Hüquqşunas:
Hüquqşunas: "Boşanan qadınların hüquqlarını nikah
müqaviləsi bağlamadıqlarından müdafiə etmək çətin olur"

Ölkədə boşanan qadınların hüquqları hüquq mühafizə, məhkəmə instansiyalarında qorunsa da, boşanan tərəflərdən biri, xüsusilə qadınlar öz haqlarını bəzən qanunvericiliyin köməyindən istifadə edərək belə tələb edə bilmirlər. Bu gün elə qadınlar var ki, nikahı pozulduqdan sonra ər evindən öz ata evindən gətirdiyi cehizi belə geri ala bilmir.
Hətta birgə nikah dövründə mal-mülk sahibi olan qadınlar var ki, ərindən boşananda uşaqlarını götürüb yaşamaq üçün yenidən ata evinə üz tutur. Hər birimizə bəllidir ki, milli adət-ənənələrə görə, Azərbaycanda ailə çox müqəddəs sayılır. Bu baxımdan hər bir gənc ailə qurarkən yüz ölçüb, bir biçməlidir. Ailədə yaranacaq bütün problemləri qanunla tənzimləmək üçün ölkə qanunvericiliyində də xüsusi müddəalar nəzərdə tutulur ki, bunun ən vacibi olan Nikah Müqaviləsi haqqında gənclərin çoxu bixəbərdir.
Hüquqşunas Zaur Quliyevin sözlərinə görə, boşanan cütlüklərin "qara gününün dayağı" olan nikah müqavilələri ayrılarkən onların hüquqlarının qorunmasına böyük kömək ola bilər. Z. Quliyev deyir ki, Azərbaycanın Ailə Məcəlləsində nikaha daxil olanlara bu müqavilənin bağlanması tövsiyə olunur: "Halbuki, əksər dünya ölkələrində yeni ailə quranlar nikah müqaviləsi bağlamaqla, ailə həyatlarının əsas məqamlarını, əsasən də əmlak məsələlərini nizama salmağa üstünlük verirlər. Lakin bu gün sirr deyil ki, nikah müqaviləsi Azərbaycanda geniş tətbiq edilmir. Azərbaycanda nikaha girən cütlüklərin çox az qismi sözügedən sənədi imzalamağa razılaşır. Şəxsən mən hüquqşünas olaraq doqquz illik praktikamda belə bir halla hələ rastlaşmamışam. Amma nikahın pozulması zamanı müraciət edənlərin çoxu nikah müqaviləsi barədə eşitdikdə öz təəssüflərini bildirirlər ki, vaxtında bunu etməyiblər".
Z. Quliyevin sözlərinə görə, bunu milli mentalitetimizlə də əlaqələndirmək olar: "Bizdə nikaha daxil olarkən bir qayda olaraq nikah müqaviləsinin bağlanmasını tərəflər bir-birlərindən tələb etmirlər, düşünürlər ki, belə olarsa, nikahlarını şübhə altına alarlar, yəni, nikahları hansısa niyyət daşımış olar. Əksəriyyət belə düşünür ki, bu müqavilənin imzalanması nikahın daimi olacağına şübhə yaradır. Eləcə də tərəflərin evlənməzdən öncə boşanma haqqında düşünərək müqavilə tələb etməsi bədniyyətlilik və utancverici bir hal kimi qəbul edilir. Məncə bu səbəblərdən biri, bəlkə də birincisidir. Bu bir reallıqdır ki, bu gün boşanmaların sayı artır. Nikah Müqaviləsi olmayan ailələr boşananda ciddi problem yaranır. Boşanmaların 90 faizində əmlak mübahisələri ortaya çıxır. Bu mübahisələrin həlli zamanı qadınların mülkiyyət hüquqları pozulur və tərəflər az qala düşmənə çevrilir. Lakin Qərbdə boşanma zamanı bizim ailələrdə yaşanan problemlərə bənzər problemlər yaşanmır və tərəflər düşmənə çevrilmirlər".
