Sarkisyan hakimiyyəti üçün yeni təhlükə
Ekspertlər Ermənistan prezidentinin Tsarukyanın zərərsizləşdirilməsi üçün müxtəlif vasitələrdən istifadə edəcəyini deyir

Ermənistanda yeni daxili siyasi gərginlik özünü büruzə verməkdədir. Hakimiyyəti dönəmində özünə real rəqib hesab etdiyi siyasi fiqurları mərhələ-mərhələ zərərsizləşdirən Serj Sarkisyan indi də Tsarukyan "sürpirizi" ilə qarşılaşıb. "Firavan Ermənistan" Partiyasının sədri və Ermənistan parlamentinin üzvü olan Qagik Tsarukyan məlum Gümrü hadisələrindən sonra Sarkisyan üçün real təhlükə mənbəyinə çevrilməyə başlayıb (olaylar.az).
Elə bu səbəbdəndir ki, Sarkisyan qarşıdakı müddətdə daxildə əsas diqqəti Tsarukyanı zərərsizləşdirməyə yönəldib. Artıq bu prosesə start verildiyi də açıq şəkildə sezilməkdədir. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan hakim partiyanın qrup toplantısında bu prosesin başlandığına işarə etdi. Tsarukyan təhlükəsinin kifayət qədər ciddi olduğu Ermənistan prezidentinin fikirlərində də özünü göstərirdi. Belə ki, Sarkisyan siyasi rəqibini sıradan çıxarmaq üçün təhqirlərdən belə çəkinməyib. "Ermənistan sirk deyil, ölkəni bu kimi adamlardan təmizləyəcəyik" deyən Sarkisyan bu günə qədər Tsarukyanın əməllərinə göz yumduğunu, onunla yaxşı davrandığını vurğulayıb. Artıq yeni dövrün bağlandığını deyən Ermənistan prezidenti Tsarukyanı ölkə üçün bəla hesab edib.
Ekspertlər Ermənistan prezidentinin Tsarukyanın zərərsizləşdirilməsi üçün müxtəlif vasitələrdən istifadə edəcəyini deyir. İlkin mərhələdə "Firavan Ermənistan" Partiyasının sədri Ermənistan Milli Təhlükəsizlik Şurasının üzvlüyündən xaric ediləcək. Paralel olaraq Qagik Tsarukyanın deputat mandatının ləğv edilməsi də gündəmə gələcək. Buna əsas yaratmaq üçünsə Qagik Tsarukyana qarşı cinayət işi açılacaq. Onun vergidən yayınma, dövlət əmlakının mənimsəmə kimi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməsi mümkün hesab edilir.
Bildirilir ki, bir vaxtlar Serj Sarkisyanla yaxın olan Tsarukyanın hansı oyunlardan çıxdığı, vergidən yayındığı Ermənistan prezidentinə gün kimi aydındır. Cinayət məsuliyyətinə cəlb ediləcək Qagik Tsarukyanın bundan sonra asanlıqla deputat mandatı ləğv ediləcək. Hətta onu həbsi də mümkün variantlardan biri kimi səslənir.
Lakin proseslərin sürətlə cərəyan edəcəyi təqdirdə Serj Sarkisyanın rəqibini zərərsizləşdirə bilməyəcəyini söyləyənlər də var.
Birincisi, ona görə ki, Firəvan Ermənistan Partiyasının sədri erməni xalqı tərəfindən güclü dəstəyə malikdir. Onun bir qayda olaraq xalqın problemlərini dilə gətirməsi, ölkədə baş verən korrupsiya və rüşvətxorluq hallarında hakimiyyəti günahlandırması xalqın Tsarukyana olan etimadını bir qədər də artırıb. Bir vaxtlar Levon-Ter Petrosyanın və Raffi Hovhanisyan social bazası kimi bilinən kütlə də artıq Tsarukyanı dəstəkləyir. Buna səbəb olan amil isə adı çəkilən digər iki siyasinin artıq Ermənistanın siyasi həyatında aktiv mövqe nümayiş etdirməməsidir. Elə "Firavan Ermənistan" Partiyasının sədri də Petrosyan və Hovanisyan tərəfdarlarının onu dəstəklədiyini bildirib6 "Levon Ter-Petrosyan və Raffi Hovhanisyan, eləcə də bir sıra siyasi partiya liderləri ilə görüşdüm. Hamımız bu an vəziyyəti düzəltmək istiqamətində çalışmalıyıq. Onlar da bunun fərqindədirlər".
Qagik Tsarukyanın erməni xalqı, xüsusilə Qarabağ ermənilər arasında rəğbət qazanmasının bir səbəbi də onun Dağlıq Qarabağ probleminin həllinə Sarkisyandan fərqli yanaşmasıdır. Tsarukyan cəbhədə hər gün baş verən atışma nəticəsində erməni gənclərinin öldüyünü və bunun günahkarının hakimiyyət olduğunu söyləyib. Heç şübhəsiz ki, bu fakir də öz övladını Qarabağa döyüşə göndərmək istəməyən Qarabağ erməniləri tərəfindən xoş qarşılanıb. Tsarukyan "ticarət mafiyalaşıb, xarici ölkələrə köç artıb. Ölkədə qumarxanaların sayı çoxalıb" fikirləri ilə də xalqın yumşaq damarını tuta bilib.
Nəhayət, Qagik Tsarukyanın Rusiya və Qərbə yaxınlığı da onun Sarkisyanla mübarizəsində xeyrinə işləyən məqamlardandır. Hətta, rəsmi Moskvanın da Gümrü hadisələrindən sonra Serj Sarkisyanla yollarını ayırmağa meyilli olduğu və bu səbəbdən Ermənistanda yeni siyasi fiqur axtarışına çıxdığı bildirilir. Belə bir məqamda Qagik Tsarukyanın Kremlin maraqlarına xidmət edəcək ən yaxşı namizəd sayıla bilər. Çünki Gümrü hadisələri zamanı Tsarukyan təşkil edilən etiraz aksiyalarında məlum olaya görə Rusiyanı günahlandırmaqdan daha çox Sarkisyanı tənqid etməyə üstünlük verirdi.
Füzuli