20 Sentyabr 2019
19 Sentyabr 2019
ABŞ və Rusiyanın Ukrayna müharibəsi: iki variant, fərqli dünya
ABŞ və Rusiyanın Ukrayna müharibəsi: iki variant, fərqli dünya İQTİSADİYYAT 10:52 2015-02-14

ABŞ və Rusiyanın Ukrayna müharibəsi: iki variant, fərqli dünya
ABŞ və Rusiyanın Ukrayna müharibəsi: iki variant, fərqli dünya

Putindən səssizlik, Merkeldən sanksiya, Ollanddan yeni görüş mesajı

Ukrayna böhranı üzrə Minsk bəyannaməsinin imzalanmasından saatlar keçmiş Moskva üçün Brüsseldən bəd xəbər gəlib. RİA agentliyi xəbər verib ki, Almaniya kansleri Angela Merkel Avropa Birliyinin (AB) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların genişləndiriləcəyini bildirib.
Brüsseldə jurnalistlərin yeni sanksiyalarla bağlı sualına kansler çox qısa cavab verib: "Bəli".

Yeni sanksiyalar 19 Rusiya və Ukrayna vətəndaşına toxunacaq, həmçinin Rusiyanın 9 şirkətin hesabları dondurulacaq. Şəxslər və şirkətlərin siyahısı isə AB-nin xarici işlər nazirləri tərəfindən yanvar ayının sonunda uyğunlaşdırılıb. Yanvarın 29-da AB ölkələrinin xarici işlər nazirləri 2014-cü ilin martında tətbiq olunan sanksiyaları genişləndirib. Hazırda "qara siyahı"da 132 şəxs və 28 şirkətin adı var.
Almaniya kansleri Minsk razılıqlarının icra olunmayacağı halda Rusiya barəsində digər sanksiyaların qəbulunun da gündəmə gələcəyini istisna etməyib. Daha əvvəl da Avropa diplomatik mənbələri bildiriblər ki, Minsk görüşünün necə nəticələnməsindən asılı olmayaraq, AB-nin Rusiyaya qarşı yeni sanksiyaları 16 fevralda işə düşəcək.
Fransa prezidenti Fransua Olland isə srağagün bildirib ki, "Normandiya dördlüyü"nün liderləri Minsk razılaşmalarının icrasını gələn həftə telefonla müzakirə etməyi planlaşdırır: "Düşündük ki, əgər atəşin dayandırılması plan üzrə yerinə yetirilərsə, gələn həftə, heç olmasa, telefonla konfrans keçirmək lazım olacaq".
Olland həmçinin qeyd edib ki, liderlər bir neçə həftə sonra üz-üzə görüşə bilərlər. Fransa prezidenti Minsk razılaşmalarına riayət ediləcəyi halda, sanksiyaların tədricən ləğv edəcəyini dilə gətirib.

ABŞ qalib gəlsə nə
baş verəcək, Rusiya
qalib gəlsə nə?