Hüquqşunas nikah müqaviləsini məhkəmə qaydasında əmlak bölgüsünə dair mübahisələrdən uzaq olmaq üçün onların maraqlarını nəzərə almaq məqsədilə bağlanan ən vacib sənədlərdən biri sayır: " Ər və arvadı artıq bölünməmiş əmlakdan başqa heç bir şey birləşdirmədiyi halda, onların tək istinad mənbəyi məhz savadlı tərtib olunmuş nikah müqaviləsi ola bilər. Belə ki, Müqavilə bağlanarkən qadına və kişiyə məxsus olan əmlak hüquqi tərəfdən müəyyənləşdirilir və bu sənəd boşanma zamanı qadına və kişiyə məxsus olan əmlakın, nikah dövründə, yaxud nikahdan sonrakı dövrdə hansı qaydada bölünəcəyini müəyyən edir. Nikah müqaviləsində ər və arvadın evlilik zamanı aldıqları əşyalar üzərində eyni hüquqa sahib olub-olmaması əks olunur. Boşanma zamanı müqavilədə göstərilən əşyalar müqaviləyə uyğun olaraq bölünür. Nikah müqaviləsinin bağlanmasının ilk növbədə əhəmiyyəti ondadır ki, bu müqavilə təsadüfi, müəyyən maddi maraqlar naminə bağlanan nikahların sayını azalda bilər. Heç də sirr deyil ki, qeyri-maraqlar naminə bağlanan nikahların da sayı az deyil. Nikah müqaviləsinin bağlanması, həmçinin, nikah dövründə ərlə arvadın birgə qazandığı əmlakın etibarlı təminatçısı rolunu oynaya və xüsusi mülkiyyət hüquqlarının qorunmasını təmin edə bilər. Bundan başqa, nikah müqaviləsinin bağlanması əsassız boşanmaların sayının azalmasında müəyyən rol oynaya bilər. Qanunvericiliyin tələbinə görə, nikaha daxil olma şəxslərin qarşılıqlı iradəsinin ifadəsi kimi reallaşır. Nikahın pozulması isə, qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlər istisna olmaqla, birtərəfli iradə ifadəsidir. Məlum olduğu kimi, bir çox hallarda əsaslı səbəblər olmadan, yalnız "xasiyyətimiz düz gəlmir" əsası ilə nikahın pozulmasına dair məhkəmələrə iddialar verilir və məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş qaydada belə iddiaları təmin edir. Nikah müqaviləsinin bağlanması isə ailə institutunun möhkəmlənməsi, inkişafı üçün münbit şərait yaradır, ən azı subyektiv yanaşmaları, nikaha girməyə və boşanmalara əsassız səbəbləri aradan qaldıra bilər. Nikah müqaviləsinin bağlanması tərəfləri belə mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir. Nikah Müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər".
Hüquqşunas deyir ki, nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Ər-arvad əmlakla bağlı öz aralarında şifahi razılığa gəlsələr belə, nikaha xitam verilən zaman həmin şifahi razılaşmaya əsaslanaraq əmlak iddiası irəli sürə bilməz. Nikah müqaviləsi nikah dövrünün istənilən vaxtında bağlanıla bilər. Hətta, Nikah Müqaviləsi tərəflərin razılığı ilə istənilən dövrdə dəyişdirilə, yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada olmalıdır. Nikah müqaviləsinə xitam verildiyi halda, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir. Nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər. Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər. Sözügedən müqavilənin predmeti yalnız tərəflərin ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlanmır, həm də nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailənin ümumi xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri və s. müəyyənləşdirilə bilər. Hansı əmlakların nikah müqaviləsinin predmeti ola bilməsini nikaha girən şəxslər özləri müstəqil surətdə müəyyənləşdirə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair də bağlana bilər. Bu evlənənlərin öz istəyi ilə müəyyənləşir. Həmçinin, bu sənəd ər-arvadın fəaliyyət qabiliyyətini, uşaqlara göstərəcək qayğını, ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini də tənzimləyə bilər. Nikah Müqaviləsi tərəflərin hüquq və fəaliyyətini, onların məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Nikah müqaviləsi bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun qaçıra bilməz. Nikah Müqaviləsi tərəflər arasındakı münasibətlərin həddini müəyyən edən sənəd olaraq, evlilik və ya boşanma vaxtı ortaya çıxacaq hər hansı problemdən sığorta mahiyyəti daşıyır. Təbii ki, Nikah Müqaviləsi olmadan da, qanun nikah bağlayan tərəflərə eyni hüquqlar verir, onların arasındakı problemlər də məhkəmə yolu ilə həll edilir. Müqavilə isə ona xidmət edir ki, hər hansı əmlak mübahisəsi yaranmamışdan bu problemin həlli yolları qabaqcadan müəyyən edilsin. Bu gün məhkəmələrdə hakimlər tərəflərdən Nikah Müqaviləsinin olub-olmamasını soruşurlar. Məncə bu, nisbi də olsa nikah müqaviləsinin bağlanması ən azından ikinci nikah dövründə tətbiqinə gətirəcək sevindirici bir haldır".
