Nikahdankənar doğulan uşaqların pozulan hüquqları
Nikahdankənar doğulan uşaqların pozulan hüquqları

Ölkədə nikahdankənar doğulan uşaqların sayı 25 mindən çoxdur. 2013-cü ildə bu rəqəm 25 min 69 nəfər olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2014-cü ilin 9 ayı barədə məlumatına görə, nikahdankənar doğulan uşaqların sayı 25 069-dur. Bu rəqəm bəlkədə çoxları üçün heç nə ifadə etmir. Amma...
Acı da olsa etiraf etmək lazımdır ki, bu gün nikahdankənar dünyaya gələn uşaqların hüquqlarını əksər hallarda müdafiə etmək çətin olur. Bəzən adi şəxsiyyətini təsdiq edən sənəddən belə məhrum, ömürlərinin bir hissəsini yaşamaq məcburiyyətində qalırlar onlar. Ataları olsa da, nikahdankənar dünyaya gəldikləri üçün bir çox problemlərlə qarşılaşan uşaqlar bəzən konstitutsiyanın onlara verdiyi ən sadə hüquqlarından, təhsil almaq haqqından belə mərhum olurlar. Xatırladaq ki, Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentdə bu məsələyə toxunaraq, nikahdankənar uşaq dünyaya gətirənlərin məsuliyyəti ilə bağlı məsələni qaldırmışdı: "Belə nikahdan doğulan uşaqlar böyük problemlərlə üzləşirlər. Özü də getdikcə Azərbaycanda vətəndaş nikahından doğulanların sayı artır. Son 10 ildə belə uşaqların sayı 4 dəfə artıb. Rəsmi statistikaya görə, Azərbaycanda doğulan belə uşaqların sayı 25 mindən yuxarıdır".
Deputat çıxış yolu kimi bu uşaqların hüquqları qanunla tənzimlənməsini təklif etmişdi: "Qanunda sadəcə göstərilir ki, rəsmi və vətəndaş nikahından doğulan uşaqların hüquqları eynidir. Lakin bunun mexanizmi yoxdur. Kişi qadından ayrılır, pencəyini götürüb gedir yeni macəra axtarışına. Qadın da uşaqla tək qalır. Buna görə qanuna dəyişiklik edilməli, vətəndaş nikahından doğulan uşaqların üzərində valideyn məsuliyyəti tənzimlənməlidir. Olmasa, həmin 25 min uşağı potensial cinayətkar kimi qəbul etmək olar."
Millət vəkili dediyi kimi, sənədsiz, təhsildən kənar qalan nikahdankənar doğulan bu uşaqlar gələcəyin potensial qurbanlarına belə çevrilirlər.
Elə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov da qeyri-rəsmi doğulan uşaqların bəzi hallarda öz hüquqlarından yararlana bilmədiyini söyləyir. Onun sözlərinə görə, bu uşaqların sayının artması valideyn məsuliyyətsizliyi ilə bağlıdır: "Bu zaman ən çox qarşıya çıxan problem doğum haqqında şəhadətnamənin olmamasına görə yaşanır. Valideynlər qeydiyyat şöbələrinə ərizə ilə müraciət etdikdə aydın olur ki, sənədlər yerində deyil. Çox qəribədir ki, insanlar uzun müddətdir ailə qurmasına, çox yaxşı münasibətləri, 3-4 uşaqları olmasına baxmayaraq rəsmi nikah bağlamırlar. Bu səbəbdən də hər dəfə uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün uzun və sıxıcı prosedur qaydalarından keçmək məcburiyyətində qalırlar. Rəsmi nikah olduğu halda isə sənədlər asan başa gəlir, heç bir əlavə vaxt itkisi baş vermir".
E. Səfərov deyir ki, nikahdankənar uşaqların doğulmasının səbəblərindən biri də erkən nikahların olmasıdır: "Araşdırmalar göstərir ki, Azərbaycanda qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır. Çünki, təhsildən yayınan qızlar erkən ailə qururlar. Qanunvericilikdə erkən nikaha təhrik etmə ilə bağlı azadlıqdan məhrim etmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa alır. Amma təəssüf ki, hələ belə hallar qalmaqdadır. Elə təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır. Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 2003-cü ildə nikahdan kənar doğulan uşaqların sayı 25 min olub. Onların 30-35 faizi məhz erkən nikahın payına düşür. Bu isə təhsildən yayınma hallarına gətirib çıxardır". E. Səfərov deyir ki, Azərbaycanda erkən nikah hallarının azalması təhsildən yayınan uşaqların sayının azalması ilə nəticələnir. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə Azərbaycanda erkən nikah halları azalıb: "2002-ci ildə bu rəqəm 2800-3000-idisə, 2013-cü ildə 305-ə düşüb".
Həmsöhbətimin dediyinə görə, Azərbaycanda nikahdankənar uşaqların sayını azaltmaq, xüsusilə qızların təhsildən yayınmasının qarşısını almaq üçün qızların erkən ailə qurmasını əngəlləməklə yanaşı, qeydiyyatsız, qeyri-rəsmi nikahları da qeydiyyata almaq lazımdır: "Təbii ki, bu bir qədər çətin məsələdir. Amma rayon icra hakimiyyətləri, sahə müvəkkilləri, qəyyumluq və hüquq şöbələri bu məsələni diqqətdə saxlamalı, qeyri-rəsmi nikahları qeydə almalıdırlar ki, bu cür münasibətlərdən dünyaya gələn uşaqlar təhsildən yayınmasın".