Minskdə "Normandiya dördlüyü"nün 16 saatlıq danışıqlarından sonra atəşkəs razılığı əldə edilməsinin ardından çoxları düşünür: atəşkəsə əməl olunacaqmı? Bu, başqa bir sualdır.
Əslində müharibə Rusiya və Ukrayna arasında getmir. Münaqişə Ukrayna uğrunda və Ukrayna vasitəsi ilə ABŞ və Rusiya arasındadır. Ukrayna cəbhəsində kim qazanacaqsa, yaxın gələcəkdə dünyanı idarə etmək baxımından da qalib həmin ölkə olacaq.
ABŞ qazanacağı təqdirdə dünya yenə birqütblü olacaq. Bu ölkə yenə kimi istəsə əfv edəcək, kimi istəsə edam. Rusiya qazanacağı təqdirdə isə...
Rusiyalı politoloq Sergey Savçenko bu vəziyyətləri qısa təhlil edib.
Birinci variant - ABŞ-ın qələbəsi: Heç kimə sirr deyil ki, hazırda Ukrayna rəhbərliyi müstəqil qərar qəbul etmir. Onları hakimiyyətə gətirənlər Vaşinqtonda oturub. ABŞ öz planlarını həyata keçirmək üçün Ukrayna, Polşa, Pribaltika ölkələrini qurban verməyə hazırdır.
Başqalarının əlləri ilə döyüşmək onların kredosudur. Yankilər Ukrayna cəbhəsində qalib gəlsə, növbəti bir il ərzində Belarusu hədəfə alacaqlar. Rusiyaya qarşı sanksiyaları isə heç kim ləğv etməyəcək. Tədricən əldən salınan Rusiya parçalanacaq. Sibir Çin Xalq Respublikasının nəzarətinə keçəcək.
NATO nüvə silahının terrorçuların əlinə keçməsi bəhanəsi ilə ölkə ərazisinə daxil olacaq. Nəticədə, Rusiya Avropa İttifaqından vassal asılılığı olan ölkəyə çevriləcək.
Rusiyadan sonra növbə Çinə çatacaq. Çin başa düşür ki, təkbaşına ABŞ-la bacarmaq mümkün deyil. Rusiya məğlub olarsa, 40-50 il ərzində ABŞ-ın təzyiqləri ilə çökəcək və ən yaxşı halda regional obyektə çevriləcək.
Məhz bu səbəbdən də, Çin Rusiya ilə müttəfiqlik etməyə məcburdur. Amma Çinin hələ də Rusiyaya ərazi iddiası var.
İkinci variant - Rusiya qalib gəlir: Rusiya qalib olarsa, ABŞ-ın dünya hegemonluğu yavaş-yavaş başa çatacaq. Onun siyasətindən narazı olanlar, hələlik açıq şəkildə narazılıqlarını dilə gətirə bilməyən ölkələr hərəkətə keçəcək. ABŞ güclü dövlətlərdən biri olaraq qalsa da, dünya liderliyinə son qoyulacaq.
Çoxqütblü dünya yarandıqda BMT-nin nizamnaməsi dəyişəcək. Çin Rusiyaya qarşı ərazi iddialarından əl çəkib nəzərlərini Avstraliya sərhədlərinə dikəcək.
Avropa üçün isə liderin dəyişməsinin fərqi yoxdur: istər ənənəvi amerikalı olsun, yaxud barbar hesab etdikləri ruslar. Avropanı başa düşmək olar. Onlar müharibə istəmir. Qorxaqlıqları ucbatından İraqı, Liviyanı bombalayanda ABŞ-la həmrəy oldular. Ukrayna isə çox yaxındadır. Müharibə Avropanın sərhədləri yaxınlığında gedir. Avropalılar ABŞ-ın maraqları üçün Ukraynadakı müharibəyə qarışmaq istəmirlər. Avropa anlayır ki, ABŞ məğlub olarsa, dünya xaosdan xilas olacaq.
ABŞ məğlub olarsa, Əl-Qaidə və İŞİD kimi terror təşkilatları da tədricən yox olacaq. Çünki bu təşkilatların real maliyyə mənbəyi tapılandan sonra problem tez bir zamanda çözüləcək.
Hələlik münaqişə bitməyib. Bir şeyi də yadda saxlamaq lazımdır ki, ABŞ Ukraynaya görə heç vaxt nüvə silahına əl atmayacaq. ABŞ yalnız öz ərazisi təhlükədə olan zaman bundan istifadə edə bilər. Başqa halda yox.

Rusiya və Qərb
münaqişəsinin
əsas qalibi...

