"Həmsədrlərin bu tələbi  komediya janrında yenilikdir"
"Həmsədrlərin bu tələbi
komediya janrında yenilikdir"

"ATƏT Minsk Qrupu həmsədrlərinin 2015-ci ildəki fəaliyyətindəki dəyişiklik diqqəti çəkir. Həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrılıqda görüşlər keçirib, ünvanlı bəyanatlar yaydılar. Bu, həm də görüşdən yayınan Ermənistana ağıllandırıcı təsir edəcək. Çünki Ermənistan tərəfi ATƏT MQ həmsədrlərinin hər iki tərəf üçün ünvanlanmış bəyanatının ünvanı kimi yalnız Azərbaycan tərəfini göstərirdi".

Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, həmsədrlərin Azərbaycana ünvanlanmış bəyanatında Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsi məsələsi qabardılmışdı:
"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində həmsədrləri qəbul etmək, onların işinə şərait yaratmaq Azərbaycanın üzərində beynəlxalq öhdəlikdir. Amma son illərdə həmsədrlər Azərbaycanın ərazi bütövlüyünə qarşı laqeydlik nümayiş etdirdilər. Hətta bəzən bunu aşkar şəkildə inkar etdilər. Amerikalı həmsədr ermənidən artıq erməni olmaq kursunu götürmüşdü. Belə olan təqdirdə Azərbaycan rəhbərliyinin həmsədrlərə laqeyd münasibəti başa düşüləndir. Amma elə Azərbaycana aid bəyanatda da həmsədrlər hərbi gərginliyin azaldılması məsələsinin ünvanı kimi Ermənistanı göstərmişdilər. Bu mövzu vasitəçilərin Ermənistan xarici işlər naziri E.Nalbandyanla görüşdən sonra yaydığı bəyanatda da özünü qabarıq şəkildə göstərdi. Həqiqətən, hərbi gərginliyin yeganə mənbəyi Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında mövcudluğudur".
Politoloq əlavə edib ki, Ermənistan qoşunlarının Azərbaycan ərazisində mövcud olmasına imkan verən heç bir beynəlxalq hüquqi prinsip yoxdur: "Ona görə həmsədrlər ilk növbədə mənbəni aradan qaldırmalıdırlar. Ermənistan həmsədrlərə inanırsa, həmsədrlər Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi barədə Azərbaycandan zəmanət ala bilər. Dağlıq Qarabağın statusu müəyyən olunan müddətədək Azərbaycan tərəfi Dağlıq Qarabağ ermənilərinin indiki vəziyyətinə tam zəmanət verə bilər. Müstəqil Azərbaycan bu vaxtadək üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Bu öhdəliyi də yerinə yetirəcək. Ermənilərin xoşladığı və Azərbaycanın qəbul etdiyi "Helsinki Yekun Aktı"nın 3 prinsipindən birincisi - güc tətbiq etməmə prinsipinin reallaşması məhz burdan başlanmalıdır. Ermənilər havadarlarından istifadə edərək Azərbaycana qarşı güc tətbiq ediblər və nəticəsi Azərbaycanın ərazilərinin işğal olunmasıdır. Ermənilərin güc elementləri - hərbi qüvvəsi Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra Azərbaycan Dağlıq Qarabağ ermənilərinə güc tətbiq etməyəcəyinə dair öhdəlik götürəcəkdir".
M.Əhmədoğlunun fikrincə, vasitəçilərin ünvanlı bəyanatlarında ermənilərin əsir götürdüyü 2 azərbaycanlının vəziyyətinin yer alması da müsbət hadisədir: "Ermənilərin etimad tədbirlərinin möhkəmləndirilməsinə dair özünəməxsus yanaşmaları var. Ermənilər yalnız snayperlərin geri çəkilməsini etimad tədbiri kimi başa düşürlər. Amma azərbaycanlı girovları həbsdən azad etmək etimad tədbirlərinin başlanğıcıdır. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunu təşkil etmək isə etimad tədbirlərinin ən yüksək mərhələsidir. Həmsədrlərin ayrı-ayrılıqda yaydığı ünvanlı 2 bəyanatda ehtiyatla işlətdiyi termin var. "Hərtərəfli sülh danışıqlarına yaxınlaşmaq". Əslində həmsədrlərin bütün fəaliyyətini heçə endirən də məhz bu məsələdir. Həmsədrlər Hərtərəfli və ya Böyük Sülh Sazişi terminini işlədə bilmirlər. Amma prezidentlərdən siyasi iradə tələb edirlər. "Böyük Sülh Sazişi" terminini istifadə etməyə siyasi iradəsi olmayan adamların ölkə prezidentlərindən siyasi iradə tələb etməsi komediya janrında yenilikdir. Həmsədrlər Ermənistana ünvanlanmış bəyanatında vurulmuş vertolyot insidentini də qaldırırlar. Bu faktiki Ermənistanın qarşısında tələbdir".
