Müxalifət daxilindəki gərginlik müzakirəyə çıxarıldı
Müxalifət daxilindəki gərginlik müzakirəyə çıxarıldı

Bir-birini qıran radikal müxalifət partiyalarının qarşılıqlı ittihamları cəmiyyət tərəfindən qəbul olunmur

Məlum olduğu kimi, uzun müddətdir radikal müxalifət düşərgəsinin təmsilçiləri bütün işlərini atıb daxildə müharibə aparırlar. Bir-birlərini satqınlıqda ittiham edən hakimiyyət əleyhdarlarının bu addımları cəmiyyət tərəfindən də mənfi qarşılanır.
"Unikal"ın məlumatına görə, Ağ Yol Vətəndaş Hərəkatının rəsmi feysbuk səhifəsində - 550 minlik eyni adlı qrupunda və tviter hesabında müxalifət partiyaları içərisindəki gərginlik və qopmalar müzakirəyə çıxarılıb. Qurumdan bildirilir ki, politoloq, AXCP sədrinin sabiq müavini Razi Nurullayevin AXCP sıralarından istefa verməsindən sonra Azərbaycan müxalifəti daha aydın çalarlarla görünməyə başlayıb. Hər kəsin intelekt sahibi və bir neçə avropa dillərini mükəmməl bilən şəxs kimi tanıdığı Razi Nurullayev susmadı və AXCP sədri Əli Kərimlinin timsalında müxalifətin bütün paxırını açıb tökdü. Buradan belə nəticə hasil oldu ki, müxalifət içərisində də qaranlıqla işığın, keçmişlə gələcəyin və xeyirlə şərin mübarizəsi gedir.
Aydın oldu ki, müxalifət liderləri üçün elə oturduqları müxalifət kreslosu daha önəmlidir. Beynəlxalq aləmdə az qala bütün Azərbaycan müxalifətinin sözçüsünə çevrilən Razi Nurullayevlə yolunu ayırmaqla Əli Kərimli hələ bundan sonra da hansı yolla olursa olsun, AXCP sədri kimi qalacağını bəyan etmiş oldu.
İndiyə kimi müxalifətlə yolunu ayıranların analizini aparan zaman məlum olur ki, onların ləkələnməsi bir mərkəzdən baş verib. Əli Kərimli ilə yolunu ayıranlara "satqın" damğası vurulub. Ancaq, artıq siyasi səhnədə də kifayət qədər durulaşma olub. Xalq doğurdan da köhnə simalardan bezib və yenilik axtarışındadır. Yeniliyə uyuşmayan köhnələr isə özlərini siyasi səhnədə saxlamaq üçün yenilik tərəfdarlarını sıradan çıxarmaq yolunu tuturlar. Amma, unutmaq olmaz ki, zəka sahiblərini susdurmaq çox çətindir.İntellektlə nadanlığın vuruşunda hər zaman zəka qalib olub.
Məsələ burasındadır ki, müxalifət apardığı siyasi mübarizədə heç bir yenilik etmir. Danışmağa və tənqidə üstünlük verən müxalifət xalq tərəfindən qınanır. Çünki, onlar nə yeni proqram təqdim edirlər, nə də yeni yanaşma. Bütün sivil ölkələrdə müxalifət xalqa proqramını açıqlayır və görəcəyi işlərə xalqdan dəstək istəyir. Azərbaycan müxalifətinin böyük bir hissəsi isə ümumi sözçülüklə məşğul olur. Bunun da nəticəsində, xalqın etimadını qazana bilmir.
Vacib olan məsələlərdən biri də siyasi mədəniyyətin olmamasıdır. Siyasi istefa mədəniyyətinin olmaması, müxalifət daxilində avtoritarizmə və diktatura tipli idarəetməyə gətirib çıxarır. Elə Razi Nurullayevin istefasından sonra yaydığı bəyənatda da bu bariz şəkildə ifadə olunmuşdu. Əgər siyasi partiyada üzvlərin karyera inkişafı mümkün görünmürsə, demək ki, o siyasi təşkilat inkişaf edə bilməz. Üzvlərin maraqları təmin olunmayan təşkilat sonunda ya məhvə, ya da radikal dəyişikliyə məhkumdur. Bu zaman isə ağrılı proseslər baş verir. Elə Razi Nurullayevin istefası ilə də müxalifətdə ciddi təlatümlər yaşandı. Son zamanlar baş verən siyasi hadisələri analiz edərək belə nəticəyə gəlmək olar ki, doğurdan da Azərbaycan müxalifətində keyfiyyət dəyişikliyi baş verməlidir. Köhnə təfəkkür, yeni təfəkkürlə əvəzlənməlidir. Əks halda, xalqla siyasət arasında olan uçurum daha da dərinləşəcəkdir.
Nəzərə çatdıraq ki, müzakirəyə qoşulanların əksəriyyəti müxalifətin artıq bitdiyini, heç bir perspektivi olmayacağını vurğulayıblar. Bu da onu göstərir ki, artıq radikal düşərgənin cəmiyyətdə heç bir nüfuzu qalmayıb.
Qərib Gərayzadə