Lalə Şövkət mandat bazarlığına hazırlaşır
Lalə Şövkət mandat bazarlığına hazırlaşır

ALP lideri budəfəki seçkilərdə uğur qazanmaq üçün hakimiyyətə yarınmağa başlayıb

Məlum olduğu kimi, radikal müxalifət düşərgəsində deqradasiya prosesi gedir. Artıq liderlər uzun sürən məğlubiyyət sindromunda yaşamaqdan da beziblər. Ona görə də hazırkı status-kvonu dəyişmək üçün müxtəlif cəhdlər edilir.
"Unikal"ın məlumatına görə, Azərbaycan Liberal Partiyasının sədri (ALP) Əvəz Temurxan müxalifət partiyaları arasında son vaxtlar baş verən qarşıdurmalara münasibət bildirərkən deyib ki, bəzi müxalifət partiyaları daxilində yaşanan qarşıdurmaya görə təəssüf edirik. Onun sözlərinə görə, Liberal Partiyasının daxilində isə heç bir qarşıdurma yoxdur və digər partiyalarla da normal əlaqədədir: "Partiyanın lideri xanım Lalə Şövkət əvvəllər də müxalifət daxilində gərginliyin qarşısının alınması üçün çağırışlar edib. Lalə xanım vaxtilə müxalifət partiyalarının parçalanmaması üçün təşəbbüs göstərib. Təəssüf ki, onun istədiyi nəticə hələlik özünü göstərmir. Nə vaxtsa fürsət yaranarsa, Lalə xanım yenidən belə bir təşəbbüsdə olacaq. Lalə Şövkət həm müxalifət, həm də millət daxilində birliyin tərəfdarıdır. Ümummilli məsələlərdə belə, iqtidar-müxalifət birliyinin tərəfdarıdır".
ALP-nın sədri Əvəz Temirxan Lalə Şövkətin hazırda siyasi fəaliyyətdən kənarda qalmasının onun nədənsə çəkinməsindən irəli gəlmədiyini qeyd edib: "Lalə Şövkət heç nədən çəkinmir. Bu cür yanaşma doğru deyil. Lalə xanım strateji məsələlərə görə üzdədir. Məsələn, dünən Lalə Şövkətin iştirakı ilə bağlı ALP-da toplantı olub. Toplantıda çıxış edən Lalə Şövkət son günlərdə cəmiyyətdə baş verən hadisələrdən ciddi narazılığını dilə gətirib. Lalə xanım qiymətlərin artırılmasını, manatın bu səviyyədə aşağı düşməsini birmənalı şəkildə qəbul etmir. Lalə xanım deyib ki, öncə sosial baxımdan xalqı müdafiə etmək lazımdır. Sonra dolları azad buraxmaq lazım idi. Təəssüf ki, iqtidar bunu etmədi. Əslində süni şəkildə valyuta əldə etmək, nə vaxtsa onu azad buraxmağa məcbur olmaq demək idi. Çünki ölkənin valyuta ehtiyatları sonsuz deyil".
"Unikal"ın məlumatına görə, Lalə Şövkət hökumətin xeyrinə olan mövqedə dayanması səbəbsiz deyil. Belə ki, radikal müxalifət düşərgəsində təmsil olunanların hamısı hökumətin manatın məzənnəsi ilə bağlı qərarını pisləsə də, Lalə xanım dolların azad buraxmağın zamanı olduğunu vurğulamaqla özünü şirin satmağa çalışır. Bu barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, Lavlə Şövkət uzun müddətdən sonra ortaya çıxaraq konstruktiv mövqe sərgiləməsi qarşıdan gələn parlament seçkiləri ilə bağlıdır: "Lalə Şövkət gördü ki, ötən parlament seçkilərində mandatdan imtina etməsi yanlış qərardır. Bu səbəbdən də Lalə Şövkət növbəti parlament seçkilərində mandat almaq üçün yumşalmaq qərarına gəlib. İndi anlayır ki, hakimiyyətə qarşı haqsız ola-ola aqressiya ilə davranmaq ona heç nə verməyəcək. Bu səbəbdən də hakimiyyətin yumşaq damarını tutmağa çalışır ki, payızda keçiriləcək seçkidə ona yaşıl işıq yandırılsın".
Görünən odur ki, illərdir guya xalqın qayğıları barədə düşünən Lalə Şövkət çətinə düşən kimi öz maraqlarını güdməyə başlayır. Amma onun bu taktikasının nə qədər işə yarayacağını payızda görəcəyik.
Qərib Gərayzadə