Rusiya və Qərbin münaqişəsində əsas qalib Çindir. Belə bir iddia ilə isə "Time" nəşrində dərc olunan yazıda siyasi müşahidəçi Yen Bremmer çıxış edib.
Onun sözlərinə görə, bugünkü gündəliyin əsas məsələsi Ukraynaya silahı çatdırmağın vacib olub-olmadığıdır: "Obama administrasiyası, Böyük Britaniya və Kanada bu məsələyə baxırlar. Vaşinqtonda bəzilər, məsələn Con Makkeyn əmindir ki, Ukraynaya silah çatdırmaq faydalıdır. Avropa xarici siyasətinin lideri olan Almaniya isə buna qəti şəkildə qarşı çıxır", - o, yazıb.
Amerikalı siyasi müşahidəçi hesab edir ki, Rusiyanı cəzalandırmaq əslində Avropanı cəzalandırmaqdır: "Vaşinqton Moskva ilə iqtisadi münasibətlərin pozulmasına laqeyd yanaşa bilər. 2013-cü ildə Rusiya ABŞ-ın ticarət partnyorları sırasında yalnız 23-cü yerdə idi. Bu isə ABŞ xarici ticarətinin yalnız 1 faizini təşkil edir. Avropada isə bu rəqəm 10 faiz təşkil edir. Avropa ölkələri Rusiya enerjidaşıyıcısıları, həmçinin bank, maliyyə, kənd təsərrüfatı və digər sahələrdə Rusiyadan asılıdır. Rusiyanı cəzalandırmaq həm də Avropanı cəzalandırmaq anlamına gəlir".
"ABŞ və Avropa Birliyi Rusiya barəsində taktika ilə bağlı razılaşa bilmir: kim qalib olacaq? Bu, Putin deyil. Bu, Çindir. Çin Qərbin "Rusiyanın təcavüzünə güclü beynəlxalq reaksiya lazımdır" tezisini rədd edir. Rusiya Şərqə çevrilir. Çin Rusiya ilə ticarət münasibətlərində öz mövqeyini sərtləşdirəcək, eyni zamanda çalışacaq ki, Amerika və Avropa ilə münasibətlərini genişləndirsin. Bu iki komanda ilə oyun Çinə böyük xeyirlər gətirəcək", - Bremmer sonda bildirib.

Rusiyalı politoloq:
"Putin əsas
oyunu uduzub"

"Ukrayna Putinin manevrləri üçün meydandır. Hesab edirəm ki, Putin tarixə qarşı oynayır". "unian.net" saytı xəbər ki, bu sözləri TSN kanalının efirində Rusiya politoloqu Stanislav Belkovski deyib.
Politoloqun fikrincə, Putin Qərbə lider olduğunu sübut etmək istəyir: "Putin hesab edir ki, o liderdir və onunla ünsiyyət saxlamaq, müasir dünyanın prinsipial məsələləri üzrə onunla razılaşmaq lazımdır. Baxmayaraq ki, SSRİ "Soyuq müharibə"də məğlub olub. Qərb Putinin istəkləri ilə razılaşa bilmir. Putinin son məqsədi 25 il əvvəl sıradan çıxan Yalta-Potsdam dünyasına qayıdışdır. Amma bu mümkün deyil. Və taktik baxımdan da bu yalnız Ukrayna və Avropa üçün deyil, bütün dünya üçün çox təhlükəli ola bilər. Çünki siyasi ambisiyalar nöqteyi-nəzərindən Putin çox uzağa gedə bilər".
Stanislav Belkovskinin fikrincə, indi heç kəs müharibənin olmayacağına tam zəmanət verə bilmir. O, Kreml liderinin müharibə ssenarisinə qayıda biləcəyini düşünür: "Onun üçün heç bir məhdudiyyət yoxdur. Putin özünü münaqişə tərəfi kimi tanımayıb".
O həmçinin qeyd edib ki, taktik mənada uzunmüddətli böhrana hazırlaşmaq lazımdır. "Hesab edirəm ki, hətta ortamüddətli perspektivdə də Putin uduzacaq. Putin anlayır ki, o, əsas oyunu - Qərbin sevgisi üçün oynadığı oyunu uduzub. Putinin qisası necə olacaq? Bunu ən yaxın iki ildə görəcəyik. Bu dövr Ukrayna və Rusiya üçün, bütövlükdə Avropa üçün ağrılı ola bilər", - rusiyalı politoloq sonda vurğulayıb.