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova da nikahdankənar doğulan uşaqların sayının artmasında erkən nikahların rolunun danılmaz olduğu fikrindədir. Həmsöhbətimizin fikrincə, erkən nikahların baş tutması əngəllənməsə, Azərbaycan demək olar ki, qarşısı alınmaz bir fəlakətlə qarşılaşacaq: "Bunu tarix də təsdiqləyir. 2005-2006-cı illərdə erkən nikaha girənlərin yaşı 15-16 həddində idi. Amma bu gün 13-14 yaşlarında qızlar da ailə qururlar. Bu o deməkdir ki, 13 yaşında ailə qurmaq artıq bir normaya çevrilməkdədir. Çünki 13-14 yaşında bir qızın hələ ailə barədə təsəvvürü yoxdur. Azyaşlı qızlar ailə qursalar da, onlar düşünərək qərar verə bilmirlər. Erkən nikahların tibbi baxımdan da fəsadları var. 14 yaşında qızın bədəni fizioloji baxımdan ana olmağa formalaşmadığından belə hamiləliklərin əksəriyyəti uşaq düşmələri ilə nəticələnir. Bu isə qadının sonsuzluğuna gətirib çıxarır. Onlar rəsmi nikahda olmadıqlarından nikahdankənar övlad dünyaya gətirirlər. Bəziləri nikah şəhadətnaməsini uşaq olduqdan sonra da almadıqlarından, uşaqlarının 6 yaşı tamam olduqda məktəbə göndərə bilmirlər. Təhsil almayan uşağı isə gələcəkdə hansı problemlərin gözlədiyi bəllidir. Oğlan uşağıdırsa, cinayətkar qruplara qoşulur, qızdırsa erkən ailə quraraq özü kimi nikahdankənar övlad dünyaya gətirir".
Mehriban Zeynalova onu da bildirir ki, sənəd almağa çəkinən analar başa düşmürlər ki, məhkəmə yolu ilə atalıq faktorunu müəyyən etmək mümkündür. O, təəssüflə deyir ki, analar bunu düşünmür və uşaqlar 7, 8, 10 yaşına qədər sənədsiz qalır. Onun sözlərinə görə, bunun kökündə də milli mentalitet durur: "Nəticədə ana kimə pislik etmiş olur? Təbii öz övladına. Uşaq sənədi olmadığına görə məktəbə, bağçaya gedə, tibb müəssisəsində kifayət qədər xidmət ala bilmir. Bundan əlavə, qadınların çoxu bilmir ki, atalıq faktorunu test yolu ilə müəyyən etmək də mümkündür. Bunu iki cür etmək olur: Bioloji və DNT yolu ilə. Bioloji testin qiyməti 90 manatdır. Əgər ata bu testi qəbul etməzsə, 2000 manatı özü ödəyib, atalıq faktorunun təsdiqi üçün məhkəməyə müraciət edə bilər. Təəssüf ki, insanlar bunu bilmir və bu cür hüquqi savadsızlıq vətəndaş nikahında olanların uşaqlarının hüquqi statuslarının məhdudlaşdırılmasına gətirib çıxarır. Eləcə də gələcəkdə uşağın vərəsəlik hüququ, qeydiyyat məsələsi və s. kimi problemlər üzə çıxır".
Mehriban Zeynalova deyir ki, dini və vətəndaş nikahları qadınlar və uşaqlar üçün böyük problemdir. Onun fikrincə, ilk növbədə qadının hüquqi statusu müəyyən edilə bilmir. Üstəlik, əmlak məsələsində də problem yaşanır: "Onlarınkı sadəcə birgə yaşayışdır. Uşaqlar üçün vətəndaş nikahının zərərləri və təsirləri daha çoxdur. Vətəndaş nikahında olan şəxslərdə son zamanlar müşahidə edilən məsələlərdən biri odur ki, atalar atalıq faktorunu verməkdən boyun qaçırırlar. Eləcə də, bu hal qadının sənəd almasına mane olur. Nəticədə isə qadınlar milli mentalitetdən çəkinib uşağın atasının adını yazdırmaq və müəyyən ifadələrin söylənilməsindən uzaq olmaq üçün uzun müddət uşağa sənəd ala bilmirlər".
M. Zeynalova nikahdankənar doğulan uşaqların əksər hallarda vərəsəlik hüququndan da məhrum olduğunu söyləyir. Onun sözlərinə görə, nikahdankənar doğulan uşaqlar üçün cəmiyyətdə belə stiqma az deyil: "Nikahdankənar doğulan uşaqların cəmiyyətdə "bic" adlandırılması onların psixologiyasına, öz həmyaşıdları, ətrafındakılarla ünsiyyətinə bəzən mane olur. Çünki, bu cür uşaqlara münasibət cəmiyyətdə birmənalı deyil. Bəzən bu sözə görə, canına qıyan, onu təhqir edənləri qətlə yetirən yeniyetmələr də az olmayıb. Bir sözlə hələ doğularkən hüquqları pozulan nikahdankənar uşaqların hüquqlarını bərpa edərək onları cəmiyyət üçün layiqli vətəndaş kimi yetişdirmək asan deyil".