BAXCP İdarə Heyəti çağırış etdi
BAXCP İdarə Heyəti çağırış etdi
İslam ölkələrinin aparıcı məzhəblərini təmsil edən ilahiyyatçı alimlərin iştirakı ilə ali dini qurum yaradılmalıdır

Dünən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Bu barədə "Unikal" a BAXCP yetkilisi Elçin Mirzəbəyli məlumat verib ki, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
BAXCP İdarə Heyəti ictimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi çərçivəsində Danimarkanın paytaxtında həyata keçirilən son terror aksiyalarına da münasibət bildirib. Qeyd olunub ki, İslam peyğəmbərinin karikaturasını çəkən və yayımlayan, bununla da yüz milyonlarla insanın heysiyyatına toxunan şəxslərin hərəkətləri nə qədər lənətlənməlidirsə, terror aksiyalarını həyata keçirənlərin əməlləri bundan daha çox lənətlənməlidir.
BAXCP İdarə Heyətinin iclasında qeyd olunub ki, İslamın müqəddəs dəyərlərinin, müqəddəs Qurani Kərimin ayələrinin terroru öz cinayətkar əməllərinin gerçəkləşdirilməsi üçün vasitə seçən bəzi dini-ekstrimist qruplar tərəfindən yanlış təfsir olunması, siyasi motivli ekstrimist dini ideologiyaların təbliği ilk növbədə İslam dininə tapınan xalqları təhlükə qarşısında qoyur, sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə yol açır.
BAXCP İdarə Heyəti hesab edir ki, bu kimi halların aradan qaldırılması üçün İslam dininin təşəkkül tapdığı bütün ölkələrin aparıcı məzhəblərini təmsil edən ilahiyyatçı alimlərin iştirakı ilə müsəlmanlar üçün müqəddəs sayılan Məkkə şəhərində daimi fəaliyyət göstərən ali dini qurum yaradılmalı, dini maarrifçilik işi gücləndirilməli, radikal ekstrimist qrupların İslam dininin yüksək mənəvi dəyərlərindən sui-istifadə etmələrinə yol verilməməlidir.
BAXCP İdarə Heyəti Azərbaycan hökumətini İslam Konfransı Təşkilatanın zirvə toplantısı çərçivəsində belə bir təşəbbüslə çıxış etməyə çığırıb: "Nüfuzlu İslam alimləri tərəfindən müqəddəs kitabımız olan Qurani-Kərimin ayələrinin düzgün təfsir olunması və təbliği radikal ekstrimist qrupların bu sahədəki məqsədyönlü fəaliyyətlərini məhdudlaşdıra, İslam xalqları və dövlətləri arasında mənəvi bağları möhkəmləndirə, İslamın gerçək mahiyyətindən doğan həmrəylik və humanizm prinsiplərinin təşəkkül tapmasına yol aça bilər".
Qərib Gərayzadə