M.Əhmədoğlu əlavə edib ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın həmsədrlərlə görüşdən sonra süni təşkil etdiyi görüşlərdə verdiyi bəyanatlar göstərir ki, Ermənistan həmsədrlərin tənzimləmə variantını qəbul etmir:
"Ümumiyyətlə, E.Nalbandyan üçün belə vasitəçilər mövcud deyil. Bu, vasitəçilərin özlərinin Ermənistanda itirdiyi nüfuzun nəticəsidir. E.Nalbandyanın həmsədrlərlə görüşdən sonra həmsədrlərə qarşı bəyanat vermək üçün təşkil etdiyi görüşlərin statistikası bunu deməyə əsas verir. Sanki E.Nalbandyan hətta Münhendə küçədə də qışqırırdı ki, həmsədrlərin dediyi bir yana, Ermənistan öz bildiyini edəcəkdir. Vasitəçilər təxminən 10 ildir eyni şablon fikirləri təkrarlayırlar. 2009-cu ildən sonra ən azı 3 dəfə öz ölkələrinin prezidentlərinin imzaladıqları sənədin mahiyyətini dəyişməyə cəhdlər göstərirlər. "Yalnız dinc yolla" termini ATƏT MQ-nin sinoniminə çevrilib. Bu termin Ermənistanda isə "Dağlıq Qarabağın Ermənistana verilməsi və ya müstəqil olması" kimi tərcümə edilir".
Politoloqun sözlərinə görə, ATƏT MQ həmsədrlərinin bu yöndəki fəaliyyəti Dağlıq Qarabağ münaqişəsi regionunu müharibədən uzaqlaşdırmayıb, əksinə müharibəyə yaxınlaşdırıb. M.Əhmədoğlu əlavə edib ki, indi qoşunların təmas xəttində qumbaraatanlardan və minamyotlardan geniş istifadə edilir:
"Hərbi təlimlərdə isə ağır raketlərdən istifadə olunur. Bir addımdan sonra hərbi təlimdə istifadə olunan ağır raketlər döyüş əməliyyatlarında tətbiq ediləcək. Həmsədrlərin siyasi iradə göstərməsi hər şeydən vacibdir. Onların siyasi iradəsinin tətbiqi özünü Hərtərəfli (Böyük) Sülh Sazişinin hazırlanmasında göstərməlidir. Böyük Sülh Sazişi Dağlıq Qarabağ tənzimlənməsinin açarıdır. Böyük Sülh Sazişi "yalnız dinc yolla" terminini, "Helsinki Yekun Aktı"nın 3 prinsipinin, qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsini, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasındakı dialoqu və s. özündə birləşdirir. Hərtərəfli (Böyük) Sülh Sazişinin Dağlıq Qarabağ tənzimlənməsində hansı məsələni əhatə edə bilməməsini Ermənistan və həmsədrlər göstərsinlər. Hərtərəfli (Böyük) Sülh Sazişi bütün məsələləri həll edə bilir. Eləcə də, vasitəçilərin Hərtərəfli (Böyük) Sülh Sazişinin hazırlamağa başlaması prezidentləri dialoqa maqnit kimi cəlb edə bilər. Hansı prezident Böyük Sülh Sazişinin hazırlanmasında iştirakdan imtina edirsə, deməli o prezident Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin tərəfdarı deyil. Başqa variantlarla münaqişənin tənzimlənməsi gündəliyə gətirilməlidir".
M.Əhmədoğlu əlavə edib ki, Yenilənmiş Madrid Prinsipləri 2009-cu ilin iyul ayından ortadadır: "Faktiki Böyük Sülh Sazişinin hazırlanmasının bazasıdır. Bunu implementasiya etməklə həmsədrlər çox qısa müddət ərzində Böyük Sülh Sazişini ortalığa qoya bilərlər. Bu işi etmirsə deməli, həmsədrlərə dediklərində səmimi deyillər. Məqsədləri münaqişəni tənzimləmək deyil, bir-biri ilə geosiyasi ötürmələr etməkdir. Azərbaycan isə öz yolu ilə davam edir. Qeyri-səmimi, ermənilərin əlində alət olan "Böyük Sülh Sazişi " terminini dilə gətirə bilməyən həmsədrlər çox zəifdirlər və Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək istiqamətindəki fəaliyyətinə maneçilik törədə bilməzlər".
Fuad