Eldar Namazovun
Eldar Namazovun "EL" Hərəkatı niyə dağıldı?

Məlum olduğu kimi, 2014-cü ilin fevralında "El" Hərəkatının sədri Eldar Namazov qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldığını və Təşkilat Komitəsinin sədri seçildiyini açıqlayıb.
E.Namazov qurultaya hazırlıq işləri aparılacağını, bu çərçivədə bölgələrdə nümayəndəliklərin işlərinin aktivləşəcəyini, qurultayda isə El Hərəkatının ictimai hərəkat, yaxud partiya kimi fəaliyyətini davam etdirməsi barədə qərar veriləcəyini bəyan etmişdi. 1 il ötsə də, "El" Hərəkatının qurultayından hələ də xəbər yoxdur. İş o yerə çatıb ki, bu qədər sorğu-suala cavab verə bilməyən Eldar Namazov başını götürüb ölkədən qaçıb. Hərdən-bir ölkəyə qayıdan Namazovun yan-yörəsindəki adamlar da artıq ondan uzaqlaşıblar.
"Unikal"ın məlumatına görə, "El" Hərəkatı İdarə Heyətinin sabiq üzvü, Milli Şuranın üzvü Rövşən Əhmədli bir sıra mətləblərə toxunub. O bildirib ki, belə bir hərəkat artıq mövcud deyil: "Milli Şura formatına keçiddən sonra artıq "El" Hərəkatı mahiyyətini itirdi. O vaxtdan sadəcə, "El" Hərəkatı yox oldu. Məncə, Eldar Namazov da 1 ildən çoxdur ki, Azərbaycanda deyil. Bu müddət ərzində aramızda telefon bağlantısı, əlaqə, görüş olmayıb, ona görə də belə düşünürəm". R.Əhmədli bildirib ki, olmayan bir Hərəkatın qurultayı da keçirilə bilməz. O, parlament seçkilərində Milli Şuranın xətti ilə seçkilərdə iştirak edəcəyini də istisna etməyib: "Milli Şuranın seçkilərlə bağlı bəyanatı olub, gələcəkdə də Milli Şura olaraq seçkilərlə bağlı fikrimizi bildirəcəyik".
Məsələylə bağlı "Unikal"a açıqlama verən tanınmış tərcüməçi-yazar, ictimait-siyasi fəal Nadir Qocabəyli müxalifət düşərgəsində bu cür halların mütəmadi baş verdiyini və artıq buna təəccüblənmədiyini deyib: "Bunu hərəkat yaradıb fəaliyyət göstərə bilməyənləri, biznez-planı olmadan firma, müəssisə, mağaza açıb sonra əlində əsir qalanlara bənzətmək olar. "EL" hərəkatı, prezident seçkiləri ərəfəsində Milli Şurada təmsil olunmaq, burada təmsil olunan digər siyasi qurumlarla rəqabətə girə bilmək məqsədilə yaradılmışdı. Milli Şuranın tamamilə iflasa uğrayıb, rüsvay olması, avtomatik olaraq EL-i də sıradan çıxardı. Bu hərəkat yarananda mən onu zarafatla Eldar hərəkatı adlandırmışdım. Amma bu gün ciddi şəkildə deyirəm ki, sırf Eldar Namazovun özünün siyasi ambisiyalarına hesablanmış növbəti uğursuz cəhdlərindən biriydi və aqibəti də göz qabağındadır. Ümumiyyətlə, xalqın iradəsini əks etdirməyən, onun maraqlarını ifadə etməyən, kimlərinsə şəxsi ambisiya və iddialarına hesablanan istənilən siyasi qurumu bu aqibət gözləyir".
"Unikal"ın əldə etdiyi məlumata görə, Eldar Namazov Leyla Yunus məsələsində özünə qarşı təhlükə gördüyü üçün son bir ildə ölkədə qalmır. Onun müalicə adı altında Avropada yaşadığını özü də gizlətmir. İllərdir heç bir yerdə işləməyən və özünün də dediyi kimi, gəliri olmayan bir adamın Avropada yüksək səviyyəli həyat sürməsi də sual doğurur. Deməli, həqiqətən də Eldar Namazov milli maraqlarımızı kimlərəsə satıb və bunun qarşılığında pul alıb. İndi də zibillərinin üstü açılmasın deyə, gözdən uzaq düşməyə çalışır. Bütün bu dövr ərzində isə özündən başqa heç kim qalmayan El hərəkatı da tamamilə məhv olub sıradan çıxdı. Yəqin ki, E.Namazov özü barədə təhlükə tamamilə aradan qalxandan sonra ölkəyə qayıdıb El Hərəkatının fəaliyyətini bərpa etməyə çalışacaq. Bunun baş tutmayacağını isə bəri başdan demək olar.
Qərib Gərayzadə