Z. Quliyev deyir ki, təcrübə göstərir ki, hazırda Azərbaycanda boşanma işlərinin əhəmiyyətli bir hissəsi qadınların hüquqlarının pozulması ilə nəticələnir: "Yəni, nikahı pozulmuş qadının mənzillə təminatı, aliment alınması və s. məsələlərdə obyektiv səbəblərdən yaranan problemlər var. Bəzən ər və ya arvad, boşanmanın onun üçün ciddi əmlak nəticələrinə səbəb olmayacağını bildiyinə görə subyektiv mülahizələrdən nikahın pozulmasına dair iddia qaldırır. Belə hallarda qanunvericiliyə istinadla keçmiş ər və ya arvadın nikahdan sonrakı əmlak vəziyyətini, uşaqların maddi təminatını tənzimləmək mümkün olmur. Bax, bu cür problemlərin aradan qaldırılması üçün nikah müqaviləsinin bağlanması zəruridir. Məncə qızlar onlar haqlarını müdafiə etməyi bacarmalıdır. Boşanan zaman qadının öz hüquqlarını müdafiə etməsi baxımından müqavilənin çox böyük rolu olur. Qadına çatacaq əmlakın dairəsi müqavilə ilə müəyyənləşdirilir.
Bu gün gündəlik həyatımızda biz görürük ki, nikahı pozulmuş qadınlar yaşamağa yer tapmır. Bəzən bu səbəbdən uşaqlarını uşaq evlərinə vermək məcburiyyətində qalırlar. Nikah müqaviləsi isə boşanma zamanı yaranan problemlərin sivil qaydada həllinə imkan verir. Müqavilə mövcud qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Nikaha girən tərəf müqavilə bağlanmasını tələb edirsə, bu, qarşı tərəfə etibarsızlıq kimi qiymətləndirilir. Tərəflər arasında Nikah Müqaviləsi olarsa, boşanan zaman qadınların və uşaqların vəziyyəti də yaxşı olar. Bundan başqa boşanmalar zamanı məhkəmələrdə qadınlarla bərabər uşaqların da hüquqlarının pozulduğunu vurğulamaq istərdim. Bizim ailələrdə çox vaxt valideynlər nikah pozularkən uşaqlardan vasitə kimi istifadə edirlər. Bu isə uşaq psixologiyasında mənfi izlər qoyur. Boşanma zamanı oğlan qıza evdən istifadə hüququ verməyə bilər. Amma uşağa evdən istifadə hüququ mütləq verilməlidir. Məhkəmələr belə mübahisələr yaranan zaman "Uşaq hüquqları haqqında" qanunun 20-ci maddəsini tətbiq etmək əvəzinə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq edir. 20-ci maddədə nəzərdə tutulub ki, uşaq doğulduğu yerdə başqa ailə üzvləri ilə birgə qaydada istifadə hüququna malikdir. Məhkəmələr isə Mülki Məcəllənin 27-ci maddəsini tətbiq edir. Həmin maddədə deyilir ki, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Məhkəmələr "yaşayış yeri" ilə "istifadə hüququ" anlayışlarını qarışdırır. Onlar uşaqların istifadə hüququnu nəzərə almır. Deyirlər ki, uşaq anası ilə olduğu üçün onunla yaşamalıdır".
Ekspertlər hesab edirlər ki, Azərbaycanda nikah müqaviləsi məcburi olarsa bu boşanan ailələrdə əmlak mübahisələrini daha tez həll etməyə imkan yaradar.