Rövnəq Abdullayevin şirkətində
Rövnəq Abdullayevin şirkətində "qara statistika"

SOS! ARDNŞ işçilərinin ölümü ilə nəticələnən qəzalar artır

Son vaxtlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işçiləri arasında ölüm halları artıb. Sonuncu belə kədərli hadisə srağagün yaşanıb. Belə ki, fevralın 15-də saat 17 radələrində Dalğıc və Qəza Xilasetmə İşləri İdarəsinin 5-ci dərəcəli dalğıcı faciəvi şəkildə ölüb.

ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, 1976-cı il təvəllüdlü Kamil Əhmədağa oğlu Umudov "Bulla" yatağındakı 29 saylı özülün yaxınlığında "Şirvan-2" kran gəmisindən verilmiş burazı suyun 12 metr dərinliyində dik dayağa (boruya) bərkitmək üçün "Orion-4" dalğıc gəmisindən suya enib.
Təxminən 5-10 dəqiqədən sonra gəmidəki sığortaedici dalğıc K. Umudovun şərti siqnala cavab vermədiyini görərək suya enib. Dalğıc həmkarını suda huşsuz vəziyyətdə tapıb. K. Umudov gəmiyə çıxarılıb. İlkin tibbi yardımın göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Verilən məlumata görə, hadisənin səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.
Xatırladaq ki, bir həftə əvvəl də SOCAR-da ölüm faktı qeydə alınmışdı. Belə ki, Ə.Əmirov adına NQÇİ-nin Elektrik avadanlıqlarının təmiri sexinin 5-ci dərəcəli elektrik montyoru, 1974-cü il təvəllüdlü Yunus Güləli oğlu Güləliyev növbədə olarkən həmin gün iş növbəsində olmayan elektrik montyoru Rafiq Əhmədovun xahişi ilə şəxsi məqsədləri üçün yaxınlıqdakı "Qaradağ Maşınqayırma Zavodu" ASC-nin həyətində yerləşən və Ə.Əmirov adına NQÇİ-yə heç bir aidiyyəti olmayan 6 kV-luq yarımstansiyada ayırıcını açmaq istəyərkən gərginlik altına düşüb və saat 15 radələrində onun meyidi paylayıcı qurğuda aşkar edilib. Məlum olub ki, Yunus Güləliyev iş yerini rəhbərliyə məlumat vermədən və qanunsuz olaraq tərk edib.
Y.Güləliyevin meyidi məhkəmə tibbi ekspertizasına aparılaraq müayinə olunub və onun elektrik cərəyanının təsiri nəticəsində öldüyü məlum olub.
Yanvarın 28-də isə SOCAR-ın daha bir işçisi dənizdə boğularaq ölüb. Belə ki, Xəzər Dəniz Neft Donanmasının PSK-39 gəmisi ilə "Abşeronneft" NQÇİ-nin istismar etdiyi 720 saylı özüldə növbə dəyişilən zaman bədbəxt hadisə baş verib.
SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqat maşinisti işləyən 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləmədən təhlükəsizlik qaydalarını pozmuş və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşərək xəsarət alıb. Neftçi dənizdən çıxarılsa da dünyasını dəyişib.
Ötən il də SOCAR işçiləri arasında ölüm hallarıqa kifayət qədər rastlanıb. Hələ 2014-cü ilin noyabrında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı mətbuata açıqlamasında bildirmişdi ki, ARDNŞ-in 17 nəfər işçisi iş şəraitində həlak olub.
Bu ilin ilk ayında artıq bir neçə SOCAR əməkdaşının ölümü ilə nəticələnən hadisənin baş verməsi ötənilki "qara statistika"nın təkrarlanacağını göstərir.
Ekspertlər bildirirlər ki, bu ölümlər ciddi narahatlıq doğurur və ARDNŞ prezidenti Rövnəq Abdullayevin vəziyyətə müdaxiləsi şərtdir. Əks halda Dövlət Neft Şirkətinin işçiləri arasında ölüm halları tamamilə adiləşəcək.
Aydın görünür ki, neft sahəsində xəsarət və ölüm faktları son dönəmdə xeyli artıb. Bu hadisələrə görə heç kim cavabdehlik daşımır. Bu cür cəzasızlıq və məsuliyyətsizlik davam etdikcə situasiyanın daha da təhlükəli şəkil alması qaçılmazdır. Müstəqil müşahidələr göstərir ki, bu məsələdə məsul qurumlar da kifayət qədər operativ və obyektiv davranmırlar. Nəticədə neft sektorunda, o cümlədən də SOCAR işçiləri arasında ölümlə, ağır xəsarətlərlə nəticələnən hadisələr təbii hal kimi qəbul edilir, qısa vaxtda unudulur, yaxud unutdurulur.
İnanaq ki, istər ARDNŞ prezidenti Rövnəq Abdullayev, istər Dövlət Neft Şirkətinin digər yetkililəri, istərsə də əlaqədar dövlət qurumları yaranmış ürəkağrıdan vəziyyətin aradan qaldırılması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər görəcək, neft sektorunda işçilərin ölüm və xəsarətlə nəticələnən qəzaların qarşısı alınacaq, ən azı bu cür qəzalar minimuma endiriləcək.
Ülviyyə Qasımlı