Qadın hüquqları qadınların baxışlarında

Qadın hüquqları qadınların baxışlarında

Bu gün insan hüquq və azadlıqlarının qorunması mövzusu gündəmə gəldikdə ilk diqqəti cəlb edən nüans yer üzündə qadınların hüquq və azadlıqlarının qorunmaması ilə bağlı fikirlərin səslənməsidir. Orta əsrlərə qədər bu hüquqlar ümumiyyətlə yox səviyyəsində idisə, sonradan qadınların fəal həyata vəsiqə almalarına imkanlar tanındı. Amma ən inkişaf etmiş ölkələrdə belə yenə iddia olunur ki, qadınların hüquq və azadlıqları sona qədər qorunmur. Hesab etmək olar ki, əslində bu fikirlərin kütləvi şəkildə tirajlanmasında qadınların da böyük iştirakı var və bu natamamlıq kompleksi ilə çox bağlıdır. Yəni yüz illər boyu bu hüquqlardan məhrum olmuş qadınlarda az qala alt şüurda bir sistem yaranıb və sistemin kökündə özünəgüvənin zəifləməsi, qarşılığında azünümüdafi sisteminin formalaşmasıdır. Maraqlıdır, bəs bu proses Azərbaycanda necə cərəyan edir və ölkəmizin müxtəlif sahələrində çalışan, cəmiyyətdə kifayət qədər tanınan xanımlarımız nə düşünür?. "Təmiz Dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, bu məsələ hər zaman gündəmdə olub və yəqin ki, uzun illər də qalacaq: "Bilirsiniz, insan hüquq və azadlıqları əslində ümumi bir anlayışdır və bu anlayışın içində qadın hüquqları da xüsusi yer tutur. Digər tərəfdən tək qadın hüquqlarının yox, ümumilikdə insan hüquq və azadlıqlarının kökündə dayanan məsələ siyasi fəallıq və maarifçilikdir. Bu gün öz haqqını bilməyən qadının hüququnun pozulduğunu demək absurd olar. Bunları nəzərə alaraq hesab edirəm ki, maarifləndirmə işlərinə xüsusi diqqət ayırmaq lazımdır. Bizə müraciət edən qadınların baxıram ki, böyük hissəsi hansı haqqa, hüquqa sahib olduqlarını bilmirlər. Bu isə nəticədə onların seksual istismarına, kölə kimi işlərə cəlb edilməsinə təkan verir. Bunu da qeyd edim ki, son illər bu sahədə kifayət qədər işlər həyata keçirilib və bu gün qadınlar öz hüquq və azadlıqlarını tələb etməyə həvəslidirlər. Hətta erkən yaşında ailə qurmağa məcbur edilən və uzun illər istismara məruz qalan xanımlar var ki, öz haqları uğrunda mübarizə aparırlar. Dövlətin də bu cür insanlara xüsusi diqqət ayırması, maarifləndirmə işlərini yaxşı qurması bu sahədə ciddi tərpənişlərə əsas yaradıb. Diqqət yetirin, illər öncə bizə daxil olan şikayətlərdə aydın olurdu ki, hansısa xanımın şəxsiyyət vəsiqəsi əlindən alınıb və məcburi şəkildə seksual istismara cəlb edilib və ya haqları tapdalanaraq müəyəyn işlərə cəlb olunublar. Amma bu gün belə hallar istisna təşkil edir"."Unikal"a açıqlama verən tanınmış teleaparıcı Zamirə Dadaşovanın yanaşması isə kifayət qədər fərqli və hardasa çağırış xarakterli bir yanaşma oldu:" Tək Azərbaycan qadınlarının hüquqları qorunmur desək yanlış olar. Cünki dünyada baş verən hadisələri izləsək görərik ki, ən cox təcavüzə məruz qalan, başı kəsilən elə qadınlardır. Qadınlar əslində zəif cinsin nümayəndələri deyil. Onlar cox güclüdürlər. Güclü saydığımız kişilər qadınsız cox zəifdir. Amma qadın həyat yoldaşı olmasa övlad böyüdür, ailə saxlayır, bir sözlə həm kişi həm də evin xanımı olur. Bir kişi göstərin ki, qadınsız həyatını davam etdirə bilsin. Sadəcə qadına yanaşma düzgün deyil. Bir qadın görən kimi öz analarına, bacılarına baxırlarmış kimi yox, həmin qadının xasiyyətini, həyat tərzini bilmədən fərqli fikirlər kecir kişilərin beyinlərindən. Bu gün hamımız gündəlik xəbərləri izləyirik. Nə qədər azyaşlı uşaqlar təcavüzə məruz qalır? Bu dəhşətdir. Əvvəllər əmiyə, xalaoğluna, dayıya, qardaşa, qız uşaqlarını etibar edirdilər. İndi milli mənəvi dəyərlər itib. Hec kəsə etibar yoxdur. Mənim iki oğlum var qızım yoxdur. Qızım olsaydı bəlkə məktəbə də onunla gedib gələrdim, məktəbdə də yanında olardım. Qızıma etibar etmədiyimdən yox,
