Camaat Nəcməddin Sadıkovun müdafiəsinə qalxdı
Camaat Nəcməddin Sadıkovun müdafiəsinə qalxdı

Dərbənd əhli KİV-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov haqqında yer alan böhtan xarakterli məqaləyə etiraz edib.
Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhər sakini İlham İsayev Trend-ə ünvanladığı məktubda Azərbaycanın yerli mətbuat orqanlarından birində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik N.Sadıkov haqqında yer alan məqalənin böhtan xarakterli olduğunu bildirib.
Məqaləyə münasibət bildirilən məktubda deyilir: "Azərbaycanın yerli mətbuat orqanlarından birində həmyerlimiz, hamımızın fəxr etdiyi, nəcib və xeyirxah əməlləri ilə seçilən, başımızı uca edən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun haqqında xoşagəlməz və böhtan xarakterli bir məqalə dərc edilib. Məqaləni oxuduqdan sonra fikirləşirsən ki, görəsən, bunu yazan azərbaycanlıdır, yoxsa...? Məqaləni yazan adamın həm savadsız olduğu, həm də onun əldə etdiyi "faktlar"ın və mənbənin çox şübhəli, dediklərinin isə dəqiq olmadığı özünü açıq-aydın büruzə verir. Qərəzlik, düşmən münasibəti də ki, göz qabağında. Məqaləni yazanın bizdən olması da çox müəmmalıdır. Məgər həmin qəzetin reportyor qrupu bilmir ki, hörmətli Prezident İlham Əliyevin təşəbbüsü ilə Dərbənd şəhərinin abadlaşdırılması və ümummili lider Heydər Əliyevin adını daşıyacaq prospektlərindən birinin təmir işlərinə ayrılan pulun, dövlət büdcəsindən ayrılan vəsaitin nağd yolla hansısa şəxsə verilməsi absurddur? Harada görünüb ki, dövlət səviyyəsində aparılan işlər üçün büdcədən ayrılan pul vəsaiti kiməsə nağd yolla verilsin? Ayrılan vəsait görülən işlər müqabilində həmin təşkilatın hesabına köçürülür. Prezident səviyyəsində görülən işlərdə qanunazidd hərəkətlərə yol verməyə kimin hünəri çatar? Bunu yalnız dövlət işlərindən xəbəri olmayan nadan, savadsız şəxs yaza bilərdi".
Dərbənd sakininin fikrincə, bu məsələdə ən çox təəssüf doğuran bütün bu yalanların Azərbaycan Ordusunda çalışan savadlı, vətənpərvər bir zabitin ünvanına deyilməsidir: "Nəcməddin Sadıkov təcrübəli, hərb işlərində yüksək savada və biliyə malik olan zabitdir. O, tək hərbçi kimi deyil, humanist bir insan kimi də doğulduğu şəhərin problemlərinin həllində yaxından iştirak edir. Məqalədə qeyd olunur ki, 5-ci maqalda yerləşən Məzahir Rzayev adına 4 saylı məktəbi və orada yerləşən peşə məktəbini məktəbin direktoru olan şəxslərə görə təmir etdiriblər. Bu da yalandır! Həmin məktəblər əvvəllər orada oxumuş məzunların yardımı sayəsində gözəl təmir olunub və generalımız da bu işdə köməyini əsirgəməyib. Bir də məktəblərin təmir edilməsində nə pis iş var ki? Məktəb təkcə direktora aid deyil axı. Məktəbdə azərbaycanlılar da daxil olmaqla yüzlərlə uşaq oxuyur. Burada Azərbaycan dilində dərslər keçirilir. Kim istəməz ki, onun balası təmiz, təmirli, işıqlı məktəbdə oxusun? Bu məktəbdə təhsil alan uşaqların milliyyətinin məktəbin təmir olunması ilə nə əlaqəsi var? Uşaqlar bizim gələcəyimizdir. Həmyerlilərimiz bizim qayğımıza qalırsa, hər hansısa bir problemimizdə bizə dəstək olursa, doğulub, böyüyüb boya-başa çatdığı yerin abadlaşdırılmasında imkanı çatan köməkliyi göstərirsə, burada nə qəbahət var? Belə yazını yazanlara və bu cür yalan, böhtan məlumatların yayılmasına yol verənlərə ar olsun! Çünki onlar xeyirxah və nəcib əməllərlə hörmət qazanmış adamları ləkələyirlər".
Məktubun sonunda bütün Dərbənd camaatı adından KİV-ə və azərbaycanlı soydaşlarına müraciət ünvanlanıb: "Bizə əziz olan həmvətənlərimizi, həmyerlilərimizi harada olursa olsun, vicdanla öz işlərinin öhdəsindən gələn bir insanı ləkələməyin! İmkan verin, öz təcrübəsindən, zəkasından, hərbi biliyindən istifadə edərək Azərbaycan torpaqlarının erməni işğalından qurtulması üçün çalışsın! Sadıkovlar ailəsi həmişə xeyirxah olub. Bu gün də bu ənənə general həmyerlimiz tərəfindən davam etdirilir. O, heç vaxt öz köməyini ehtiyacı olan adamlardan əsirgəmir.
Nəhayət, üzümüzü azərbaycanlı soydaşlarımıza tutub deyirik ki, bu cür insanın qədrini bilin, ona dəstək olun və imkan verməyin ki, kimsə sifarişlə ordumuzun inkişaf etməsi, irəli getməsi üçün çalışan hörmətli bir zabiti haqsız ləkələsin"
Fuad