Azad Rəhimov Füzuli Ələkbərovun qurumuna "əl qoydu"
Azad Rəhimov Füzuli Ələkbərovun qurumuna "əl qoydu"

Sabiq nazirin federasiyasında sular durulmaq bilmir

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi Azərbaycan Cüdo Federasiyasında ara yenidən qarışıb. İş o yerə çatıb ki, bir neçə gün əvvəl cüdoçular etiraz aksiyası keçirməli olublar.

Bunun səbəbi idmançılar məvaciblərinin gecikməsindən və şəraitsizlikdən şikayətçi olmalarıdır. Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən cüdoçular federasiya rəhbərliyinin biganəliyindən, onlara qarşı diqqətsizliyindən və maaşların azlığından şikayətlənirdilər. Etiraz edənlər arasında beynəlxalq yarışların qalibi və mükafatçıları olmuş Nicat Şıxəlizadə, Elmar Qasımov, Elxan Məmmədov kimi tanınmış idmançılar da vardı.
Dünən isə "Federasiyamızda problem yoxdur" deyən ACF-nin baş katibi Elnur Camalxanov bildirib maaş probleminin olmadığını dedi: "Biz fevralın 24-dən idmançılara bu ayın əməkhaqlarını vermişik. Birinci onu deyim ki, federasiya və idmançılar vəhdət təşkil edir. Bunlar bir-birinin ayrılmaz hissəsidir. Kim nə deyib bilmirəm. Çünki həmin vaxt Bakıda olmamışam. Ümumiyyətlə xəbərim də yoxdur. Bunu kim deyib, hansı deyib, maraqlı bir şey deyil. İdmançılar heç burda olmayıblar, Düsseldorfda olublar. Oradan gəldikdən sonra pullarını alıblar. Cüdoçular özləri də etiraf etdilər ki, biz maaşların əvvəlcədən verildiyini bilməmişik".
Təlim-məşqlərin burada bərbad gündə keçirilməsi, cüdoçuların xaricə aparılmaması, hətta başqa ölkədə məşq keçə bilmək üçün idmançıların öz ciblərindən pul verməsindən də danışan E.Camalxanov bununla razılaşmayıb: "Birincisi təlim-məşqlər hamısı qaydasında gedir. Əgər buradakı işlər idmançının özünün tələbinə uyğun gəlmirsə, bu, başqa bir şeydir. İdmançının tələbi yüksək də ola bilər, aşağı da. Baş məşqçinin təyin etdiyi strategiya var. O strategiyaya uyğun da təlim-məşq həyata keçirilir. İdmançılarımız Düsseldorfdakı yarışdan sonra 10 gün orada məşqdə oldu".
Baş katib etiraz aksiyasında iştirak edən cüdoçuların nazirliyə çağırılmasını federasiyanın işi ilə əlaqələndirməyə çalışıb: "Biz nazirliyin bir tərkib hissəsiyik. Gündə 5 dəfə də nazirliyə toplaşa bilərik. Bunun bu məsələyə nə aidiyyatı var ki?"
"Niyə məhz etiraz edən idmançılar çağırılıb" sualına isə Füzuli Ələkbərovun federasiyasının rəsmisi belə cavab verib: "Yenə deyirəm nazirlikdə görüşlərimiz çox olur. Orada ola bilər ki, bu məsələyə də toxunulsun. Avropa oyunlarının cədvəlləri müzakirə ediləcək. Hansı işləri görməliyiksə, onlardan danışılacaq".
Etiraz aksiyasında iştirak edən cüdo üzrə Avropa və dünya çempionu Nicat Şıxəlizadə isə keçirdikləri etiraz aksiyasının problemlərin həllinə təsir etmədiyini deyib: "Hələ ortada bir şey yoxdur. Bəlkə bizi bu gün nazirliyə yığdılar. Bundan sonra görəcəyik nə olur?! Məsələdən nazir özü xəbər tutdu və bizi orada toplanmağa dəvət etdi".
Cüdoçu Nicat Şıxəlizadə olimpiya çempionu, hazırda federasiyanın vitse-prezidenti Elnur Məmmədlinin "Ola bilər, nədənsə narazıdırlar. Hazırlıq baxımından problem ola bilməz. İndi şəhərin mərkəzində gözəl bazamız var" sözlərinə isə belə münasibət bildirib: "O, artıq komandada olmadığı üçün hər şey başqa cürdür, indi hər şey dəyişib. Şəhərin mərkəzində gözəl baza nəyə deyilir, mən bunu bilmirəm".
Görünən odur ki, Fuzuli Ələkbərovun federasiyasının rəsmiləri hər nə qədər təkzib etsələr də, ortada dərin narazılıqlar həqiqətən mövcuddur. Bu narazılıqlar o səviyyəyə çatıb ki, hətta gənclər və idman naziri Azad Rəhimov məsələyə əl qoymaq, problemə müdaxilə etmək məcburiyyətində qalıb.
Belə olan təqdirdə fedarasiya yetkililərinin etirazları birmənalı şəkildə inkar etmək cəhdləri maraq doğurur. Əsas məqam isə ondan ibarətdir ki, sabiq nazirin federasiyası ilə bağlı söz-söhbətlər kəsilmək bilmədiyi halda Füzuli Ələkbərovun özü mətbuata çıxaraq, səsləndirilən iddia və ittihamlara münasibət bildirməyə ehtiyac görmür.
Şübhəsiz ki, bunun özü də kifayət qədər maraqlı məqamdır.

Ülviyyə Qasımlı