Azərbaycanda 32 milyon dollarlıq müəmmalı idxalda məmur izi
Azərbaycanda 32 milyon dollarlıq müəmmalı idxalda məmur izi

Palma yağı hansı məqsədlər üçün Azərbaycana idxal olunub?

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov sosial şəbəkələrin birində belə bir məlumat paylaşıb: "Ölkəmizə 2013-cü ildə 32 milyon dollar dəyərində 43 min ton palma yağı idxal olunub. Bu yağdan kimsə istifadə edibmi? Bəs bu qədər yağ hara gedib? Yəqin ki, kərə yağı, yağlı pendir, qaymaq, bitki yağı, dondurma, yağlı süd, xama istehlak etmisiniz".
V. Məhərrəmov bununla bağlı daha ətraflı danışarkən bildirib ki, palma yağı digər MDB ölkələrində kərə yağı adı altında insanlara satılır: "Gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi açıqlanmır. Əlbəttə, bu qədər yağın gətirilməsi şübhə doğurur. Palma yağı digər MDB ölkələrində kərə yağı adı altında insanlara satılır. Xarici görünüşünə görə kərə yağına çox oxşardır. Bundan başqa, bu yağı pendir, xama, dondurma və digər məhsulların istehsalında yağlılıq dərəcəsini artırmaq üçün istifadə edirlər. Palma yağının 1 kiloqramı təxminən 60-70 qəpik civarındadır. Təsəvvür edin, tərkibinə müxtəlif aromatizatorlar vurularaq kərə yağı kimi satışa çıxarılırsa, görün nə qədər gəlir əldə edilər. Belə hallar MDB ölkələrində kifayət qədər geniş yayılıb. Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq qeyd olunmur ki, hansı məqsədlər üçün istifadə olunub".
Qeyd edək ki, bir çox həkimlər bu yağın tərkibində toksik zəhərli maddələrin olduğunu vurğulayırlar. Bu da insan sağlamlığı üçün təhlükəlidir. Avropa Birliyi palma yağı olan qidaların üzərində bunun açıq şəkildə yazılması üçün qanun qəbul edib.
Ekspertlər istisna etmirlər ki, ölkəyə gətirilən və dəyəri on milyon manatlarla ölçülən palma yağının müəmmalı idxalında hansısa məmur maraqları rol oynayır. Bu qədər iri məbləğlərlə müşaiyət olunan bir idxal prosesinin hansısa sıravi işbazların nəzarətində həyata keçirildiyinə inanmaq çətindir.
Mümkündür ki, palma yağından ölkə daxili necə istifadə edilməsində hansısa məmur marağı olmasın. Amma 32 milyonluq idxalda hansısa məmur barmağının iştirak etmədiyini iddia etmək də, buna inanmaq da qeyri-ciddi təsir bağışlayardı.
Ülviyyə Qasımlı