KXCP dialoqda iştirak  etməyən partiyaları qınadı
KXCP dialoqda iştirak
etməyən partiyaları qınadı
Xəzər Teyyublu: "Fərqli mövqe nümayiş etdirmək yalnışlıqdır"

"Müxalifət partiyalarının Azərbaycan iqtidarı ilə eyni masa arxasında əyləşməsi və müzakirələr aparması Azərbaycan dövlətçiliyi üçün çox müsbət haldır".
Bu sözləri sia-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu iqtidar-müxalifət partiyaları arasında aparılan dialoqla bağlı həmin müzakirələrdə iştirak etməyən digər müxalifət partiyalarının irəli sürdükləri ittihamları cavablandırarkən deyib.
Onun sözlərinə görə, bütün mərhələlərdə qəbul edilmiş normalar bu cürdür ki, Azərbaycan hamımızındır, hər birimiz bu diyarın vətəndaşıyıq və Azərbaycanın gələcəyi ilə bağlı olan bütün məsələlər hər birimizin siyasi marağında olan məsələlərdir: "Siyasi dönəm baxımından bu cür halların baş verməsi normal sayılmalıdır. İqtidarla müxalifətin müəyyən məsələlərlə bağlı müzakirə aparması çox təqdirəlayiq haldır və bu görüşdə hər hansısa nöqsan axtarmaq heç cür qəbul edilə bilməz".
KXCP rəsmisi dialoqda iştirak etməyən, eyni zamanda oradakı partiyaları ittiham edən digər müxalifət partiyalarına sual ünvanlayıb: "Bir çox məsələlərin həlli üçün müxalifət partiyalarının iqtidarla görüşünün nəyi pisdir ki? Mən düşünürəm ki, bu məsələ ətrafında fərqli mövqe nümayiş etdirmək yalnışlıqdır. Fikrimcə, bu cür görüşlər müntəzəm olaraq keçirilməlidir. Keçirilən ilk görüşdən sonra belə, bir sıra problemlərin həlli ilə bağlı irəliləyişlər əldə olundu. Dövlətçilik baxımından bu cür dialoqların keçirilməsi vacib və lazımlı addımdır. Hər bir siyasi partiyanın özünün nizamnaməsi, siyasi fəaliyyət istiqamətləri var. Heç bir partiya da bu cür görüşlərdə öz istiqamət formalarından kənarda qalmır". KXCP rəsmisi bu kimi addımların davamlı olmasını və ümumi işin xeyrinə olduğunu deyib: "Bir sözlə, iqtidarla müxalifət arasında keçirilən bu görüş çox normal qarşılanmalıdır və müntəzəm xarakter almalıdır. Orada iştirak etməyən bəzi siyasi partiyalar da ümid edirəm ki, növbəti mərhələlərdə bu dialoqlara qoşulacaqlar".