Ölkəmizə gələn əməkçi miqrantların məlumatsızlığı onların hüquqlarının pozulmasına gətirib çıxardır
Ölkəmizə gələn əməkçi miqrantların məlumatsızlığı onların hüquqlarının pozulmasına gətirib çıxardır

Azər Allahverənov: "Xaricdən Azərbaycana iş adı ilə gətirilən qadınlar burda cinsi istismara məruz qalır"

İnsanlar öz vətənlərini təkcə kütləvi şəkildə müharibələr olduqda, təbii fəlakətlər zamanı tərk etmirlər. Digər vəziyyətlər də insanları öz vətənlərini nisbətən uzun müddətə tərk etməyə məcbur edir. Vaxtilə ölkəmizə, əsasən münaqişə zonalarından - Əfqanıstan, Çeçenistan və digər ərazilərdən gələnlər üstünlük təşkil etdiyi halda, indi miqrantların böyük hissəsi iş və ticarət dalınca təşrif buyuranlardan ibarətdir. Elə bil ki, miqrantların iş prinsipi də bölünüb.
Belə ki, Türkiyə vətəndaşları əsasən servis sahəsində,restoranlar, dönərxanalar və məişət yerlərində, Pakistan, Hindistan və Çindən olanlar isə başlıca olaraq ticarət mərkəzlərində çalışır. Əksər hallarda iş dalınca miqrasiya etmiş insanlar gəldikləri ölkənin dilini, mədəniyyətini, sosial-hüquqi strukturunu bilmirlər, yaxud zəif bilirlər. Onlar bir çox hallarda gəldikləri ölkədəki əmək haqqı sistemini, yaşayış standartlarından da xəbərsiz olurlar və nəticədə qazancları bir çox hallarda həmin ölkədə onların elementar ehtiyaclarını belə ödəmir. Onlar məskunlaşdıqları ölkənin qanunlarını bilmədikləri üçün öz hüquqlarını da bilmirlər və nəticədə hüquqları tapdalanır. Amma bu ən yaxşı halda xarici ölkəyə üz tutan əcnəbini gözləyən situasiyalardan biridir. Belə ki, əcnəbi iş üçün başqa ölkəyə gedərkən insan alverçilərinin tilovuna düşə, qurbana çevrilərək amansız istismara da məruz qoyula bilər.
Miqrasiya üzrə ekspert Azər Allahverənov da bu gün əməkçi miqrantların hüquqlarının qorunması,onların maarifləndirilməsi istiqamətində işlərin aparılmasına zərurət olduğunu söyləyir.
A. Allahverənovun sözlərinə görə, əməkçi miqrantlar bəzən öz hüquqlarını bilmədiklərindən uzun müddət işlədikdən sonra əmək haqlarını ala bilməyib öz vətənlərinə geri dönmək məcburiyyətində qalırlar. Məlumatlara görə, təkcə 2013-cü ildə Nazirlər Kabineti tərəfindən əmək miqrasiyası kvotası 12.000 nəfər müəyyən edilib. Həmin il ərzində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün 11.938 əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə iş icazələri verilib. Amma məlumdur ki, ölkəyə iş dalınca gələnlərin sayı kvotada göstərilən rəqəmdən xeyli yuxarıdır. Onların çoxu qeyri-qanuni olaraq ölkədə qalaraq qanunsuz əmək fəaliyyəti ilə məşğul olurlar. Elə Azər Allahverənov da, qeyri-qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olanların hüquqlarının pozulması hallarına daha çox rast gəlindiyini deyir. Ekspertin sözlərinə görə, onlar vasitəçilər tərəfindən ölkəyə işləmək üçün gətirildikdə bəzən miqrantlara əmək fəaliyyəti üçün rəsmi icazə alınmır. Belə halda mirqantın hüququnu qorumaq da çətin olur. Onlar qeyri-qanuni əsaslarla işlədiklərindən, bəzən haqları ödənilmədən işdən qovulur, öz ölkələrinə göndərilirlər: "Amma bu qeyri-qanuni əsasla ölkədə işləyən əməkçi miqrantın başına gələcək hadisədir. Belələri insan alveri qurbanına çevrilə bilərlər. Faktlar var ki, xaricdən Azərbaycana iş adı ilə gətirilən qadınlar burda cinsi istismara məruz qalıb. Bu barədə aidiyyatı qurumlar xəbər tutduqda təbii ki, onların hüquqlarının müdafiəsi istiqamətində tədbir görülür".
Eksepert belə halların qarşısını almaq üçün əməkçi miqrantların ölkədə əməkçi miqrantlarla bağlı tələbin, qanunvericilikdə nəzərdə tutulan hüquqları miqrantların bilməsinin vacib olduğunu söyləyir: "Bu işdə Dövlət Miqrasiya Xidməti əməkçi miqrantlara kömək edir. Hətta, Azərbaycanda istismar edilən əməkçi miqrant olarsa ona müvəqqəti sığınacaq verərək ölkəsinə göndərilir.
Elə Dövlət Miqrasiya Xidmətindən də ölkəyə iş dalınca gələn əməkçi miqrantların zəruri bilgilər barədə məlumatlı olmasının vacib olduğunu bildirdilər. Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə,əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasına dair tələblər var. Həmin tələblərdə bildirilir ki,
18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarının əsas şərtləri isə belədir: "İş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmaması. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
İşəgötürənlər işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır.
İş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etməlidir. İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin alınmasına görə dövlət rüsumu ödənilmədikdə, habelə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda, Dövlət Miqrasiya Xidməti iş icazəsini ləğv edir. Aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur: Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara; Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə; beynəlxalq təşkilatlarda işləyənlərə; beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə; kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına; Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara; dənizçilərə; ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə; incəsənət işçilərinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara; dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara; xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə; Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun; qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə; himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olanlara; Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir".