Siyasi fəallıq və Ermənistanın geri çəkilməsi
Siyasi fəallıq və Ermənistanın geri çəkilməsi

Bu gün Azərbaycan vətəndaşlarının siyasi və sosial aktivliyinin artması ən ümdə duran vəzifələrdən biridir. Bu istiqamətdə dövlətlə yanaşı, vətəndaş cəmiyyətləri də kifayət qədər aktivlik nümayiş etdirirlər və bunun bariz nümunəsini görürük. Bu baxımdan Heydər Əliyev Fondunun həyata keçirtdiyi "Xocalıya ədalət" kampaniyasını xüsusi olaraq qeyd etmək lazımdır. Məhz bu kampaniya nəticəsində tək Azərbaycan insanlarında yox, həm də Azərbaycandan kənarda yaşayan azərbaycanlılar arasında siyasi aktivlik ortaya çıxdı.
Halbu ki, dünənə qədər Azərbaycandan kənarda yaşayan azərbaycanlılar sadəcə olaraq hansısa mədəni toplantılarda bir araya gəlməkdən uzağa gedə bilmirdilər. Amma Heydər Əliyev Fondunun həyata keçirtdiyi kampaniyalar insanlarda sosial və siyasi fəallığın artmasını tamamladı. Hazırda isə bunun ciddi nəticələrini görürük. Sonuncu belə uğurlu bir addım isə bu günlərdə baş atıldı. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən "Justice for Khojaly!" ("Xocalıya ədalət!") beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən "Khojaly Witness of a war crime. Armenia in the Dock" (Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) adlı kitab rus və türk dillərində Sankt-Peterburq və İstanbulda nəşr edilib.İ lk dəfə ingilis dilində nəşr olunan bu toplu ötən il Londonun "İTHACA Press" nəşriyyatında çap edilib.Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya ədalət!" kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın kitaba yazdığı ön sözdə deyilir: "...1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli qətliamlarından biri baş verib. Ermənistan silahlı qüvvələri keçmiş sovet qoşunlarının bölgənin mərkəzi Xankəndidə dislokasiya edilmiş hərbi hissəsinin köməyi ilə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Bu hadisə dünya mediasının o zaman bölgədə olan bütün nümayədələri və hadisədən xəbər tutan informasiya agentlikləri tərəfindən kütləvi qətliam kimi qiymətləndirilmişdir. Azərbaycan xalqı baş verənləri dərin kədər hissi ilə qarşılamış, qətliam qurbanlarını şərəflə dəfn etmiş, bu amansız faciədən xilas olanların yenidən həyata bağlanması üçün var qüvvəsini səfərbər etmişdir.
"Khojaly Witness of a war crime. Armenia in the dock" kitabı Xocalı soyqırımı haqqında Qərbdə ingilis dilində nəşr edilən ilk müstəqil nəşrdir. Kitabda Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümükündür.
Bu kitabın nəşri "Xocalıya ədalət" kampaniyasının missiyasının həyata keçirilməsi işinə beynəlxalq dəstək olmuşdur. Bunu nəzərə alaraq, kitabın bir sıra dillərə, o cümlədən rus dilinə tərcümə edilməsi məqsədəuyğun hesab edilmişdir. Ümid edirik ki, bu kitabla tanış olan hər bir oxucu "Xocalıya ədalət!" kampaniyasına öz dəstəyini əsirgəməyəcəkdir.
Xocalı soyqırımına dair materialları dərindən bilən əcnəbi mütəxəssislərin iştirakı ilə tərtib olunan "Khojaly Witness of a war crime. Armenia in the dock" kitabı kompozisiyasına və əhatə etdiyi təkzibedilməz sənəd və materiallara görə sözün əsl mənasında unikal bir nəşrdir. Burada Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür".Bununla paralel olaraq ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasının üzvü Jin Vu Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar qətnamə yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə daxil olan məlumata görə, bu barədə Azərbaycanın ABŞ-dakı diaspor təşkilatı Amerika Azərbaycanlıları Şəbəkəsi xəbər verib.
Qətnamədə qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisi Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən qırğına məruz qalıb: "Bu, müharibə vaxtı baş verə biləcək cinayət haqqında xəbərdarlıq və zorakılığa yol verməmək üçün dialoqun inkişaf etdirilməsinin zəruri olmasının acı bir xatırlatmasıdır".
Qətnamədə deyilir ki, Xocalıda baş verən qırğın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı tarixində ən faciəli hadisələrdən biridir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini ələ keçirib. Nəticədə, ən azı 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 106-sı qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə yaşlı insanlar olub. Qırğınlar zamanı 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.Qeyd edək ki, bu Texas ştatının parlamentində Azərbaycana dair qəbul edilən ikinci qətnamədir. Ekspertlər hesab edir ki, bu günə qədər ermənilərlə bu cür mübarizələrdə geriləməyimizin başlıca səbəbi də məhz insanlarımızın siyasi və sosial fəallığının aşağı olması idi. Bununla bağlı açıqlama verən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev qeyd edib ki, ermənilərin bu canfəşanlığı qarşıdan gələn Xocalı soyqırımının ildönümünü önləməyə yönəlib: "Ermənilərin ABŞ Konqresindəki dinləmələrdə qaldırdığı məsələ onların növbəti profilaktik addımlarıdır. Əslində onların bu hərəkəti Xocalı faciəsinin soyqırımı kimi qəbul olunmasına mane olmaqdan başqa bir şey deyil.
O ki qaldı Ermənistanda baş verən hadisələrə-1988-1989-cu illərdə azərbaycanlıların başına gətirlmiş müsibətlərə, insanların qətlə yetirilməsi, döyülməsi, təhqir olunması və nəhayət 250 mindən çox insanın deportasiya olunmasına, Azərbaycan dövləti və diaspor təşkilatları bu məsələni daimi olaraq işıqlandırırlar. Və heç vaxt gündəmdən çıxmır. Biz həmçinin bunun Qarabağ problemi kontekstindən çıxarılmasının da tərəfdarı deyilik".
Deputat haqq səsimizi eşitdirməyə mane olan ikili standartlara diqqət çəkib:"Bütövlükdə ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları, bu iddiaların nəticəsində baş verən etnik təmizləmə, soyqırımı əməliyyatları kompleks şəklində diaspor təşkilatları, diplomatlar, millət vəkilləri tərəfindən daim gündəmdə saxlanılır, müxtəlif ölkələrin parlament, hökümət, ictimaiyyəti səviyyəsində qaldırılır. Amma neyləmək olar ki, dünyada ikili standatlar, haqdan, ədalətdən daha yüksəkdə dayanan maraqlar var.
Təəssüf ki, böyük dövlətlərin belə maraqları həqiqətlərin eşidilməsinə mane olur. Hər şeydən uca olan haqdır, biz bu işləri görürük. Ermənilər Xocalı ilə bağlı qabaqdangəlmişlik edir. Çünki, bu il ermənilərin "soyqırımı"larının "100 illiy"i olacaq. Ermənilərin fəallığı sırf bunlarla bağlıdır. Gec-tez dünya həqiqətləri görməyə məcbur olacaq. Fakt odur ki, bu gün işğal olunan Azərbaycan torpaqlarıdır, dağıntılara məruz qalan Azərbaycan şəhər və kəndləridir, 1 milyon qaçqın-köçkün bizim vətəndaşımızdır. Dünya ölkələrinin istər rəsmi, istərsə də qeyri-rəsmi nümayəndələri Azərbaycana gələrkən Şəhidlər xiyabanına getmirmi, görmürlərmi?".
Musa Quliyev qeyd edib ki, ABŞ Konqresindəki dinləmələrdə çıxış edən ermənilərin hamısı orda yaşayanlardı: "Hərənin bir mübarizə forması var. "Onlar nə edibsə biz də onu etməliyik" deyə bir şey yoxdur. Biz öz sözümüzü prezident səviyyəsində demişik. İstənilən tribunada ölkə başçısı İlham Əliyev bildirir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bununla bağlı isə beynəlxalq səviyyədə heç bir təkzib yoxdursa, demək qəbul olunur. Amma bütün bunlar bizim torpaqlarımızın azad olunmasını şərtləndirmir. Dünyada o qədər kar qulaqlar var ki, eşitmək istəmirlər. Zorla isə heç nə edə bilmərik. Problem bundadır. Azərbaycan bir gün də olsun öz mübarizəsindən əl çəkmir". Bunuda qeyd edək ki, hazırda vətəndaşların siyasi və sosial fəallığının artması Ermənistanı və erməni lobbisini də ciddi narahat edir. Çünki bir tərəfdən Azərbaycan diplomatiyası iş sistemini dəyişərək müdafiə diplomatiyasından hücum diplomatiyasına keçid etdi, digər tərəfdən isə insanların siyasi fəallığı yeni təşəbbüslərin ortaya çıxması ilə tamamlandı. Hesab etmək olar ki, yaxın bir neçə il ərzində məhz vətəndaşların siyasi və sosial fəallığı nəticəsində az qala dünyanın belə başını sığalladığı Ermənistana layiqli cavab verə biləcəyik.