insanlara etibarım yoxdur. Artıq elə bir zamanda yaşayırıq ki, özümüz öz hüquqlarımızı qorumağa, öz hüquqlarımızı bilməyə məcburuq. Mən hüququmu əmim, dayım, hüquq mühafizə orqanları, məhkəmələr qoruyacaq deyib otursam inanın hec kim barmağını belə tərpətməyəcək. Hüququ pozulan mən olacam və günahkar əlbətdə məni cıxaracaqlar. "Təhminə və Zaur" filminə hamı baxıb. Orda bir fikir var. Yəqin ki, yerində söylənmiş bir ifadə olacaq. Kişi var qadını fahişə edir, Kişi var fahişəni məlakə edir. 9, 10, 15 yaşında qızcığazlara təvuz edən bax bu " kişilər" düşünsünlər ki, cəmiyyəti və gələcəyin analarını hara sürükləyirlər. Bu gün nə yaxşı ki, mən anayam və nə yaxşı ki, qız övladı dünyaya gətirməmişəm".Bakı Ali Neft Məktəbinin ictimaiətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova isə "Unikal"a açıqlamasında qadın hüquqlarının lazımi səviyyədə qorunmamasının konkret səbəblərini bildirdi:"Azərbaycanda qadın hüquqlarının müdafiəsi zəifdir. Qadınlar bir tərəfdən öz hüquqlarını kifayət qədər qorumağı bacarmırlar, buna o qadınların yetkinlik yaşına çatmadan ailə qurmaları, təhsildən kənar düşmələri və ya öz ailəsi tərəfindən məqsədyönlü şəkildə buna maneçilik törədilməsi, fərdi olaraq, böyüdüyü və ya yaşadığı ailədə gördüyü hüquqsuzluq kimi hallarla yanaşı, cəmiyyətimizdə bilavasitə qarşı cins tərəfindən - atası, qardaşı, həyat yoldaşı və sair - qadınlara qarşı bu halların və zorakılığın tətbiq olunmasıdır. Bunun səbəbləri isə, dərindədir. Biz Şərq mentalitetinə məxsus dəyərlərin tətbiq olunduğu cəmiyyət olaraq, bu məsələyə daha çox adətlər, ənənə, qaydalar prizmasından yanaşırıq. Baxmayaraq ki, bu gün ölkəmizdə qadınlar kişilərlə bərabər rəhbər vəzifələrdə çalışırlar və idarəetmə strukturlarında kifayər qədər irəli gedən qadınlarımız var, hətta nazir müavini vəzifəsinə qədər yüksələn xanımlarımız var, ümumilikdə qadın hüquqları məsələsi ürəkaçan deyil. Bunu cəmiyyətdə baş verən müəyyən sosial-mənəvi-psixoloji aşınmanın təsirindən yaranan hadisələrin fonunda götürsək, əslində ortada bir ümumi insan faktorunun olduğu meydana çıxır. Kişilər də müəyyən dərəcədə zorakılığa məruz qalırlar. Dünyada baş verən hadisələr onu göstərir ki, son dövrlərdə zorakılıq, qəddarlıq, işgəncə halları gündəlik həyat normasına çevrilib və bunu dayandırmağa gücümüz çatmır. Amma təəssüf ki, qadınlar daha çox əzilən, zorakılıqla üzləşən zümrəyə çevriliblər. KİV-də demək olar ki, qadınların başına gətirilən müxtəlif hadisələrlə bağlı, zorakılıq və qətl işləri haqda oxuyuruq ki, artıq bu da, adi xəbərlərdən birinə çevrilib. Bu çox təhlükəli tendensiya yaradır. Qadınların zorakılğa məruz qalaraq, müxtəlif kriminal hadisələrin qurbanı olması acınacaqlı bir haldır. Təəssüf ki, ölkəmizdə də bu var və qadınlar bu və digər dərəcədə zorakılıqla üzləşirlər, hüquqlarının müdafiəsi ilə bağlı problemlər ortaya çıxır. Buna görə də, Azərbaycanda qadın hüquqlarının durumu bu gün qaneedici sayıla bilməz". Beləliklə gördüyünüz kimi əksər səbəblərin kökündə sırf maarifləndirmə probleminin olmasıdır. Digər tərəfdən isə dünyanın heç bir ölkəsində göründüyü kimi gender bərabərliyini tamlıqla təmin etmək olmaz. Bu məsələ özlüyündə daha çox sivilizasiyaların toqquşması prosesini də xatırladır. Yüz illər boyu iddia olunsa da heç bir şəkildə tam olaraq Şərq və Qərb sivilizasiyasının vəhdətini yaratmaq mümkün olmadı.Əksinə aydın oldu ki, bu qütblər bir-birinə nə qədər yaxınlaşırsa biri digərini daha çox təsir dairəsinə salmağa çalışır. Hazırda isə dünyada qütblərin toqquşması, islamafobiyanın açıq şəkildə ortaya çıxması deyilənləri təsdiqləyir. Bu baxımdan ekspertlər hesab edir ki, kişi və qadın bərabərliyindən söhbət gedəndə
məsələlərə,fərdi yanaşmalara daha çox üstünlük vermək vacibdir. Sadəcə olaraq bir detalı qəbul etmək lazımdır ki, kişilərə və qadınlara məhz cinslərinə görə elə təbii bölgülər də verilib ki, bunu pozmaq, sərhədləri aşmaq sadəcə mümkünsüzdür. Belə olan halda tək bir məsələ gündəmə gəlir- cinsindən asılı olmayaraq, maariflənmiş, siyasi və sosial aktivliyi olan istənilən kəs cəmiyyətin bərabərhüquqlu üzvü ola bilər.