Milli Şuranın mitinqi boykot edildi
Milli Şuranın mitinqi boykot edildi

Xəbər verildiyi kimi, Milli Şura 15 mart tarixinə mitinq təyin edib. Radikal müxalifətin yenidən aktivləşməsinə zəmin yaradan manatın məzənnəsinin aşağı düşməsi Milli Şuranı, xüsusən də AXCP-ni qarışıqlıq, qarşıdurma mühiti yaratmağa sövq edib.

"Unikal" qəzeti olaraq Milli Şuranın planlaşdırdığı aksiyaya digər siyasi partiyaların dəstək verib-verməyəcəyi məsələsi ilə maraqlandıq. Bununla bağlı bir neçə siyasi partiya rəhbəri ilə söhbətləşdik. Mövzu ilə bağlı fərqli mövqelər səslənsə də, hakim fikir ondan ibarət oldu ki, Milli Şuranın mitinqinə nə cəmiyyətdən, nə də müxalifət düşərgəsindən dəstək verən olmayacaq.
Məsələylə bağlı fiikrlərini "Unikal"la bölüşən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Milli Şuranın mitinqini dəstəkləmədiklərini bildirib: "Bizim həm xarici siyasətdə, həm də daxili məsələlərə yanaşmada Milli Şura ilə çox böyük fikir ayırılığımız mövcuddur. Ona görə də indiyədək bu qurumla Ədalət partiyası arasında hər hansı yaxınlaşma, əməkdaşlıq olmayıb. Biz hadisələrə milli maraqlar prizmasından, elmi və dövlətçilik nöqteyi-nəzərdən yanaşmağın, münasibətləri əxlaq normaları çərçivəsində qurmağın tərəfdarıyıq. Ölkənin və cəmiyyətin problemlərinə, kütləvi aksiyalara yanaşmağımız da belədir. Biz bir partiya olaraq qərar qəbul etmişik ki, yalnız özümüzün təşkilatçılığında iştirak etdiyimiz aksiyalara qoşulaq. Milli Şuranın təşkil etməyə çalışdığı bu mitinqdə biz təşkilatçılar sırasına daxil olmadığımıza görə orada iştirak edə bilmərik".
Ədalət yetkilisi onu da nəzərə çatdırıb ki, hər bir kütləvi aksiya sosial sifariş əsasında keçirilməlidir. Onun sözlərinə görə, hətta mövcud ciddi problemlərdən müxalifət özünə divident yığmağa çalışsa, inanıram ki, cəmiyyət onlara dəstək verməyəcək: "Qiymətlərin qalxması məsələsinə də obyektiv yanaşma olmalıdır. Hər şeyi qara rəngdə görmək düzgün deyil, opponentlərə qarşı mübarizədə də həqiqəti demək lazımdır. Ümumiyyətlə, müxalifətin təşkil etdiyi mitinqlərlə bağlı ictimaiyyət kifayət qədər məlumatlandırılmır. Onlarda aksiyalarla bağlı düzgün münasibət formalaşdırıla bilmir. Nəticədə insanlar belə başa düşürlər ki, mitinqlər siyasi partiyalara lazım olduğu üçün keçirilir və mütəşəkkillik alınmır. Ona görə də indi kütləvi aksiyalarla nəyəsə təsir etmək mümkünlüyünə inanmıram".
"Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, artıq sözügedən qurumun adını çəkib reklam eləmək istəmir. Onun sözlərinə görə, artıq belə bir qurum yoxdur, çoxdan parçalanıb yox olub: "Artıq hər kəs bu adamların hansı yuvanın quşu olduğunu bilir. Çunki hər dəfə ölkədə bir balaca qarışıqlıq yaratmaq imkanları yarananda əllərindən gələni edirlər. Bilirik ki, bu qüvvələr xaricdəki havadarlarının tapşırığı ilə oturub-dururlar. Görünür, sifariş gəlib ki, hərəkətə keçmək lazımdır, ona görə də mitinq təyin edib qarşıdurma yaratmağa çalışırlar. Biz də mitinq keçirməyi planlaşdırırıq. Amma hər şeydən öncə milli maraqlarımızı qorumaqdır. Partiya qarşıdan gələn Parlament seckilərində iştirakı ilə baglı qərarlar qəbul edib. Rayon təşkilatlarının verdiyi məlumatlar dinlənilib. İdarə heyətinin iclasında yaxın vaxtlarda kütləvi aksiyalara başlamaq ücün hazırlıqla baglı Partiyanın mitinq komitəsinə xüsusi səlahiyyət verib. Partiyanın tərkibində yaradılmış təbligat- təşviqat qruplarının işinin davam etdirilməsi və həmin qruplara əlavə yeni simalar cəlb edilməsi qərara alınıb. Mitinq komitəsinin işini gücləndirmək ücün partiyanın qadın və gənclər təşkilatlarının sədrləri ilə birgə işləmək barədə qərar qəbul edilib. Bu, bizim görmək istədiyimiz işlərdir, amma radikal müxalifət qüvvələr isə ölkəni qarışdırmaq istəyirlər".
VİP sədri Əli Əliyev Milli Şuranın məlum aksiyasına dəstək verməyəcəklərini bildirsə də, adıçəkilən qurumun vətəndaşları narahat edən problemə diqqət çəkməsinin təqdirəlayiq olduğunu vurğuladı:
"Bizim mitinq təyin etmiş bu qurumların tədbirinə qatılmaq niyyətimiz yoxdur. Onlar konstitusiya çərçivəsində istənilən tədbir keçirmək səlahiyyətinə malikdirlər. Alqışlanası haldır ki, onlar hazırda cəmiyyətin maliyyə problemləri ilə bağlı vəziyyətə diqqət çəkirlər. Bu, həmin qurumların öz siyasi gedişləridir və bunun məsuliyyəti də onlara məxsusdur. Biz "Azadlıq-2015" seçki blokundayıq. Bütün tədbirlərimiz həmin çərçivədə keçirilir. Hazırda seçki institutlarının formalaşması ilə bağlı işlərə diqqət yetiririk.İstisna deyil ki, hansısa kütləvi aksiyaya da start verilsin. Lakin hələ ki, bununla bağlı hər hansı qərarımız yoxdur".
Qərib Gərayzadə