"Putinin bu planı
sıradan çıxdı"

"Minsk sənədində bəndlərin əksəriyyəti birmənalı olaraq Ukrayna üçün əlverişlidir". Bu sözləri ukraynalı siyasi ekspert Aleksey Qaran "Normandiya dördlüyü"nün (Ukrayna, Rusiya, Fransa və Almaniya) Minskdə Ukrayna münaqişəsinin həlli üzrə keçirdiyi görüşün nəticələrini şərh edərkən deyib.
"Putinin planı Donetsk və Luqansk vilayətlərinin ərazisində muxtar respublikaların yaradılmasından ibarət idi. Biz görürük ki, bu plan faktiki olaraq sıradan çıxıb. Ukraynanın ərazisindən xarici qoşunlar və texnika çıxarılacaq. Yəni, ruslar, çeçenlər, kazaklar və digərləri Ukraynadan çıxmağa məcburdur. Ukrayna qanunları üzrə yerli seçkilər keçiriləcək. Düşünürəm ki, hakimiyyətin tərəfdarları qələbə qazanacaqlar. Amma görünür ki, bütovlükdə vəziyyət dəyişəcək. Rusiya qoşunları olmayacaq, Ukrayna sərhədlərinə nəzarət edəcək. Bu bizə müharibəni dayandırmağa, diqqəti iqtisadi islahatlara yönəltməyə və Ukrayna ərazisinin 96 faizinə nəzarət etməyə imkan verəcək", - politoloq bildirib.
Politoloq həmçinin Minsk sənədində "DXR" və "LXR" adlanan separatçı qurumlarının rəhbərləri olan Aleksandr Zaxarçenko və İqor Plotnitskinin adlarının hər hansı titrlərsiz getdiyinə diqqət çəkib: "Yekun sənəddə "LXR" və "DXR" haqqında heç bir xatırlatma yoxdur. Bu çox əhəmiyyətli məqamdır".

Lukaşenko və
Poroşenkodan Putin
barədə ağır sözlər

Ukrayna prezidenti Pyotr Poroşenko və Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin davranışını "çirkli və iyrənc" adlandırıblar.
publika.az-ın məlumatına görə, iki prezidentin Minskdə keçirilən "Normandiya dördlüyü" çərçivəsindəki söhbəti təsadüfən kameralara düşüb. Videodan görünür ki, Lukaşenko Poroşenkodan danışıqların necə keçdiyini soruşur. Ukrayna prezidenti cavab olaraq "ağırdır, çox ağırdır" deyir və "o, çirkli, iyrənc oynayır" deyə əlavə edir. Öz növbəsində, Lukaşenko: "Bilirəm. Artıq bunu hamı anlayıb",- söyləyir.

Lavrov: "Vaşinqton
hesab edir ki..."

"ABŞ-ın milli təhlükəsizlik strategiyası ona əsaslanıb ki, Vaşinqton hamını idarə etməlidir". Bu sözləri isə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"ABŞ-ın milli təhlükəsizlik strategiyası ona əsaslanıb ki, Vaşinqton hamını və hər yerdə idarə etməlidir. Özü də bütün mümkün vasitələrə söykənərək - iqtisadi sanksiyalardan güc tətbiqinə qədər", - Lavrov bildirib.
Xatırladaq ki, analoji fikirləri srağagün Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Aleksey Puşkov "Twitter" mikrobloqunda yazıb. Onun sözlərinə görə, ABŞ-da raket-bomba zərbələri və yaxud da lazım olan tərəflərə silah verilməsi bütün problemlərdən ən yaxşı çıxış yolu hesab edilir.
Kənan Rzaquliyev