XİN-in qurumunun saytı ASALA
terror qrupu tərəfindən dağıdıldı

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin rəsmi internet səhifəsi (http://www.aida.az/) fevralın 19-da kiberhücuma məruz qalıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə bildirib ki, saytın ön səhifəsində yerləşdirilmiş məlumatda bu kiber hücumun erməni terror təşkilatı olan ASALA-nın rəhbərlərindən biri olmuş terrorçu Monte Melkonyanın kiber qrupu tərəfindən törədildiyi qeyd olunub.
İnternet səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib.
Siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olan və cəbhədə törətdiyi təxribat əməlləri nəticəsində ardıcıl olaraq uğursuzluqla üzləşən Ermənistan bu cılız addımlarla, yəqin ki, özünə təsəlli tapmağa çalışır.
ASALA kimi terror təşkilatları vasitəsilə beynəlxalq terrorizmə dəstək verən Ermənistandan fərqli olaraq, AİDA dünyanın bir çox regionlarında humanitar nəcib missiya icra edir, ehtiyacı olan insanların həyat şəraitini yaxşılaşdırır və davamlı inkişafa, o cümlədən BMT-nin Minilliyin inkişaf məqsədlərinin qlobal səviyyədə həyata keçirilməsinə töhfə verir.