AMAY Abdullanın məhkəməsi başladı
AMAY Abdullanın məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində "AMAY" ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə A.Abdullayevin vəkilləri çıxış edərək onun barəsində olan cinayət işinə xitam verilməsi, həmin vəsatətin təmin olunmayacağı təqdirdə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər veriblər.
Məhkəmə vəsatətləri təmin etməyib. Prosesdə məhkəmə baxışının vaxtı fevralın 19-na təyin edilib.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
Onu da qeyd edək ki, yanvarın 29-da keçirilən iclas zamanı hakim Əfqan Hacıyev deyib ki, hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılır və o iş də bu cinayət işi ilə əlaqəlidir. Ə. Hacıyev, bu səbəbdən hakim heyətinin özlərinin özlərinə etiraz verdiklərini açıqlayıb.
Etiraz baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Həmin etiraza Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. İş yenidən hakim Əfqan Hacıyevin icraatına qaytarılıb.