Radikal müxalifəti dialoqa görə
Radikal müxalifəti dialoqa görə "topa" tutdular

Məlum oluduğu kimi, dünən Prezident Administrasiyasının ictimai siyasi şöbəsini müdiri Əli Həsənovun təşkilatçılığı ilə iqtidar-müxalifət dialoqu keçirilib. Dialoqda əksər müxalifət partiyaları iştirak etsə də, radikal müxalifətdən olan AXCP ilə Müsavat Partiyası görüşdən imtina ediblər.
Onu da nəzərə çatdıraq ki, AXP rəhbərliyi özləri dialoqa getməmələrinə baxmayaraq, gedənləri də ittiham edirlər. Belə ki, AXCP sədri Əli Kərimli başda olmaqla bütün cəbhəçilər dialoqa gedən müxalifət partityalarını xəyanətdə suçlayırlar. Amma qarşı tərəf onların bu ittihamlarını cavabsız qoymayıb.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, radikal müxalifətin aparıcı partiyalarından olan Müsavat və AXCP-nin dailoqa gəlməmələrinin səbəbləri var. Onun sözlərinə görə, bu iki partiya və onların liderləri artıq siyasi sövdələşməyə gedə bilmirlər: "Bu iki partiyanın siyasi xətti dəyişib. Liderləri də ancaq "moşşennik"lik edirlər. Ona görə də gedib siyasi dialoqda nə deyəcəklər ki? Ümumiyyətlə, AXCP ilə Müsavat Partiyasının uzun tarixi kökləri var. Bir zamanlar Kərimov Əli ilə Qəmbərov İsa özlərini mehriban dostlar kimi aparırdılar. Əslində onlar mehriban dost deyil, əksinə mehriban düşmənlər idilər. Əvvəllər Azərbaycan Xalq Cəbhəsi (AXC) parçalananda Qəmbərov İsa Klassik Xalq Cəbhəsi Partiyasını tanıdı .Təbii ki, bu işdə o vaxtlar müəyyən məqamlar ortaya çıxdı. Bu gün isə Qəmbərov İsa təmiz siyasi səhnədən silindi və onun Azərbaycan xalqına qarşı etdiyi xəyanətkarlığı xalq ona bağışlamadı. Bir növ Azərbaycan xalqının qarğışı onu tutdu. İndi də onun yerinə Arif Hacılı kimi dələduz, siyasi "moşennik" gəlib. Bu siyasi "moşennik" isə elə hey çalışır ki, bir peçatı və yanında 2-3 nəfər olsun ki, onlarla alver etsin. Təbii ki, bu da Kərimov Əliyə xeyir edən bir məsələdir. İndi də onlara lazım olan siyasi dialoq deyil. Ona görə də özləri xəyanətkar ola-ola bişqalarını xəyanətkar adlandırırlar".
MMP sədri onu da əlavə edib ki, hazırda onlar mümkün variantlardan yararlanırlar ki, daha çox pul əldə eləsinlər: "Kərimov Əli dünya miqyaslı "moşennik"dir. Bu şəxs çalışır ki, dünyada olan qrantları Azərbaycana qənim kəsilən və dövlətimizi istəməyən qüvvələrin hamısına peşkaş eləsin. Kərimov Əli həmişə özünü onlara satmağa və hədiyyə etməyə hazır olan bir şəxsdir. Bəs gəlin görək, K. Əlinin burada marağı nədir? O, bütün dünyaya car çəkmək istəyir ki, baxın, artıq ikinci bir "moşennik" yoxdur. Bu şəxs həmin prinsiplə öz siyasətini aparır. Mənim Müsavat Partiyasından istefa verən insanlarla görüşlərim keçirilir və müəyyən söhbətlərim olur. Mən onlara dedim ki, görürsünüz 20 ildir Qəmbərov İsa sizin sayənizdə necə bir "moşenniklik" edib. Bu şəxs özünə var-dövlət yığdı, Arif Hacılı ilə birgə siyasi biznesini qurdu və burada uğur qazandı. Artıq Azərbaycan xalqı Kərimov Əli ilə Qəmbərov İsa, o cümlədən Arif Hacılı kimi fırıldaqçı "moşennik"ləri qəbul etmir. Onların xidmət elədiyi Qərb dairələri də Azərbaycanda siyasi sabitlik istəmirlər. Ona görə də tapşırıblar ki, nə olur-olsun dialoqa getməsinlər, hər zaman qarşıdurma yaratsınlar".
"Unikal"ın məlumatına görə, ADP sədri Sərdar Cəlaloğlu da xəyanət iddialarına arqemntli cavab verib. Onun sözlərinə görə, müxalifətin hamısının bir nəfər kimi dialoq prosesində iştirakı vacib deyil: " Müxalifətin öz daxilində də fikir azadlığı, hadisələrə fərqli baxışlar olmalıdır. Müxalifətdə ayrı-ayrı partiyaların olmasının mənası odur ki, onlar müxtəlif yollarla irəliləyirlər. Demokratiya şüurunun olmaması səbəbindən kimlərsə müxalifətin iqtidarla danışığa getməyini satqınçılıq kimi başa düşür. Halbuki, konsensus demokratiyanın əsas prinsipidir. Konsensus olmayan yerdə hansı demokratiyadan danışmaq olar? Konsensus iqtidar və müxalifətin uzlaşdırılmasıdır. Uzlaşdırma olmasa, dünyanın hansı ölkəsində demokratiyadan danışıla bilər? İndi müxalifətdə bəzi adamlar deyir ki, iqtidarla uzlaşmaq olmaz. Çünki bunlar totalitar təfəkkürlü insanlardır, demokratiyanın nə olduğunu bilmirlər. İndiyə qədər də bunu həzm edə bilməyiblər. Ancaq müxalifətdə bir qüvvə var ki, demokratiyanın nə olduğunu bilir, demokratik düşüncəyə malikdir və deyir ki, bəli, biz iqtidarla konsensusa gəlməli, bəzi məsələləri müzakirə etməli, razılaşmalıyıq. İqtidarda da hesab edirlər ki, müxalifətlə əməkdaşlıq lazımdır. Əks proses radikal müxalifəti gücləndirə bilər. Bizim əsas məqsədimiz sağlam düşünən insanları bir araya gətirmək olmalıdır. Dialoqun da əsas məqsədi budur".
Partiya sədrinin fikirincə, Azərbaycanda iqtidar-müxalifət düşmən münasibətdə olmasını, xalqın cəbhələşməsini istəyən qüvvələr var. Onun sözlərinə görə, bu, ümumilikdə bizi zəiflədir, məhv edir: "AXCP-nin sədri 8 ildir pasport ala bilmir. Bəzən insan reallıq hissini itirir, beynəlxalq konyukturanı nəzərə almır. 2005-ci ildə danışıqlar olmuşdu. Ancaq müxalifətdə olan bəzi liderlər dedi ki, biz 75 yer istəyirik. Bununla da prosesin üzərindən xətt çəkdi".
Qərib Gərayzadə