.
Görünür, "Freedom House"u narahat edən əsas məsələ Azərbaycanın sürətlə inkişaf etməsidir. Dəfələrlə şahidi olmuşuq ki, Qərbdə müəyyən dairələr bu prosesə qısqanclıqla yanaşırlar. Hazırda dünyada böhran vüsət alıb, Azərbaycanda isə sabitlikdir. Ermənistan və Gürcüstanda sosial-iqtisadi vəziyyət getdikcə daha da pisləşir, Azərbaycanda isə uğurlar əldə olunur. Azərbaycan manatı regionun ən stabil milli pul vahidinə çevrilib.
Bu kimi nailiyyətləri olan bir ölkəni əsassız olaraq tənqid etmək heç bir məntiqə sığmır. Əksinə, Cənubi Qafqazda qeyri-müəyyənliyi yeni səviyyəyə qaldırır. Məsələn, təcavüzkar Ermənistan hesab edir ki, işğal etdiyi torpaqlardan çıxmaya bilər. Çünki Azərbaycandan daha azad ölkədir. Bu nəticə bir qədər qəribə görünə bilər, lakin təcrübə onun doğruluğunu təsdiq edir. İrəvan dəfələrlə bəyan edib ki, insanlar Azərbaycanda ona görə yaşamaq istəmirlər ki, orada azadlıq yoxdur, milli azlıqlar öz mədəniyyətlərini inkişaf etdirə bilmirlər. Deməli, faktiki olaraq "Freedom House" təcavüzkara dəstək verir. Bütövlükdə götürdükdə, bu təşkilat obyektiv mövqe tutmur. İnsan haqlarını bu üsulla qorumaq mümkün deyil.
Fuad